MÖVQE

Hit : 161

Yersiz mərdliyin fəsadları – Düşmənlə onun öz “dilində” danışmaq lazımdır

Yersiz mərdliyin fəsadları – Düşmənlə onun öz “dilində” danışmaq lazımdır

12:51, 15.08.2019

Düşmənlə yumşaq, humanistcəsinə davranmaqla dünya siyasətini, taleyini həll edən, müəyyənləşdirən supergüclərin rəğbətini qazana bilmişikmi?

Xəbər verildiyi kimi, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Nikol Paşinyanın, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi məlum bəyanatı bir daha təkrarlayıb. Azərbaycanın Xarici İşlər Nazirliyi də Paşinyana ünvanladığı cavabın eynisini Mnatsakanyana verib.

 

Xatırladaq ki, nazirliyin mətbuat katibliyi məsələyə “Bu cür fikirlər əslində Mnatsakanyanı beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır... Həqiqətən də belə məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir... Halva-halva deməklə ağız şirin olmaz!” kimi münasibət sərgiləyib.

 

Çox təəssüf... Təəssüf ki, 30 ilə yaxındır torpaqlarımızı işğal altında saxlayan və bu illər ərzində mövqeyini hələ də dəyişməyən Ermənistanla onun öz “dilində” danışmaq əvəzinə, sanki münaqişə yenicə başlayıbmış kimi cavab verilir.

 

Əvvəla Mnatsakanyanın, “qarşısında pis vəziyyətə düşdüyü” beynəlxalq birliyin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, ümumiyyətlə bu qurumun münaqişə ilə bağlı məlum mövqeyi hamımıza, o cümlədən Xarici İşlər Nazirliyinə də bəllidir. Bunu başa düşmək üçün yalnız ibtidai təhsil almaq və problemin 30 ildir həll edilmədiyini xatırlamaq kifayətdir.

 

Əcəba, bəs nədən düşmənin qəddarlığına və aqressivliyinə qarşı bu qədər həlim, yumşaq davranırıq? Nakişilərə kişilik, namərdlərə mərdlik nümunəsi göstərməyimiz, pisliyi yaxşılıqla cavablandırmağımız bu 30 ildə bizə nə qazandırıb? Düşmənlə yumşaq davranmaqla dünya siyasətini, taleyini həll edən, müəyyənləşdirən supergüclərin rəğbətini qazana bilmişikmi? Sorub apardıqları neftimiz Qarabağ məsələsində bizə hansısa fövqəlgücün ciddi və həlledici dəstəyini qazandırıbmı?

 

Xeyr. belə bir təcrübə yoxdur, olmayıb. Əksinə, əvəzində təqib və təzyiqlərə, təcavüzə məruz qalmışıq, təcavüzkara dəstək nümayişi görmüşük. Zaman-zaman göstərdiymiz yaxşılıqlar, “yamanlığa yaxşılıq edən ər kişi” olmağımız həmişə əleyhimizə işləyib. Elə indi də işləməkdədir. Kişiliyi fikirləşməyən erməni isə həmişə yurdumuzda at oynadıb, dana otarıb. Torpaqlarımız da məhz belə “mərdliyin”, “kişiliyin” güdazına gedib. Ona görə də düşmənlə ona heç bir təsir edə bilməyəcək yumşaq sözlərlə yox, onun öz “dilində” danışmaq, özü kimi rəftar etmək lazımdır. Həqiqətən də necə deyərlər, halva-halva deməklə ağız şirin olmaz.

/İslaminSesi/

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər