ARAŞDIRMA

Hit : 121

Məhbuslar Lefortovo türməsindən iki variantda çıxırdılar – ya ölü, ya da dəli kimi

Məhbuslar Lefortovo türməsindən iki variantda çıxırdılar – ya ölü, ya da dəli kimi

16:02, 16.08.2019

Bu məkanın nəinki özü, adı belə insanlarda qorxu, xof yaradıb. 1930-cu illərdən başlayaraq “cəhənnəm” adını alan bu türmə on minlərlə insanın həyatına son qoyub...

İslaminSesi. Moskvanın mərkəzindən çox da uzaqda yerləşməyən Lefortovo həbsxanası hələ SSRİ-nin yaranmasından əvvəl, 1881-ci ildə tikilib. Memar Kozlovun layihəsi əsasında inşa edilən türmə həmin dövrdə kiçik çinli hərbçilərin cəzaçəkmə müaəssisəsi kimi fəaliyyət göstərib.
1920-ci ildən həbsxananın rəsmi adı Moskva Lefortovo türməsi, 1924-cü ildən isə Xüsusi Təyinatlı Təcridxana olub.

1930-cu ildə türmə islah-əmək müəssisəsi kimi fəaliyyət göstərib.
1936-cı ildə həbsxana “NKVD”-nin tabeliyinə verilərək istintaq təcridxanasına çevrilib.


Araşdırmaçıların qənaətinə görə, Lefortovo türməsinin ən ağır dövrü məhz bu ərəfəyə, 1936-1954-cü illərə təsadüf edib. Həmin illərdə Lefortovoda saxlanılanlar istintaq zamanı “NKVD” əməkdaşları tərəfindən ən ağır işgəncələrə məruz qoyulublar.


Lefortovonu digər cəzaçəkmə müəssisələrindən fərqləndirən əsas cəhət burada saxlanılanların ətrafdan tam təcrid olunması ilə bağlıdır. Belə ki, türmədə uzun illər məhbuslar kameralarda tək saxlanıblar. Məhbusların bir-biri ilə əlaqəsi mümkünsüz sayılıb. Hətta gəzinti zamanı, yaxud istintaqa aparılarkən elə bir şərait yaradılıb ki, məhbuslar bir-birini görə bilməyib.


Çox nadir hallarda ailə üzvləri və vəkillərlə görüşmək hüququ qazanan məhbuslar bu görüşləri son dərəcə ciddi nəzarət altında keçiriblər.
Araşdırmalara görə, Lefortovo türməsi yeganə cəzaçəkmə müəssisəsi olub ki, bu məkanda “oğru qanunları” işləməyib. Həbsxanaya məktub, narkotik vasitələr, spirtli işkilər və s. keçirmək mümkünsüz bir iş sayılıb.
Lefortovoda saxlanılanların həbsxana işçilərinə müraciətinə də ciddi qadağa qoyulub. Yalnız zərurət olan halda türmə əməkdaşları məhbuslarla danışıb.


Türmədə məhbuslara verilən işgəncə vaxtla, müəyyən olunmuş saatla deyil, bütün gün ərzində olub. Belə ki, həbsxananın bir çox kameraları qara rəngli boya ilə boyanıb və bu “qara” kameralara güclü işıq verilib. Kəskin “ağ-qara” effekti məhbusların psixikasını sözün əsl mənasında darmadağın edib.


İstintaq zamanı isə “NKVD” əməkdaşlarının hər biri özünəməxsus işgəncə tətbiq edib.
Həbsxananın “NKVD” tabeliyində olduğu dövrdə burada saxlanınların taleyi iki variantda yekunlaşıb, ya ölüm, ya da dəli olmaq. Lefortovonun mühiti heç kimə üçüncü variantı verməyib.


Lefortovo həbsxanasının ən dəhşətli mənzərələri yeraltı hissəsində baş verib. Ən böyük “vətən xainləri”nin istintaqı burada aparılıb, ən ağır işgəncələr burada verilib. Bəzi hallarda güllələnmə hökmü də məhz burada icra edilib.


Lefortovo həbsxanası fəaliyyətə başladığı gündən müasir dövrümüzə qədər qapalı müəssisə statusundadır. Bu müəssisənin hətta həyətinə belə turistlər, kütləvi informasiya vasitələrinin nümayəndələri buraxılmır, jurnalistlərin sorğularına çox nadir hallarda məhdud şəkildə çavab verilir.
Türmənin tarixində yalnız bir dəfə həbsxana ilə tanışlıq məqsədilə 1993-cü ildə mətbuat konfransı keçirilib.


1954-cü ildən 1991-ci ilə qədər Lefortovo türməsi SSRİ DTK-nın tabeliyinə verilib. 1991-2006-cı illərdə həbsxana Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin balansında olub, 2006-cı ildən isə Rusiya Ədliyyə Nazirliyinin tabeliyindədir.
1950-ci illərdən sonra Lefortovo türməsi 1990-cı illərdə növbəti dəfə öz “sakin”ləri ilə populyarlaşıb, gündəmə gəlib. 1991-ci ildə “QKÇP” üzvləri məhz bu həbsxanada saxlanılıblar.


Hazırda Lefortovo həbsxanası bir çox cəzaçəkmə müəssisələrindən məişət şəraitinə görə fərqlənir. Burada mütəmadi olaraq təmir işləri aparılır, saxlanınanların məişət şəraiti yaxşılaşdırılır. Həbsxana kameralarında minimum mebellər, televizor, soyuducu məhbusların ixtiyarına verilib.
Əvvəlki illərdən fərqli olaraq həbsxanada ərzaq təminatı, tibb xidməti, sanitar-gigiyenik şərait, qanun çərçivəsində vəkil, hüquq müdafiəçiləri və ailə üzvləri ilə görüşlərin verilməsi müvafiq qaydalara uyğundur.
Həmçinin həbsxanada gəzinti üçün nəzərdə tutulan meydança, kitabxana, avadanlıqlarla təchiz olunmuş görüş otaqları və s. fəaliyyət göstərir.
/Musavat.com/

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər