ARAŞDIRMA

Hit : 223

Planetimizdə nadir tapıntı: o olanda heç Günəş sistemi yox idi

Planetimizdə nadir tapıntı: o olanda heç Günəş sistemi yox idi

11:01, 14.01.2020

"Bu dənəciklər Yer üzündə indiyədək tapılan bərk materialların ən qədimidir və onlar bizə qalaktikamızda ulduzların necə əmələ gəldiyini izah edir" - Filipp Hek

Avstraliyaya düşmüş meteoritin tərkibini öyrənərkən alimlər yaşı 5 milyard ildən çox olan ulduz tozu aşkarlayıblar. Həmin dövrdə hələ heç Günəş sisteminin özü yox idi. Bu, Yer planetində tapılan ən qədim bərk materialdır. 

 

İslaminSesi bildirir ki, bu barədə Phys.org yazıb.


Meteoritlərin ən geniş yayılmış sinfi olan xondritlərin tərkibi Günəş sisteminin formalaşması dövründə Günəşi əhatə edən protoplanet buludunun tozundan ibarətdir. Günəşin yaşının təxminən 4.6 milyard, Yerin isə 4.5 milyard olduğunu nəzərə alsaq, xondritlərin də yaşı təxminən onlara bərabərdir.


Ancaq bəzi xondritlər protoplanet tozundan savayı, xırda ulduzlararası bərk maddə, Günəşin yaranmasından da əvvəl mövcud olan ulduzlararası qazdakı ulduz tozu - presolyar dənəcikləri - ehtiva edir.


Ancaq o dənəcikləri tapmaq elə də asan deyil. Əvvəla, onlar Yerə düşən meteoritlərin ancaq 5%-nin tərkibində var, üstəlik də ki, həddən artıq xırdadırlar - cəmi bir neçə mikrometr.


ABŞ, İsveçrə və Avstraliyadan olan alimlər 1969-cu ildə Avstraliyaya düşən Murçison meteoritinin fraqmentlərindən presolyar dənəcikləri ayıra biliblər. Bunun üçün onlar meteorit parçalarını toz halına salıblar. Turşuda əridəndən sonra məhlulda əriməyən, 8 mikrometr ölçüyə malik silisium karbidinin hissəcikləri - presolyar dənəciklər - qalıb.


"Bu, iynəni tapmaq üçün bir taya samanı yandırmağa bənzəyirdi", - məqalənin müəlliflərindən biri Filipp Hek yazıb.


Presolyar dənəciklər ayrılandan sonra tədqiqatçılar onun yaşını müəyyənləşdiriblər.


"Bunun üçün biz dənəciklərə bizim qalaktikamızı dəlib keçərək bərk maddələrə nüfuz edən yüksək enerji hissəciklərinin seli olan kosmik şüaların təsir müddəti barədə məlumatlardan istifadə etdik. Bu şüaların təsirindən yeni elementlər yaranır və təsir nə qədər çoxdursa, bir elə çox da element əmələ gəlir", - F.Hek izah edib.


Presolyar dənəciklərinin əksəriyyətinin yaşı 4.6-4.9 milyard, bəzilərinin isə 5.5 milyard il olub.


"Bu dənəciklər Yer üzündə indiyədək tapılan bərk materialların ən qədimidir və onlar bizə qalaktikamızda ulduzların necə əmələ gəldiyini izah edir", - Hek qeyd edib.
Ulduz tozunun ulduzların məhv olub dağılması zamanı yarandığını, ulduzların isə bir neçə milyon ildən bir neçə milyard ilədək yaşadığını nəzərə alaraq, alimlər belə nəticə çıxarıblar ki, bizim qalaktikamızda ulduz "bebi-bum"u 5-7 milyard il əvvəl olub.


"Bizim hipotez ondan ibarətdir ki, Günəş sistemi yaranandan əvvəl elə bir dövr olub ki, ulduzlar adi vaxtdan daha çox əmələ gəlib. Bəzi adamlar fikirləşirlər ki, qalaktikada ulduzların əmələ gəlmə sürəti daimidir. Ancaq bu presolyar dənəciklər bizə onu deməyə əsas verir ki, 7 milyard il əvvəl bizim qalaktikamızda ulduzların yaranması daha intensiv olub", - alim deyib./sputnik.az/

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər