ARAŞDIRMA

Hit : 125

Yük maşınlarının soyuducularında donan, gəmilərdə boğulan miqrantlar

Yük maşınlarının soyuducularında donan, gəmilərdə boğulan miqrantlar

12:41, 28.10.2019

Dünya Avropada firavan həyat naminə dünyası qaralan miqrantların hekayələrini göz yaşı ilə oxuyur - miqrant problemi böyüyür...

İngiltərənin Esseks bölgəsində bir yük maşınının içində tapılan meyitlərin şəxsiyyəti ilə bağlı araşdırmalar davam edərkən, qurbanların çoxunun İngiltərəyə qaçaq yollarla girməyə çalışan vyetnamlılar olduğu üzə çıxıb. “Yeni Müsavat” BBC-Türkcəyə istinadən xəbər verir ki, mütəxəssislər vyetnamlı ailələrin Rusiya üzərindən Avropaya keçə bilmək üçün insan qaçaqçılarına on minlərlə dollar ödədiyini deyir.

 

Avropa Birliyinə (AB) insan qaçaqçılığı ilə bağlı məsləhətçilik edən Londonun keçmiş təhlükəsizlik işçisi Bernie Gravett deyib ki, vyetnamlılar çinlilərlə müqayisədə Avropaya Orta Asiya yox, Rusiya vasitəsilə keçiblər. Yük maşınındakı qurbanların öncə Çin vətəndaşı olduqları düşünülürdü. Amma vyetnamlı ailələrin verdikləri itkin düşmə elanları ilə paylaşdıqları mesajlar yük maşının tapıldığı tarix və digər göstəricilərlə üst-üstə düşür.

 

miqrantlar ile ilgili görsel sonucu

 

Gravett “çinlilər əsasən Əfqanıstan, Qazaxıstan, Türkmənistan vasitəsilə Türkiyəyə, oradan da Balkan xəttiylə Avropaya keçir” deyib. Gravett vyetnamlılar üçün də aşağıdakıları deyib: “Vyetnamlılarda vəziyyət fərqlidir. Onlar əsasən cənub xəttindən Avropaya çatırlar. Daha öncə mənim maraqlandığım qurbanlar Moskvaya uçmuşdu, oradan da quru vasitəsilə Avropanın cənubuna keçirlər. Avropaya çatdıqları zaman Avropa qeydiyyatlı, nömrəli yük maşınları və avropalı sürücülərlə gəlirlər. Beləliklə də yolda saxlanılma ehtimalları da az olur”.

 

Gravett yaxınlarını Avropaya göndərmək istəyənlərin insan qaçaqçısı qruplarına on minlərlə dollar ödədiklərini bildirib və “Vyetnamda 20-30 min dollar, Çində 40-50 min dollar ödənir” deyib. Vyetnamın Yen Thanh bölgəsindəki bir kilsədə rahib olan Antoni Danq Huu Esseksdə yerləşən yük maşınının içindəkilərin bəzilərinin Avropaya səyahət edən 100-dən artıq insanlar arasından adlar olduğunu deyib.

 

“Avropalı sürücülərlə yoxlamaya tuş gəlmirlər”

 

BBC-yə açıqlama verən Huu Nam isə deyib ki, bəzi qaynaqların danışdığına görə, həddən artıq çox insan gedib: “100-dən artıq insan yeni bir həyat üçün yola çıxmışdı, amma 39-u öldü. Bu faciəvi səfərdə ölənlərin bəzi yaxınları ölümləri təsdiqləyib”.

 

miqrantlar ile ilgili görsel sonucu

 

Gravettə görə, yük maşınlarında meyitləri tapılanların şəxsiyyətlərinin müəyyən edilməsi çətindir. Çünki bir çoxunun üstündə saxta pasportlar olur. Gravett deyib: “Ailələr üçün çox önəmli bir məsələdir. Çünki minlərlə olmasa da, yüzlərlə insan hazırda bu səfəri həyata keçirir. Vyetnamda bizə müraciət edib, yaxınlarının itdiyini deyənlər var. Amma aralarından bəziləri başqa yük maşınlarında ola bilərlər”.

 

Gravett hər həftə bu tip yük maşınlarının sərhədi keçdiyni və bir çoxunun yoxlamadan keçmədən sərhədi keçdiyini söyləyib. O, “Qurbanlara əsasən saxta sənədlər verilir. Məsələn, çinlilərə əsasən Koreya pasportu və ya gəldikləri ölkələrə görə fərqli sənədlər verilir. Amma əsasən heç bir sənədləri olmur və İngiltərəyə gəldikləri zaman ölkələri ilə bağlı sənədlər hazırlanır” deyib.

 

Esseks bölgəsində içində 39 cəsəd olan yük maşınları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı da şənbə günündən etibarən beş nəfər olub.

 

Pham Thi Tra My ile ilgili görsel sonucu

 

“Ölürəm, nəfəs ala bilmirəm”

 

26 yaşlı vyetnamlı Pham Thi Tra My da həmin o yük maşınlarında öldürüldüyü təxmin edilənlərdən biridir. Pham Thi Tra My çərşənbə axşamı günü ailəsinə cib telefonundan yolladığı mesajlarda nəfəs ala bilmədiyini demişdi. Tra My mesajında “Ana, ata, xaricə çıxışım uğursuzluqla nəticələndiyi üçün çox kədərliyəm. Ölürəm, nəfəs ala bilmirəm. Ana, ata, sizi çox sevirəm. Çox kədərliyəm, ana” yazdı.

 

BBC-yə açıqlama verən Tra Mynun qardaşı Pham Ngoc Tuan deyib ki, bacısından o gündən sonra heç xəbər alına bilməyib: “Bacımın öz ailəsinin yanına qayıtması üçün ingilis polisinin istintaqa kömək etməsini istəyirəm”.

 

Vyetnamlı 20 yaşındakı Nguyen Dinh Luongun da 39 qurbandan biri olduğu düşünülür. İngiltərədə vyetnamlıları təmsil edən VietHome adlı təşkilatdan da açıqlanıb ki, yük maşınının tapıldığı gündən bu günə qədər təxminən 20 nəfərin itməsi ilə bağlı şəkillər fakt kimi ortaya çıxıb.

 

Xatırladaq ki, 39 nəfər soyuducuda, 25 dərəcə şaxtada aparılıb və bu zaman onların qışqırıqlarını heç kim eşitməyib. Onların hamısı Çin vətəndaşı olub. Məsələyə Çinin Böyük Britaniyadakı səfirliyi də qarışıb. Məlumatlara görə, aralarında bir uşaq da olan 39 miqrant yük maşınının konteynerində Belçikadan İngiltərəyə keçməyə çalışıb.

 

25 yaşlı irlandiyalı sürücü Moris Robinson Temza çayı üzərindən keçərək Pyorflitə çatıb. Bu zaman o, yük yerində insanların öldüyünü görüb və polisə xəbər verib. Hadisə yerinə gələn polis sürücünü həbs edib. Hazırda onun qanunsuz miqrasiya ilə bağlı qruplaşmanın üzvü olub-olmadığı araşdırılır.

 

miqrantlar ile ilgili görsel sonucu

 

İngiltərənin Esseks qraflığında qoşqusunda 39 miqrant cəsədi tapılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub. Yük avtomobilinin sürücüsü 25 yaşlı Maurice Mo  Robinsondur. O, Britaniya tarixində ilk dəfə olaraq, bu qədər insan ölümündə təqsirkar bilinir. Əslən Şimali İrlandiyadan olan Robinson qoşqunu Belçikada yük avtomobilinə bağlayıb. Deyilənə görə, o, bilmədən qoşqunun soyutma sistemini qoşduğu üçün miqrantlar mənfi 25 dərəcə temperatura dözməyərək ölüblər.

 

Qeyd edək ki, sözügedən qoşqu ərzaq daşıması üçün nəzərdə tutulub və ərzaqların xarab olmaması üçün içərisində soyuducu sistem mövcuddur.

 

Bu miqrantları isə yolda saxlayıblar

 

Türkiyənin İzmir vilayətində hava ilə doldurulmuş iki qayıqla Egey dənizinə keçmək istəyən 138 qanunsuz miqrant saxlanılıb. Miqrantların olduğu rezin qayıqlar sahil mühafizəsi qüvvələri tərəfindən aşkarlanıb. Saxlanılanlar Suriya və Fələstin sakinləridir. Qanunsuz miqrantlar müvafiq prosedurdan sonra Miqrasiya Xidmətinin regional idarəsinə aparılıblar.

 

Türkiyənin Yunanıstanla sərhədyanı Meriç rayonunda jandarma əməkdaşlarının aşkar etdiyi 22 miqrant Ədirnə vilayətinin xəstəxanalarına yerləşdirilmişdir. Bu barədə “Anadolu” agentliyi xəbər verib.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Əfqanıstan, Pakistan və Şri-Lankadan olan bir qrup yaralı miqrant Kadıdondurma kəndinin yaxınlığında tapılıb. Dindirilmə zamanı məlum olub ki, miqrantları daşıyan avtobus Yunanıstan polisinin çağırışına məhəl qoymayıb və polis nəqliyyat vasitəsinə atəş açıb. Nəticədə avtobus yoldan çıxaraq aşıb. Yaralılar zorla katerə mindirilib və sərhədyanı Meriç çayı ilə Türkiyə ərazisinə göndərilib.

 

Zərərçəkənlərdən biri, 17 yaşlı Abdulvahab Nasiri bildirib ki, miqrantlar Serbiyaya getmək üçün hərəyə 3 min avro müqabilində insan alverçiləri ilə sövdələşmişdilər. Avtobus atəşə tutularkən 12 və 63 yaşlı iki miqrant həlak olub. Göstərilən tibbi yardıma görə Türkiyə tərəfinə təşəkkürünü bildirən Nasiri deyib: “Biz 45 nəfər idik. Serbiyadan Almaniyaya keçməyi planlaşdırırdıq. Lakin bizi Türkiyə ilə sərhədə gətirərək zorla katerə mindirdilər”.

 

Aralıq dənizində 5 ildə 18 mindən çox miqrant ölüb

 

BMT-nin Qaçqınlar Agentliy Avropa İttifaqına üzv ölkələri axtarış və xilasetmə işlərini yenidən bərpa etməyə və gəmilərin dənizdə xilasetmə işlərində rolunun kritik olduğunu tanımağa çağırıb. BMT-nin sözçüsü Qaçqınlar üzrə Ali Komissarlığın sədri Çarli Yaksli bildirib: “Bu il Aralıq dənizində 1000-dən çox miqrant və qaçqın həyatını itirib. Bu qaranlıq dövr 6-cı ildir davam edir. Aralıq dənizində faciənin davam etməsinə icazə verilməməlidir”.

 

Dövlət xəbər agentliyinin verdiyi məlumata görə, beş miqrantın cəsədi bazar ertəsi Mərakeşin Atlantik sahillərindəki Kasablanka yaxınlığında tapılıb.

 

Avropa Birliyi 2016-cı ildə Ankara ilə Türkiyədən Yunanıstana qaçqın və miqrant axının qarşısının alınması ilə bağlı razılıq əldə etmişdi. BMT-nin Qaçqınlar Agentliyinin açıqladığı məlumata görə, əsasən Liviya və Şimali Afrikadan olmaqla, miqrantların sayı 2015-ci ildən bəri 1 milyondan çox idisə, bu il 78 minə düşüb.

 

“Əlbəttə, Aralıq dənizini keçməyə çalışanların sayı daha azdır. Bu, yolun özünün daha təhlükəli olduğuna işarədir”, -  BMT-nin Qaçqınlar Agentliyinin nümayəndəsi Liz Trossel Reuters agentliyinə bildirib. Həm Qaçqınlar Agentliyinin, həm də Beynəlxalq Miqrasiya Təşkilatının saytında açıqlanan rəqəmlərə görə, 2014-cü ildən bəri Aralıq dənizində 18 mindən çox insan həyatını itirib.

 

Onları heç kim istəmir - Yunanıstanda etiraz

 

Bu günlərdə isə Yunanıstanda miqrant axınına etiraz edən yerli əhali küçələrə axışıb. Salonikidən 60 kilometr məsafədə yerləşən Vrasna sakinləri 200 miqrantın yerləşdirildiyi otelin qarşısını bağlayıblar. Sakinlər yolları bağlayır, miqrantların buraya daxil olmasına etiraz edir, polisin fəaliyyətinə maneə yaradırlar. Polislər miqrantların bəzilərini Xalkidikiyə göndəriblər. Etirazlar zamanı xəsarət alan olmayıb.

 

Qaçqın düşərgələrində yerlər dolduğu üçün hökumət miqrantları otellərdə və evlərdə yerləşdirməyə çalışır. Amma yerli əhali bu qərara etiraz edərək miqrantların axınına qarşı çıxır.

 

Onları aldadan dələduzlar

 

Almaniyanın üç federal əyalətində tikinti şirkəti adı altında fəaliyyət göstərən bir qrup tərəfindən təsis edilmiş təşkilat miqrantlar üçün qanunsuz “paket” təklif etməklə məşğul imiş. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, bir necə gün əvvəl federal polis bu işdə günahkar bilinən üç əsas şübhəlini saxlayıb. 4 sentyabr 2019-cu il tarixində - çərşənbə günü hüquq-mühafizə orqanları Bremen, Nürnberq və Aşağı Saksoniyada eyni vaxtda kütləvi reyd və axtarış tədbirləri keçiriblər.

 

Əməliyyat zamanı 600-dən çox polis əməkdaşı 25 obyektdə - yaşayış mənzillərində və ofislərdə axtarış aparıb. Federal polis rəisinin sözlərinə görə, əməliyyat Şimali Makedoniyadan olan bir ailə tərəfindən yaradılmış və Albaniyadan Almaniyaya çoxlu sayda qanunsuz miqrant daşımaqla məşğul olan cinayətkar dəstənin zərərsizləşdirilməsinə yönəlib. Cinayətkar qrupda idarəetmə demək olar ki, nağıllardakı kimi olub. 68 yaşlı ata və üç oğlunun (31, 34 və 37 yaş) “qərargahı” Bremen şəhərində olub. Axtarış aparan polis əməkdaşları orada çoxlu sayda saxta Yunanıstan pasportu və sürücülük vəsiqələri, habelə külli miqdarda pul aşkar edərək götürüblər.

 

Bu şirkətin əhatə dairəsi əslində kifayət qədər geniş olaraq, tikinti sektorundan tutmuş daşınmaz əmlak bürosu və təmizlik xidmətlərinə qədər böyüyüb. Bu imkan makedoniyalılara potensial miqrantlara hərtərəfli xidmətlər göstərməyə imkan yaradıb. Onlar saxta sənədlərlə yanaşı, miqrantları dərhal yaşayış və hətta iş yerləri ilə təmin ediblər. Plan çoxmərhələli olmaqla məharətlə icra edilib. “Saxta” pasportlar o qədər keyfiyyətlə çap olunub ki, Almaniyanın miqrasiya xidmətinin əməkdaşları belə onu fərqləndirə bilməyiblər.

 

Yeni təqdim olunan sənədlər albanları Avropa Birliyi vətəndaşlarına - yunanlara və ya italyanlara “çevirib”. Buna görə alman məmurları ziyarətçilərə mübahisəsiz qeydiyyat şəhadətnamələri veriblər. Miqrantlar şübhəli görünməsinlər deyə, dərhal kirayə müqaviləsi bağlayıblar. Albanlar cinayətkar qrupa hər ay 300-500 avro ödəyiblər. Sənədləşmə başa çatandan sonra onlar bütün Avropada işləmək hüququ əldə ediblər.

 

Yeri gəlmişkən, miqrantlardan qara işlərdə daha çox istifadə olunub. Müstəntiqlər müəyyən ediblər ki, gətirilənlər əsasən “nağıl ailə” üçün - inşaatda, anbarlarda yükləyici, təmizləyici kimi işləyiblər - əlbəttə ki, qanunsuz şəkildə. Bu iş üzrə əməliyyat axtarış tədbirləri 2017-ci ildən başlayıb və hələ də davam edir. Bu müddət ərzində polis bu bölgələrdə 70-dən çox qanunsuz miqrasiya faktı aşkar edib. Saxlanılan üç rəhbərdən əlavə, müstəntiqlər sənədləri saxtalaşdırmaqda ittiham olunan daha beş nəfərə də qarşı cinayət işi açıblar.

/“Yeni Müsavat”/

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər