İSLAM

Hit : 157

Sarsılmaz iradə sahibi – İmam Hüseyn (ə.s.) fədakarlığı bizlərə örnək olmalıdır

Sarsılmaz iradə sahibi – İmam Hüseyn (ə.s.) fədakarlığı bizlərə örnək olmalıdır

10:55, 10.09.2019

Bu gün 20 faiz torpaqları işğalda olan azərbaycanlıların hər birinə Hüseyn (ə.s.) mərdliyi, əqidəsi, qeyrəti, fədakarlığı lazımdır

50℃ isti. Ətraf qan içindədir. Yaralı insanların səsi ətrafı bürüyüb. Oxlar dayanmadan hər tərəfdən atılır. Susuzluq, aclıq bir tərəfdən, digər tərəfdən də düşmən aman belə vermək istəmir. O, ətrafında olan sadiq insanların bir-bir gözünün qarşısında şəhid olmasını görür. Lakin güc tükənib, bədəndən axan qan halsızlıq yaradır. Onlarla qılıncın qarşısında duruş gətirmək olduqca ağırdır. Balasının səsini eşidir. Onun ağlamasına dözə bilmir, uşağı əlləri üstə qaldırıb "bu da körpə balam, onun da canını alacaqsız?"- deyə hündürdən səslənir. Bu zaman üç uclu ox gəlib 6 aylıq körpənin sinəsinə sancılır. Balanın qanı atanın qanına qarışır.

 

Artıq bu sondur. Son nəfəsdir. Oxlar bir-bir sinəsinə saplanır və o dizi üstə çökür. Bədəndəki çoxsaylı oxlar onu yıxılmağa qoymur. Qılıncını özünə dəstək vermək üçün yerə sancır. Amma yıxılmır. Ölümü də əzəmətli olur. Gözlərini yumur... Artıq ağrı və əzablar sona çatır. Budur yeni həyat, Allahın bəxş etdiyi əbədi dünya. Ordan səslər gəlir: Xoş gəlmisən, ey əqidə insanı!"

 

Heç bir kişi, heç bir insan əqidəsi uğrunda bu ağrıları yaşamaq istəməz. Əqidə isə birdir. İnandığını qorumaq, inandıqlarından gələn imanı qorumaq.

Ölümlər müxtəlif olur, lakin onun ölümünün bir səbəbi var: insanlar şərəfli ölümün şərəfsiz yaşamdan nə qədər ucada durduğunu öyrənsinlər...

 

"Mənə lazım olan...

Mənə bir mən lazımdır, bir də məni anlayan,

Məni bir mən anlaya bilərəm, bir də məni Yaradan"

 

Bəli, Onu Yaradan anlaya bildi. Onu, əqidəsini ancaq Yaradan qəbul edə bildi. Onun isə əqidəsi bir idi: "Azadlığa, müstəqilliyə can atan, həqiqətə və düzlüyə təşnə olan bu qətiyyətli, sarsılmaz iradə sahibi heç kimə qul olmamaq və insanları qul təhdidindən qurtarmaq".

 

Bu şəxs müqəddəs nəslin davamçısı, azadlıq, haqq və həqiqət eşqiylə qeyri-müəyyənlik bilmədən yaşayan, mübarizə aparan İmam Hüseyn (ə.s.) idi.

Dinc mübarizə ilə qul xalqını azad insanlara, işğalda olan torpaqları müstəqil dövlətə çevirən Mahatma Qandi öz çıxışlarının birində hind xalqına belə söyləyir: “Mən sizlərə ən gözəl və ən qiymətli bir şeyi ərməğan edirəm. Müqəddəs İmam Hüseyn (ə.s.) Azadlığını!”

 

Bəli, azadlığın qiyməti çox bahadır. Azadlıq verilmir, alınır. Bu gün 20 faiz torpaqları işğalda olan azərbaycanlıların hər birinə Hüseyn (ə.s.) mərdliyi, əqidəsi, qeyrəti, fədakarlığı lazımdır. İmam Hüseyn (ə.s.) öz əqidəsinə inandığı kimi, biz də Qarabağın azadlığı əqidəsinə inanmalıyıq.

 

Ruhunuz şad olsun, Şəhidlər!

Ruhun şad olsun, İmam Hüseyn (ə.s.)!

 

Zaur Əliyev,

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər