ARAŞDIRMA

Hit : 40

Telefonlarımızın ömrünü qısaldan səhvlərimiz - Saytlara daxil olarkən diqqətli olun!

Telefonlarımızın ömrünü qısaldan səhvlərimiz - Saytlara daxil olarkən diqqətli olun!

11:26, 05.09.2019

Mütəxəssislər deyirlər ki, mobil telefonların uzunömürlülüyü necə istifadə edilməsindən də asılıdır

"2015-ci ildə rəfiqəmlə bir vaxtda eyni marka telefon aldıq. İl yarım sonra artıq məndəki telefon donmağa başladı, yüklədiyim proqramlar yaxşı işləmədi, mən də yenisini aldım. Amma rəfiqəm hələ də həmin telefonu işlədir, heç bir problemi olmadığını deyir. Telefonum xarab olanda ustaya göstərdim, sual verdim ki, eyni telefonu almışıq, məndə niyə bu qədər tez xarab olsun? Dedi ki, telefonu işlətməkdən çox şey asılıdır".


İslaminSesi - Bu sözləri bizimlə söhbətində Lamiyə Orucova bildirdi. Əslində, bu sual ətrafında Lamiyə kimi düşünənlər az deyil. Hətta gənclər telefonların yaxşı işləmədiyini, yenisini almaq istədiyini deyəndə, valideynlərindən "siz bu telefonu necə işlədirsiniz ki, tez xarab olur?" kimi sual da eşidirlər.


Təbii ki telefonu necə işlətməyin yolu var. Bəs bu yol hansıdır? İstifadə etdiyimiz telefonlar üçün ümumiyyətlə, son istifadə tarixi kimi bir zaman müəyyənləşdirilirmi?

 

Saytlara daxil olarkən diqqətli olmaq lazımdır

 

Telefon ustası Cahangir Hümmətov deyir ki, ilk olaraq telefonları viruslardan qorumaq lazımdır. Çünki heç fikir vermədiyimiz yerlərdən telefona virus düşə bilir: "Telefonlarla bağlı insanları narahat edən əsas məsələlərdən biri donmalardır. Bu, "Iphone"larda olmur, ən çox androidlərdə rast gəlinir. Həmin problem daha çox mənşəyi məlum olmayan saytlara daxil olanda yaşanır. Mənşəyi məlum olmayan sayt deyəndə, bu cür saytlara insanlar bilmədən də daxil ola bilərlər. Məsələn, qolu ağrıyır, qol ağrısı ilə bağlı "Google"da axtarış verir, burda da nəticə çıxan istənilən sayta daxil olur. Elə feyk saytlar var ki, onlar telefonun sistemini elə bir yerə sürükləyirlər ki, sistemə virus düşür. Virus da telefonun yaddaşını yeməyə başlayır və nəticədə telefonda donmalar olur, zamanla telefonu çökdürə bilir. Ona görə, saytlara daxil olarkən diqqətli olmaq lazımdır.


Blutuzla fayl göndərərkən də bu viruslar telefona keçə bilir. Android telefonlarında hələ də bu funksiya var. Sizə material göndərən telefonun da təhlükəsiz olduğuna əmin olmalısınız. Əks halda telefona virus düşür, bu da sistemə təsir edir".

 

Köhnə enerji batareyadan boşalmalıdır

 

Usta bildirdi ki, gecə səhərə qədər enerjiyə taxılı saxlamaq telefona böyük zərər vurur: "Çox adam telefonu gündüz vaxtlar enerjiyə qoya bilmir. Gecə yatanda qoyur, səhər də tam enerji ilə dolur. Telefonu götürəndə deyir ki, tam dolub. Düzdür, o dolub, amma lazım olan enerjini yığandan sonra da o dayanmır, enerji yığmağa davam edir. İnsan necə ki, doyandan sonra yeyəndə kökəlir, batareya da eləcə, şişir, sıradan çıxır. Ona görə, telefonun batareyası dolan kimi çıxarmaq lazımdır. Enerjiyə bağlı olanda telefonu istifadə etmək də düz deyil.


Telefonu tez-tez enerjidən ayırıb, yenidən taxmaq isə problem yaratmır. Əksinə telefondakı enerjinin tam bitməsi, sonra yenidən qoyulması batareyanın ömrünü uzadır. Köhnə enerji batareyadan boşalmalıdır ki, təzə enerji ilə uzunömürlü olsun. Köhnə enerji batareyada qalmamalıdır".


C.Hümmətov telefonun sistemini çökdürən səbəblərin müxtəlif olduğunu deyir: "Virusları qeyd etdim. Ümumilikdə, sistemin çökməsi telefonun sxemindən, yerə çox düşməyindən də asılı olur. Sxemin ayaqları var və yerə düşdükcə, onun müəyyən ayaqları atır və sistem düzgün eşitməməyə başlayır və sıradan çıxır, tamamilə sönür. Onda plata bərpa olunmaq üçün təmirə gəlməlidir".

 

Telefonun ömrü onun batareyasına əsasən hesablanır

 

Telefonu çox adam tez-tez yerə salır, lakin heç də həmişə ekran sınmır. Usta bildirdi ki, problem təkcə ekranla bağlı olmur: "Yerə düşmək təbii ki, telefonda problem yaradır. Amma hansı hündürlükdən, hara düşməyindən və telefonun modelindən çox şey asılıdır. Ola bilər ki, telefonu aşağı hündürlükdən yerə salırsınız, həmin an ekranda, yaxud sistemdə hər hansı problem hiss olunmur. Ancaq telefon yerə çox düşdükcə, zamanla problem yaranır".


Ustanın sözlərinə görə, telefonun ömrü onun batareyasına əsasən hesablanır: "Bir orijinal batareyanın, yəni telefonun üstündə gələn batareyanın maksimum 2 iş işləmə müddəti var. 2 ildən sonra xarab olsa da, olmasa da, onu dəyişmək lazımdır. Amma sonra dəyişdiyimiz batareyalar o qədər uzunömürlü olurmu? Bu, artıq batareyaya görə dəyişir. Məlum məsələdir ki, bizdə əhalinin çoxu orta təbəqədir, hamı imkanlı deyil. Çox adam bahalı batareyaya pul verə bilmir. Ona görə, bizdə 80-90 faiz məhsul Çindən gəlir. Düzdür, o məhsullar o qədər də keyfiyyətsiz deyil, təbii ki keyfiyyətli olanlarını alırıq, onlara zəmanət verə bilirik. Amma dəyişdiyimiz o məhsullara 2 il zəmanət vermirik, bir il deyirik. Səliqəli işlətsə, il yarım da gedir. Adam var gecə səhərə qədər enerjiyə taxılı qoyur və batareya şişir. İstifadə etmələrindən çox şey asılıdır.


2-3 ilə telefon tam sıradan çıxırsa, bu, istifadəçidən asılıdır. Telefonu qoruyan üzlüklərdən istifadə etmək yaxşı üsuldur. Onlar telefonu bir çox zərbələrdən qoruyur. İstifadəçinin yanaşmasından çox şey asılıdır. Müştəri var ki, 300 manatlıq telefonu 4-5 il işlədir, eləsi də var bundan 2-3 dəfə baha olanı daha tez xarab edir". /News.day.az/

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər