SİYASƏT

Hit : 1338

Türkiyə ABŞ-ın hədəfində - Ankara Yunanıstanla şantaj olunur

Türkiyə ABŞ-ın hədəfində - Ankara Yunanıstanla şantaj olunur

14:02, 23.04.2019

Nəzakət Məmmədova: “Türkiyənin İncirlik hərbi bazasından getməklə və ya başqa məsələlərlə təhdid edilməsi nəticəsiz qalacaq”

 

ABŞ bu gün sözün həqiqi mənasında, dünyanın jandarmı rolunu oynamaqdadır. Onun diktəsi ilə oturub durmayan ölkələr sanksiyalar, cevrilişlər, hədə-qorxu, hətta şantajla belə qarşılaşırlar. Bir müddət əvvəl biz Fransa prezidenti Makronun Aİ-nin vahid ordusunun yaradılması və NATO-nun təhlükəsizliyin qorunması ilə bağlı xidmətindən imtina edəcəyi barədə məlum çıxışından az sonra Fransada sarı jiletlilərin aksiyası başladı. Bu çür şantaj olunan, hədələnən ölkələrin sayı getdikcə artmaqdadır. Son vaxtlar Türkiyənin də adı Ağ Evin qəzəbinə gələn ölkələr siyahısına düşüb. Rusiyadan silah alınması söhbəti gündəmə gələndən sonra rəsmi Ankara bu və digər səviyyələrdə təhdid olunmaqdadır.

 

Bu günlərdə isə amerikalı senator – demokrat Bob Menendes deyib ki, rəsmi Ankara ilə münasibətlərin korlanacağı təqdirdə Türkiyədə yerləşən İncirlik bazasından silahlar Yunanıstana köçürülə bilər. Türkiyənin yanlış yolla gedəcəyini düşünmədiklərini bildirən senator, bunun baş verəcəyi təqdirdə öz milli maraqlarını və tərəfdaşlarının maraqlarını qorumaq üçün əllərindən gələni edəcəklərini  deyib. O bildirib ki, bazanın yerinin dəyişdirilməsi də daxil olmaqla lazım olan hər şeyi edəcəklər. Bob Menendes məsələnin buna qədər gedib çıxmayacağına və Türkiyənin öz kursunu düzgün  müəyyənləşdirəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, bundan əvvəl  də ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan “S-400” alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

 

Bəs PKK-nın Suriyadakı qolu olan PYD/YPG-ni silahlandıran, dəstək verən ABŞ-ın İncirlikdəki hərbi bazası və qüvvələrinin yerini dəyişməsi, konkret olaraq Yunanıstanda yerləşdirməsi Türkiyə üçün nə deməkdir? ABŞ-ın demokrat senatoru Bob Menendez Ankaraya belə bir mesaj verməklə nəyə nail olmaq istəyir?

 

"İslamınsəsi" saytına məsələ ilə bağlı açıqlama verən politoloq Nəzakət Məmmədova xatırlatdı ki, Türkiyənin əvvəllər NATO-da yalnız Yunanıstanla Kiprə görə problemləri var idisə, Suriya məsələsi, 16 iyul çevriliş cəhdi onu ABŞ və Almaniya ilə qarşı-qarşıya gətirib. Və ABŞ-ın Fətullah Güləni təhvil verməməsi, Suriyada PYD/YPG-ni özünə tərəfdaş seçməsi, Almaniyanın “Fetö”çulara və PKK-çılara öz ərazisində sığınacaq verməsi, referendum ərəfəsində türk icması ilə görüşməyə imkan yaratmaması Ərdoğanın revanş götürməsinə səbəb oldu: “Türkiyə Bundestaq üzvlərinə “İncirlik”dəki alman kontingentinə baş çəkməyə icazə vermədi. Hətta ən yüksək səviyyədə olan diplomatik səylər nəticəsiz qaldığından, Almaniya öz hərbçilərini İncirlikdən İordaniyadakı bazaya təxliyə etməli oldu. 2016-ci il 15 iyul çevriliş cəhdindən sonra bir çox türk hərbçilər NATO ölkələrindən, əsasən də Almaniya və Yunanıstandan siyasi sığınacaq alıblar.

 

Əlbəttə, müttəfiqlərin bu davranışını Ərdoğan qarşılıqsız qoymur və Rusiya ilə yaxınlaşma buna verilən ən kəsərli cavabdır. İncirlikdəki kontingentin Yunanıstana köçürülməsi bundan sonra ABŞ-ın NATO müttəfiqi kimi Türkiyənin Alyans daxilində rolunun azaldığına işarəsi hesab edilə bilər. Bu, Rusiya və İranla yaxınlaşan Türkiyənin ABŞ və Qərblə əlaqələrinin getdikcə zəifləməsinə və onun təskilatdan daha da uzaqlaşmasına gətirib çıxara bilər. Eyni zamanda, Türkiyənin təkcə NATO ilə deyil, AB ilə də əlaqələrinin zəifləməsinə səbəb olar.

 

Türkiyənin 2023 hədəfləri var və bu meqalayihələrdə Qərb deyil, məhz Rusiya xüsusi yer tutur. İncirlik problemi isə çoxdan başlamışdı və Türkiyə bu riski nəzərə almışdı. Odur ki, Türkiyənin İncirlikdən getmə və ya başqa məsələlərlə təhdid edilməsi nəticəsiz qalacaqdır”.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər