ARAŞDIRMA

Hit : 163

Möcüzələr gəmisi: 14 min Şimali koreyalının inanılmaz xilası – Şahidlər danışır

Möcüzələr gəmisi: 14 min Şimali koreyalının inanılmaz xilası – Şahidlər danışır

09:52, 25.12.2019

Bundan təxminən 70 il əvvəl ABŞ bayraqlı ticarət gəmisi böyük təşviş içində olan 14 mindən çox şimali koreyalı miqrantla birgə Şimali Koreya limanından ayrıldı. Bu, həmin səfərin və o gəmidəki insanlardan bəzilərinin tarixçəsidir...

1950-ci ilin Milad bayramı idi və bu, adi bir doğum olmayacaqdı. Uşağını dünyaya gətirmə ərəfəsində olan ana ABŞ-a aid gəmiyə minərək, yaxınlaşmaqda olan Çin ordusundan qaçmağa çalışan 14 min Şimali koreyalıdan biri idi. Gəminin göyərtəsində ayaqüstə dayanmaq üçün belə kifayət qədər yer qalmamışdı. Bundan başqa, tibbi ləvazimatlar da olduqca az idi. Həmin gün dünyaya gözlərini açan Li Qyonq-pil mamaçanın göbək bağını dişi ilə kəsmək məcburiyyətində qaldığını deyərək başlarına gələn əhvalatı danışır: "İnsanlar həyatda qalmağımın Milad möcüzəsi olduğunu düşünürlər".
 
 
İndi 69 yaşında olan Li Koreya müharibəsinin ən çətin günlərinin yaşandığı o qış "SS Merediz Viktori" gəmisində doğulan 5 uşaqdan biri idi. Gəmi aralarında Cənubi Koreyanın hazırkı lideri Mun Ce-inin valideylərinin də olduğu minlərlə insanın həyatını xilas etdi. Yük gəmisi bu səfərdən sonra "Möcüzələr gəmisi" adını aldı.
 
1 - Təxliyə
 
1950-ci ilin dekabrında 100 mindən çox BMT hərbçisi Şimali Koreyanın Hanqnam limanında mühasirədə idi. Sayca üstün olan Çin ordusu ilə apardıqları Çosin döyüşündən sağ çıxdıqları üçün şanslı idilər. Dağlıq ərazidə gedən müharibədən xilas olaraq limana enən əsgərlər üçün yeganə təhlükəsiz bölgə dəniz idi. Həmçinin Çin ordusu yaxınlaşmaqda olduğu üçün cəld hərəkət etmək lazımdı. Lakin BMT hərbçiləri tək deyildi. Minlərlə Şimali koreyalı qaçqın da onlarla birgə qaçmaq üçün buz kimi soyuq havada limana axın etmişdi. Üşüyürdülər, yorğun və çarəsiz vəziyyədəydilər. İçlərində "SS Merediz Viktori" gəmisinin də olduğu 100-ə yaxın ABŞ gəmisi Hanqnam limanına əsgər və hərbi ləvazimatları götürmək üçün gəlmişdi. Məqsəd hərbçiləri təhlükəsiz şəkildə Cənubi Koreya limanına çatdırmaq idi. Yəni, qaçqınların xilas edilməsi planlarına daxil deyildi.
 
 
 
ABŞ donanmasının polkovniki Eduard Forney uzun müzakirələrdən sonra buna razılıq verir. Onun Seulda yaşayan və babası kimi hərbçi olan nəvəsi Ned həmin günü belə izah edir:
 
"Əgər bir müharibəni udmaq istəyirsənsə, mülki vətəndaşları xilas etmək əsas prioritetin olmamalıdır. Bu, yaxşı hərəkətdir, amma hərbi vəzifə öncə gəlir. Ancaq nə cürsə ən yaxşı nəticə gerçəkləşdi. Hanqnam limanındakı komandirlər, görünür, mələkləri dinləyiblər ki, çox çətin anda bu qərarı qəbul ediblər".
Hamını gəmilərə mindirmək bir neçə gün çəkdi. Sahildə dayananlar növbənin onlara çatmasına ümid edirdilər. Onlar arasında 17 yaşlı Han Bo-bae və anası da vardı: "Ölüm-qalım məsələsiydi. Gəmiyə minməkdən başqa heç nə düşünmürdük, yoxsa öləcəyimizi bilirdik. Gəmilərin hara gedəcəyindən xəbərsiz idik. Amma bunun heç bir fərqi yox idi. O gəmilərə minə bilsək, həyatda qalacağımıza inanırdıq".
 
2 - Səfər
 
Gəminin göyərtəsində vəziyyət çox çətin idi. İnsanlar dəzgahların, silah-sursatın arasına sıxışmışdılar. Həmçinin su və yemək də yox idi. Ən böyük gəmi olan "SS Merediz Viktori" 60 nəfər ekipaj üzvü üçün nəzərdə tutulmuşdu. Ancaq həmin an hərbi heyətdən və sursatlardan başqa gəmidə 14 min qorxu içində olan qaçqın da vardı.
 
"Anam və bacımla bir-birimizi bərk-bərk qucaqlamışdıq. Gəmidə olduqca sıxlıqdı. Dalğalar üstümüzə sıçrayanda anam batacağımızı düşünmüşdü".
 
Möcüzə nəticəsində gəmidəki hər kəs sağ qaldı. Təxminən 200 min nəfər adam Cənubi Koreya torpaqlarına ayaq basmağı bacardı. Bu, ABŞ tarixində müharibə zamanı ən geniş mülki vətəndaş təxliyəsi olaraq tarixə keçdi.
 
3 - Hekayələr
 
Qeyd etdiyimiz kimi, gəmidə 5 uşaq dünyaya gəlmişdi. Amerikalı ekipaj üzvləri Koreya dilini bilmədiklərindən uşaqların hamısına Kim Çi adını verirlər. Li 5 nömrəli Kim Çi idi. Hələ də 70 il öncə gəldiyi Cənubi Koreyanın Coece bölgəsində yaşayan Li adını əvvəllər sevmədiyini, lakin bu gün ona bu adı verən şəxsə minnətdar olduğunu deyir. Li Hanqnam təxliyəsini unutdurmamaq üçün çalışanlardan biridir. O, bu sayədə gəmidə onun doğumuna kömək edən şəxslə yanaşı, gəminin ekipaj üzvlərindən bəziləri ilə də tanış ola bilib.
  
Li bir gün Coece limanına həmin günlə bağlı bir abidə qoyulmasını istədiyini deyir.
Bu gün Cənubi Koreyada və dünyanın fərqli yerlərində bu təxliyə əməliyyatında qohumları olmuş 1 milyondan çox insanın yaşadığı ehtimal edilir. 69 il öncə yaşanan bu hadisə gəmiyə minə bilməyənlər xatırlandığında özündə dərin bir hüzn də ifadə edir. 
 
"Gəmiyə minə bilənlər qədər insan da sahildə qalmışdı", - o gün sahildən ayrılan gəmilərdən birində yer alan kontr-admiral Ceyms Doyl durbinindən baxarkən gördüyü mənzərəni izah edir.
 
 
Hərbçilər yollarına davam etmələri üçün limanın tamamilə yox edilməsinin yeganə yol olduğunu seçirlər. Yoxsa Çin ordusu orda qalan sursatı ələ keçirə bilərdi. Gəmilərdən birinə minməyi bacaran Han sahildəki mənzərəni "Alov dənizi" adlandırır.
 
"Limanda çox adam vardı. Xeyli insan gəmiyə minə bilməmişdi. Yəqin ki, ölüblər. Bu düşüncə qəlbimi ağrıdır. Onlarla bomba... Müharibələr olmamalıdır".
 
Mənbə: BBC
Çevirən: Qaynarinfo.az

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər