ARAŞDIRMA

Hit : 131

Qapalı şəhərdə baş verən nüvə qəzası - Onun əks-sədası ABŞ-dan gəlib, amma SSRİ vətəndaşları xəbərsiz qalıb

Qapalı şəhərdə baş verən nüvə qəzası - Onun əks-sədası ABŞ-dan gəlib, amma SSRİ vətəndaşları xəbərsiz qalıb

13:54, 31.07.2019

70 illik mövcudluğu dövründə SSRİ-nin görünməyən tərəfləri çox olub. Söhbət təkcə ölkənin siyasət müstəvisindəki “duman”dan, məxfi saxlanılan siyasi proseslərdən getmir. Faktiki olaraq SSRİ ərazisində elə məkanlar olub ki, həmin yerlər illər boyu sıravi sovet vətəndaşından gizli saxlanıb.

Bu məkanlar “tam məxfi və qapalı şəhərlər” adlandırılıb. Onların nə adı bilinib, nə də xəritədə əksi olub. Həmin şəhərlər vilayət mərkəzlərinin adlarının qarşısına müəyyən bir rəqəm qoymaqla şərti ad daşıyıblar. Belə şəhərlərin sakinləri xüsusi iltizamlar imzalayıblar. Yəni, şəhər və şəhərdə mövcud olan obyektlər haqqında ən kiçik bir məlumatın yayıldığı təqdirdə onları cəza gözləyib.

Təbii ki, ortaya belə bir sual çıxır. Bu qadağalar, qapalılıq və məxfilik nəyə görə tətbiq olunub? Çünki həmin şəhərlərdə dövlət əhəmiyyətli enerji, hərbi və kosmik obyektlər fəaliyyət göstərib.

Bu şəhərləri digərlərindən fərqləndirən cəhətlərdən biri də təminat məsələsi olub. Belə ki, adi sovet vətəndaşı üçün əlçatmaz sayılan defisit mallar qapalı şəhərlərdə münasib qiymətə açıq satışda müştərilərə təklif olunub.

 

 

SSRİ-nin qapalı şəhərlərindən biri də Çelyabinsk vilayətində Çelyabinsk 65 (bəzi mənbələrdə Çelyabinsk 40) şəhəri olub. Hazırda bu şəhər Ozersk adını daşıyır. Göllərin ətrafında yerləşdiyindən şəhərə məhz belə ad verilib. 70 minə yaxın əhalisi olan Ozersk 1950-ci illərin əvvəllərindən qapalı şəhər statusu alıb. Belə ki, şəhərdə “Mayak” atom kompleksi fəaliyyət göstərib.

29 sentyabr 1957-ci ildə SSRİ-də ilk dəfə atom sənayesi sahəsində qəza məhz elə bu qapalı şəhərdə, “Mayak”da baş verib. Qəza Şərqi Uralda böyük ərazini radioaktiv çirklənməyə məruz qoyub.

Soyutma sisteminin sıradan çıxması nəticəsidə təqribən 80 kub metr yüksək radioaktivliyə malik nüvə tullantısı olan 300 kub metr həcmilı anbar partlayaraq atmosferə təqribən 20 milyon küri radiyasiya atıb. Maye və bərk aerozollardan ibarət olan radioaktiv bulud küləyin istiqaməti boyu ümumilikdə 23 min kvadrat kilometr ərazini radioaktiv hissəciklərlə çirkləndirib.

 

 

Qəzanın nəticələrinin aradan qaldırılmasında yüz minlərlə hərbi və mülki şəxs iştirak edib və onlar əhəmiyyətli dərəcədə şüalanmaya məruz qalıblar. Hazırda təqribən uzunluğu 300, eni 5-10 kilometr olan “Şərqi Ural radioaktiv ərazisi” qoruq elan edilib, yüksək radioaktiv fon olan bu ərazidə hər hansı bir kənd təsərrüfatı sahəsinin fəaliyyəti qadağan edilib.
Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 400 mindən artıq insan şüalanmaya məruz qalıb.

Qəzadan dərhal sonra Nikita Xruşovun imzaladığı sərəncamla xüsusi komissiya yaradılıb. Müvafiq qurumların nümayəndələri Çelyabinsk vilayətinə ezam olunublar.

Qəzanın fəsadlarının aradan qaldırılması üçün isə başqa bir komissiya fəaliyyət göstərib.

Mütəmadi olaraq komissiyaların işi haqqında Kremlə məruzələr edilib.

Komissiyalar işlərini yekunlaşdırdıqdan sonra Mərkəzi Komiədə qəzanın fəzadlarının aradan qaldırılması, əhalinin təxliyəsi, “Mayak” kompleksinin bərpası və digər məsələlərlə bağlı qərar qəbul edilib.

 

 

Qəbul olunmuş qərarda diqqət çəkən məqamlardan biri DTK ilə bağlı olub. Qərarın bəndlərinin birində bu sətirlər öz əksini tapıb:
“SSRİ DTK-sı Çeyabinsk 65-də, “Mayak” atom kompleksində baş vermiş qəzanın tam məxfi saxlanılmasını təmin etsin”.

DTK Mərkəzi Komitənin bu göstərişini 1989-cu ilə qədər icra edib. Amma elə 1957-ci ilin sonlarında, 1959, 1961, 1969, 1976, 1985-ci illərdə Almaniya, Amerika Birləşmiş Ştatları, Fransa və bir sıra ölkələrin kütləvi informasiya vasitələrində qəza ilə bağlı olduqca geniş, ətraflı, sovet vətəndaşlarının bilmədikləri faktlarla zəngin yazılar dərc olunub.

 

 

Beləliklə, SSRİ tarixinə uğursuz Xruşov hakimiyyəti illərinin daha bir faciəli hadisəsi yazılıb. Qeyd edək ki, Nikita Sergeyeviç 1962-ci ildə qəza ilə bağlı “tam məxfi” qrifli qovluqların ləğvinə cəhd edib, amma Siyasi Büro üzvləri bu məsələdə qətiyyət nümayiş etdirərək Xruşova mane ola biliblər.

Bəli, kimliyindən asılı olmayaraq tarixi pozmaq hələ ki, heç kimə nəsib olmayıb... /Musavat.com/

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər