MÖVQE

Hit : 1051

Yaxın Şərqlə bağlı sülh planı – “Sülh niqabı altında gizlədilmiş çopur sifətlər”

Yaxın Şərqlə bağlı sülh planı – “Sülh niqabı altında gizlədilmiş çopur sifətlər”

14:29, 25.04.2019

Hacı İlham Əliyev: “Onların riyakarcasına yürütdükləri ikiüzlü siyasət də iflasa uğrayacaq, çopur sifətlərini sülh niqabi altında gizlədə bilməyəcəklər”

 

Bu yaxınlarda Amerika Birləşmiş Ştatları özünün Yaxın Şərqlə bağlı sülh planını bəyan edəcəyini açıqlayıb. Özü də Ramazan bayramından sonra. Bu barədə ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner məlumat yayıb. Kuşner eyni zamanda Yaxın Şərqdə sülh planının 2019-cu ilin əvvəlində təqdim edilməli olduğunu, ancaq İsraildə növbədənkənar seçkilərin keçirilməsi səbəbindən təxirə salındığını bildirib.

 

Maraqlıdır, həmişə dünyanın gözü qarşısında Yaxın Şərq regionunda açıq-aşkar hegemonçuluq və işğalçılıq siyasəti aparan, bölgə ölkələrinin müstəqilliyini əllərindən almağa çalışan Birləşmiş Ştatların sülh planı nədən ibarətdir? Ümumiyyətlə söhbət sülhdən, yoxsa bu pərdə altında bölgəni tam əsarətdə saxlamaqdan gedir?

 

Məsələ ilə bağlı “İslamınSesi”nə danışan Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyev ilk öncə Yaxın və Orta Şərqin həmişə ABŞ-ın xarici strategiyasında vacib prioritetlərdən biri olduğunu xatırlatdı. Və dedi ki, Vaşinqton üçün bu region yalnız neft və qaz resursları ilə zəngin ərazi deyil, həm də Birləşmiş Ştatların əsas silahı olan və özünün yaratdığı ekstremist, terrorçu qüvvələrin cəmləşdiyi ərazidir.

 

Hacı İlhamın qənaətinə görə, ABŞ-ın bəyan etməyə hazırlaşdığı “sülh planı” Yaxın Şərqdəki məlum işğalçılıq siyasətinin yeni mərhələsidir və həqiqətdə "B" planı kimi qəbul edilməlidir: “Birləşmiş Ştatlar xüsusilə son 15-20 ildə region ölkələrində vətəndaş müharibəsi yaratmaqla, necə deyərlər, qardaşı qardaşa vurdurub, müsəlmanın qanını onun öz əli ilə töküb. Və bununla dünyaya ağalıq etmək iddiasını geçəkləşdirməyə çalışıb, cəmiyyətləri, əhalini təhdid edib ki, bizim çətirimiz altına keçməsəniz Əfqanıstan, Suriya, İraq və digərlərinin acınacaqlı həyatını yaşamalı olacaqsınız. İnsanları ən müxtəlif yollarla inandırmağa çalışıb ki, əmniyyəti yalnız bizim çətirimiz altında əldə etmək mümkündür.

Bilirsiniz, son 20 ildə strateji baxımdan vacib olan Yaxın Şərqdə cərəyan edən hadisələr daha çox SSRİ-nin parçalanmasından sonra dünyada gedən geopolitik dəyişikliyin nəticəsidir. Şübhəsiz ki, ABŞ-ın hakim dairələri qeyd olunan bu dövrdən məharətlə istifadə etməyə çalışıblar. Məqsəd isə SSRİ-dən sonra məhz özünün yeganə superdövlət olacağını, dünya idarəçiliyinin tək ona məxsusluğunu bəşəriyyətə təlqin etməkdir. Bundan ötrü əsas bəhanə 2001-ci ilin 11 sentyabr terror aktı oldu. Məhz bu məqsədlə özünün törətdiyi artıq bütün dünyaya bəlli olan bu aktdan sonra, Vaşinqton ona boyun əymək istəməyən dövlətlərə qarşı təxribata başladı. Buna misal kimi beynəlxalq sülhün guya kimyəvi silaha malik olan Səddam Hüseyn rejimindən qorunması adı altında 2003-cü ildə ABŞ hərbi kontingentinin İraqa girməsini göstərmək olar. Yaxud dünya KİV-ində də aydın şəkildə göstərilir ki, məhz ABŞ və onun Mərkəzi Kəşfiyyat İdarəsi, bütövlükdə NATO özlərinin çirkin oyunu olan  terrorçu "İraq və Şam İslam Dövləti" (İŞİD) kimi qruplaşmaya rəhbərlik edirlər. Bu qruplaşma isə genişlənərək ərəb və digər xalqları yeni fəsadlarla üzləşdirir. Misli görünməmiş qaçqın seli hərbi konfliktlə birlikdə regionu humanitar fəlakət həddinə çatdırır. Amerikanın üzdəniraq “sülh planı” budurmu?”

 

İ.Əliyev İraqın parçalanması planının tərkib hissəsi olan “Kürdüstan dövləti”nin yaradılması layihəsinə də toxundu:

“Bu proje ABŞ və müttəfiqlərinin Yaxın Şərqə nəzarət mexanizminin əsas hərəkətverici amilidir. Xatırladım ki, hələ bir neçə il əvvəl sabiq dövlət katibi Hillari Klinton İraqın sünnü, şiə və kürd hissələrinə bölünərək 3 dövlətin yaradılmalı olduğunu da bəyan etmişdi. Ümumiyyətlə, kürd məsələsi bütövlükdə Yaxın Şərqdə bir neçə dövlətin – Suriya, Türkiyə,İraq və İranın parçalanması üçün siyasi-ideoloji təməl yaratmış olur. Bu amildən istifadə etməklə ABŞ həmin ölkələri bir-biri ilə düşmənə çevirə bilər. Ən əsası isə, İraqın parçalanmasından sonra beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü məsələsi arxa plana keçmiş olur. Buna əsaslanaraq müxtəlif bölgələrdə separatçılar daha da fəallaşa və özlərini müstəqil dövlət elan edə bilərlər. Beləliklə, Yaxın Şərqlə bağlı bədnam layihənin əsas məqsədi regionda ABŞ və İsrailin mövcudluğunu saxlamaq, İslam dünyasına qarşı çıxmaqdır. Əcəba, budurmu Vaşinqtonun sülh planı?”

 

Bütün bunlara rəğmən, Hacı İlham ABŞ-ın bu siyasətinin artıq ifşa olunduğunu, iflasa uğradığını düşünür: “Artıq bir çox dövlət və xalqlar bunun bir siyasi oyun olduğunu başa düşüb, bölgədə baş verən bütün eybəcərliklərin kökündə Amerikanın durduğunu anlayıblar. Məhz buna görə də ABŞ, yuxarıda qeyd etdiyim kimi “B” planına keçib. Hədəf isə əsla dəyişməyib. Dəyişən sadəcə taktika və niqabdır. Lakin riyakarcasına yürütdükləri bu siyasət də iflasa uğrayacaq, çopur sifətlərini sülh niqabi altında gizlədə bilməyəcəklər, inşallah. Artıq millətlər ayılıb. Hər kəs öz ayağı və milli-mənəvi dəyərləri üzərində durmaq istəyir. İndi heç bir millət yadların boyunduruğu, diktəsi altında yaşamağı qəbul etmir”.

 

 

 

 

 

 

 

 

 

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər