ARAŞDIRMA

Hit : 592

Non-qrata nazirliyi: Pentaqonu İraqda

Non-qrata nazirliyi: Pentaqonu İraqda "kiçik raket zərbələri" narahat edir

15:31, 16.01.2020

İraqda bir həftə ərzində Amerika hərbi bazalarına endirilən yeni raket zərbələri ABŞ-ın Yaxın Şərqdən çıxarılmasına xidmət edir

İraqda bir həftə ərzində ABŞ-ın dörd hərbi bazasına güclü zərbə endirilib və bunun yalnız bir izahı var – bölgədəki Amerika koalisiyasını buradan qətiyyətlə çıxmağa çağırırlar.

 

ABŞ-ın İraqdakı Ət-Taci hərbi bazasının ərazisinə yanvarın 14-də yeni raket zərbəsi endirilib. Bu informasiyanı Amerika koalisiyasının qərargahının nümayəndəsi polkovnik Maykl Keqqins təsdiq edib. Amerikanın şübhələri yanvarın 3-də ABŞ Prezidenti Donald Trampın əmri ilə Bağdad aeroportunda iranlı general Qasım Süleymani ilə birlikdə öldürülmüş Əbu Mehdi əl-Mühəndisin rəhbəri olduğu İraq şiə qruplaşmasının üzərinə yönəlib.


Bu vəziyyətdə İraqdakı konkret icraçının əhəmiyyəti yoxdur, biz İranın "Şəhid Süleymani" hərbi əməliyyatı tendensiyasını və inkişafını müşahidə edirik.
Bir qədər əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə regiondakı Amerika hərbi bazalarına "silsilə hücumlar"ın başlandığını bəyan edib və deyib: "Süleymaninin qətlinin əsl qisası ABŞ-ın Yaxın Şərq ərazisindən qovulması olacaq".


Yanvarın 8-dən 14-dək İraqın müxtəlif əyalətlərində yerləşən Ayn əl-Əsəd, Ərbil və Balad Amerika hərbi bazaları SEPAH və şiə hərbi birləşmələrinin zərbələrinə məruz qalıb.


Vaşinqton ABŞ qoşunlarının yerləşdiyi Əfqanıstan-İraq-Suriya "qaynar dəhlizində" vəziyyətin nə qədər çətin və təhlükəli olduğunu anlayır.


Buna görə də, hərbi obyektlərə edilən dörd kütləvi hücum və Pentaqonun nüfuzu faktiki olaraq cavabsız qalıb. Vaşinqtonun süni şəkildə yaratdığı bu böhranlı vəziyyətdə amerikalılar diplomatik şəkildə manevr etməyə çalışırlar - Qətərin Əmiri Tamim bin Hamad əl-Taninin Tehrana elan olunmamış səfəri bunun göstəricisidir.

 

Cavab tədbirləri

 

İran Prezidenti Həsən Ruhani yanvarın 13-də parlamentin əvvəllər qəbul etdiyi Pentaqon və onunla əlaqəsi olan strukturları terror təşkilatı kimi tanıyan qanun layihəsini təsdiqlədi.


Bəlkə də bu, Vaşinqtona hərbi-siyasi xəbərdarlıqdır (heç kim böyük müharibə istəmir). Buna baxmayaraq, Ruhaninin imzaladığı və əvvəllər İranın çox sayda deputatı (238 nəfərdən 228-i lehinə səs verib) tərəfindən qəbul edilmiş qanun İran silahlı qüvvələrinə ABŞ-ın Ordusuna, Hərbi Hava Qüvvələrinə və Hərbi Dəniz Qüvvələrinə bölgədə və planetin hər yerində əlavə qanuni əsaslar olmadan, hücum etməyə imkan verir. Əslində heç kim Amerika koalisiyasına qarşı "Şəhid Süleymani" hərbi əməliyyatının təfərrüatlarını açıqlamır.


Prinsipial fikir ayrılıqlarına görə ABŞ və İran arasında tammiqyaslı hərbi qarşıdurma ehtimalı yüksək olaraq qalır. Hələ "yerdəki" və Fars körfəzindəki qarşılıqlı blokada variantları haqqında danışmırıq.


Digər tərəfdən, İraq parlamenti yanvarın 5-də keçirilən təcili iclasında hökumətdən İraqda xarici qüvvələrin hərbi mövcudluğuna son qoymağı tələb edən qətnamə qəbul etdi. ABŞ Prezidenti Donald Tramp buna cavab olaraq görünməmiş sanksiyalar vəd etdi. Əgər Bağdad Amerika qoşunlarının çıxarılması ilə bağlı qəti qərar qəbul edərsə, ABŞ öz banklarındakı İraqa məxsus on milyardlarla dolları dondurmaq və hərbi yardımı azaltmaqla hədələyir.


Tarixin tərəzisi tərpənir. Pentaqon və koalisiya narahat bölgəni tərk etməyə mənəvi olaraq hazırdır (qoşunların çıxarılması ilə bağlı dərc olunan "qaralamanı" xatırlayırıq), çünki düşmənin möhkəm və yüksək texnologiyalı olduğu ortaya çıxdı.


İran, inkişaf etmiş kompleks zərbə silahına, o cümlədən 1350 km-lik uzaq məsafəli qanadlı "Xoveyze" raketinə malikdir (Rusiyanın "Kalibr"inə bənzər) və Amerika koalisiyasının İraqda etibarlı hava hücumundan müdafiə sistemi yoxdur.


8 yanvar tarixində ilk raket hücumları ABŞ hərbi bazaları və koalisiya qoşunlarının (İranın orta mənzilli raketləri 2500 km məsafədəki hədəfləri vurmağa qadirdir) tam müdafiəsizliyini göstərdi. Pentaqona isə yalnız düşmən düşərgəsindəki heç bir təhlükəsizliyə zəmanət verməyən texniki kəşfiyyat avadanlıqlarına və ya pullu informatorlara ümid bağlamaq qalır.

 

Qüvvələrin yerləşdirilməsi

 

Yaxın Şərq xaricində ABŞ və İran qüvvələrinin imkanları müqayisəyəgəlməzdir. Lakin bu bölgədə Pentaqonun müəyyən üstünlüyü İran qoşunlarının öz ərazilərində təmərküzləşməsi ilə nəticələnir.


"Global Firepower"-in hərbi gücə dair qlobal reytinqində Qərb analitikləri İrana Pakistan, İsrail və Şimali Koreyadan yüksək olan 14-cü yeri verir. Tehrana açıq təcavüz, regional tərəfdaşlar da daxil olmaqla, bütün Amerika koalisiyasını ciddi nəticələri və itkiləri ilə təhdid edir. Yeri gəlmişkən, İranın da müttəfiqləri var.


İranın Ali Dini rəhbəri Ayətullah Seyyid Əli Xamneyi, yanvarın 12-də bəyan edib ki, regional şərait Yaxın Şərq ölkələri arasında daha sıx əlaqə tələb edir.


General Süleymaninin vəfatından sonra İranda İraq şiə "Xalq Səfərbərlik Qüvvələri" komandirlərinin koordinasiya iclası keçirilib. Şiələrin mütəşəkkilliyinin və hərbi potensialının düzgün qiymətləndirməməsi təhlükəlidir. Bu mənada İraqın "Antiamerika" mövqeli real suverenlik istəyi Rusiyadan "S-400 Triumf" zenit-raket sistemlərinin (SAM) alınmasını zəruri edir.


Rusiya ilə əməkdaşlıq şəraitində Türkiyənin müdafiə quruculuğunun möhtəşəm nümunəsi ABŞ-ın tərəfdaşlarına təsirinin həqiqi sərhədlərini açıqladı. Əvəz olunmayan silah sistemləri, tərəfdaşlar və müttəfiqlər yoxdur. Bu gün Yaxın Şərqdə geosiyasi dəyərlərin yenidən genişmiqyaslı qiymətləndirilməsi aparılır. Əlbəttə ki, Bağdadın iradəsi ilə ABŞ-ın vəd etdiyi sanksiyalar əvvəllər bir sıra ölkələrə münasibətdə olduğu kimi işləməyə bilər.


İrana gəlincə, münaqişəli vəziyyəti ABŞ və Şimali Koreya arasındakı son qarşıdurmada olduğu kimi, sürətləndirmək mümkün olmayacaq. Buna İranda nüvə silahının qadağan edilməsi ilə bağlı 2013-cü ildə Ayətullah Xamneyinin verdiyi fətvalar (fətva – İslam prinsiplərinə və İslam hüququna əsaslanan, problemdən çıxış yolunu dini hüquq qaydalarına görə göstərən dini fərmandır) müdaxilə edir. O vaxtdan bəri Tehran rəsmi mövqeyini dəyişməyib./sputnik.az/

 

Aleksandr Xrolenko, hərbi icmalçı

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər