SİYASƏT

Hit : 484

“Nüvə silahı ilə hegemon olmaq anlayışı geridə qaldı” - Natiq Cəfərli

“Nüvə silahı ilə hegemon olmaq anlayışı geridə qaldı” - Natiq Cəfərli

16:01, 06.09.2019

“Türkiyə nüvə silahına sahib olmaq istəsə belə, bunun yaxın zamanlarda reallaşması imkanları sıfra bərabərdir”

 

Xəbər verildiyi kimi, Türkiyə prezidenti Ərdoğan bu yaxınlarda nüvə silahı ilə bağlı “nə üçün başqa dövlətlər bu silaha malik olmalıdır, biz yox" – deyə bəyanat vermişdi. Bu isə təbii ki, dünya dövlətləri və xarici KİV-lər tərəfindən birmənalı qarşılanmamışdı.

 

Bəs, NATO ölkəsi olan Ərdoğanın bu açıqlaması Türkiyənin gələcəkdə nüvə dövlətinə çevrilməsi planından xəbər vermirmi? Və indi nə baş verdi ki, dövlət başçısı belə bir açıqlama ilə çıxış etdi?

 

Mövzu ilə bağlı İslaminSesi-nə danışan siyasi şərhçi Natiq Cəfərli dedi ki, əslində, bu məsələnin siyasi analizini aparmaqdansa, Ərdoğanın sözlərini topluma hesablanmış bəlli gözləntilərə cavab verən bir açıqlama kimi dəyərləndirmək daha yaxşı olardı:

 

“Son zamanlar AKP-nin reytinqinin aşağı düşməsi müşahidə olunur. Əsasən də İstanbul seçkilərindən sonra. Bu nüvə silahı məsələsi də on illərdi Türkiyədə müzakirə olunan populyar mövzulardan biri kimi cəlbedicidir ki, niyə bizim nüvə silahımız olmasın. Əslində, Türkiyə NATO-nun üzvüdür. Və nə qədər qəribə səslənsə də, elə buna görə də ərazisində nüvə silahı var. “İncirlik” və ya digər bazalar nəzərdə tutulur”.

 

O ki qaldı Türkiyənin ayrıca özünün nəzarətində olan nüvə silahı əldə etməsinə, N.Cəfərli dedi ki, Ərdoğan bunu səbəblərini açıqlamalıdır: “Söhbət ondan gedir ki, nüvə silahı hücum silahı deyil. Çünki dünyada nüvə müharibəsi baş versə sağ qalan olmayacaq. Nüvə silahı çəkindirici silahdır. Yəni kiminsə üzərinə hücumdan çəkindirmək üçün nəzərdə tutulub. Bunu ABŞ cəmi 2 dəfə Yaponiya ərazisində istifadə etdi və böyük dağıntılara səbəb oldu. Əgər bu müdafiə xarakterli silahdırsa, Türkiyə NATO çətiri altında müdafiə olunur”.

 

Müsahibimizin sözlərinə görə, açığı, Ərdoğanın bəyanatından populizm qoxusu gəlir. Və əslində qulağa xoş gələn bir sözdür ki, nəyə görə, məsələn, Pakistanın, Hindistanın, İsrailin olsun, Türkiyənin olmasın: “Bu, cəmiyyətdə populyar mövzudur. Amma mən düşünmürəm ki, bunun real nəticəsi olsun. Çünki getdikcə Putin, Tramp kimi dövlət başçılarının populyarlıq qazandığı dünyada nüvə silahı oyuncaq deyil. Əksinə, dünya çalışmalıdır ki, heç bir nüvə silahı qalmasın. Ona görə də NATO dövləti olan Türkiyənin müdafiə ilə bağlı problemi yoxdursa, bu istəyin nədən qaynaqlandığı, açığı, mənə qaranlıq qalır. Mən bunu siyasi bəyanat kimi dəyərləndirməyə üstünlük verirəm”.

 

N.Cəfərli hesab edir ki, əgər Türkiyə nüvə silahı ilə söz sahibi olmaq istəyirsə, bu da yanlış yoldur: “Biz indiki əsrdə dünyanın inkişaf mərhələsinə baxdıqda, elə ölkələr görürük ki, heç bir nüvə silahı yoxdur, amma məcazi mənada dünyanı öz malları ilə işğal edib. Məsələn, Cənubi Koreyanın ərazisi Türkiyədən 2 dəfə, əhalisi isə 3 dəfə azdır, ancaq dünyanı avtomobilləri, texnologiyası ilə heyran qoyub. XXI əsrdə hegemon dövlət olmağın yolu iqtisadi yüksəlişdən, elmi tərəqqidən keçir. Nüvə silahı ilə hegemon olmaq anlayışı geridə qaldı. Və yenə təkrar edirəm ki, Türkiyə bunu istəsə belə, onun yaxın zamanlarda reallaşması imkanları sıfra bərabərdir”. 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər