SİYASƏT

Hit : 623

Rəsmi İrəvanın imitasiyası - Paşinyan

Rəsmi İrəvanın imitasiyası - Paşinyan "buynuzunu" Putinin "çomağına" sürtür

16:18, 27.06.2019

Zərdüşt Əlizadə: “Moskva belə özbaşınalığa və itaətsizliyə heç vaxt göz yummayıb, bundan sonra da yummayacaq”

 

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin təşkilatın işinə qayıtmasına icazə verən qətnaməni səs çoxluğu ilə qəbul edib. Sənədi 118 deputat dəstəkləyib, daha 62 deputat qətnamənin əleyhinə çıxıb, on nəfər isə bitərəf qalıb.

 

Maraqlısı budur ki, Ermənistan, Rusiya üçün böyük əhəmiyyət daşıyan bu məsələdə Rusiyanın əleyhinə çıxıb. Belə ki, AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Ermənistan baş naziri Nikol Paşinyanın “Mənim addımım” blokunun üzvü Ruben Rubenyan Rusiyanın AŞPA-ya qayıtmasının əleyhinə səs verib. Blokun ikinci deputatı - Ovanes İgityan isə səsvermədə ümumiyyətlə iştirak etməyib.

 

Rusiyalı analitiklərə görə, “Yüksək səviyyədə olan Ermənistan-Rusiya münasibətləri” ilə bağlı bəyanat verən Paşinyanın tərəfdaşları Avropada olarkən bu münasibətlərə ciddi zərbə vururlar. Onlar qeyd edirlər ki, Ermənistanın baş naziri “məxməri inqilab”dan sonra İrəvanın xarici siyasət prioritetlərinin dəyişməyəcəyi ilə bağlı vədlərinə xilaf çıxır.

 

Bəs ümumiyyətlə, Ermənistan nümayəndə heyətinin AŞPA iclasında müttəfiqi olan Rusiyanın bu quruma qayıtmasının əleyhinə səs verməsini necə izah etmək olar? Bu hadisədən sonra Kreml Ermənistana münasibətini dəyişəcəkmi?

 

Mövzu ilə bağlı “İslamınSəsi”nə şərh verən politoloq Zərdüşt Əlizadə maraqlı nüanslara toxundu. Politoloq hesab etdiyini bildirdi ki, Paşinyan Ermənistanın Rusiyadan asılılığını azaltmağa çalışır: “Hər halda o, nümayiş etdirmək istəyir ki, ölkəsi daha müstəqildir. Hətta dəfələrlə bəyan edib ki, bir-birinin daxili işlərinə qatılmamaq, amma eyni zamanda bir çox məsələlərdə məqsədləri eyni olmaq şərtilə Ermənistan və Rusiya iki suveren, dost, qardaş ölkədir. Paşinyan bunları deyir, amma söylədikləri inandırıcı görünmür. Çünki əslində, Qarabağ münaqişəsinə görə Ermənistan tam vassal vəziyyətdədir. İndi Moskvanın müdaxiləsilə Paşinyanın Ermənistanda korrupsiyaya və Qarabağ mafiyasına qarşı apardığı mübarizə də kəsərini itirir. Mövcud situasiya Paşinyanın camaat arasında nüfuzuna, şöhrətinə ziyan gətirir. Ona görə həm erməni xalqına, həm də Qərbə göstərmək istəyir ki, Rusiyadan o dərəcədə asılı deyil, müəyyən qədər müstəqildir.

 

Amma fikrimcə, artıq Paşinyanın devrilməsi barədə qərar Putin tərəfindın qəbul edilib, mexanizm işə düşüb və addım-addım Ermənistanda həyata keçirilir. Baxın, görün, çox keçməyəcək, Paşinyan devriləcək. Çünki Moskva, tam mənada Rusiyadan asılı olan Ermənistanın başında müstəqil, Qərbpərəst bir siyasətçinin olmasına heç vaxt imkan verməyəcək.

 

AŞPA-da Rusiyanın əleyhinə səs vermək, guya Ermənistanın müstəqil xətt tutması yalnız və yalnız  Paşinyan siyasətinin göstəricisidir. Rusiya belə özbaşınalığa, belə itaətsizliyə heç vaxt göz yummayıb, bundan sonra da yummayacaq. Sirr deyil ki, Ermənistanın sərhədləri Rusiya sərhəd qoşunları tərəfindən qorunur. Eyni zamanda Ermənistanın təhlükəsizliyinə, iqtisadiyyatına, Qarabağ işğalına Rusiya zəmanət verir. Habelə, ermənilər silahlarını da  Rusiyadan havayı alırlar. Göründüyü kimi, Ermənistanın müstəqil olmaq hüququ yoxdur. Amma Paşinyan çalışır ki, bu hüququn mövcudluğunu Moskvaya sübut etsin, hərçənd belə cəhdlər Ermənistan üçün həmişə baha başa gəlib”.

 

P.S. Qeyd edək ki, bütün bunlara rəğmən, bu bir həqiqətdir ki, Ermənistanda kimlərin hakimiyyətdən getməsi və hakimiyyətə gəlməsindən asılı olmayaraq nə İrəvanın, nə də Moskvanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsini gözləmək olmaz.

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər