ARAŞDIRMA

Hit : 273

Leninin mühafizəçisi, Stalinin və Xruşovun sevimlisi, Brejnevin rəğbət bəslədiyi marşal – Zaxarovun “dikbaşlığı”

Leninin mühafizəçisi, Stalinin və Xruşovun sevimlisi, Brejnevin rəğbət bəslədiyi marşal – Zaxarovun “dikbaşlığı”

16:56, 31.01.2020

SSRİ-nin hərb tarixində onun özünəməxsus yeri olub. İosif Stalin marşal Matvey Zaxarovun xidmətlərini yüksək qiymətləndirib, müharibə illərində ən mürəkkəb hərbi əməliyyatlarda marşalın iştirakını vacib sayıb. Nikita Xruşov da Zaxarovun peşəkarlığına yaxşı bələd olub, onun karyerasına təkan verib. Leonid Brejnev isə Zaxarova müdafiə naziri postunu təklif edib. Amma bütün bunlarla yanaşı Kreml intriqaları marşal Zaxarovdan da yan keçməyib...

Matvey Zaxarov 1898-ci ildə Tverdə anadan olub. Hələ uşaq yaşlarında olarkən ailə Leninqrada köçüb. Zaxarov burada orta hərbi təhsil verən məktəbdə oxuyub. Birinci Dünya müharibəsi illərində o, müdafiə sənayesi zavodunda işləyib. Zaxarov 1917-ci il noyabr inqilabının fəal iştirakçılarından biri olub, Qış Sarayının alınmasında fəallığı ilə fərqlənib. Həmin ərəfədə gələcəyin marşalına bir müddət Leninin mühafizəçisi olmaq kimi məsuliyyətli bir iş də həvalə olunub.

 

Matvey Zaxarov Frunze adına hərbi akademiyada və baş qərargah yanında akademiyada təhsil alıb. Belarusiya və Leninqrad hərbi dairələrində müxtəlif vəzifələrdə çalışan Zaxarov 1938-ci ildə baş qərargah rəisinin köməkçisi vəzifəsinə təyin edilib.

 

 

Qanlı repressiya illərində Zaxarov haqqında Stalinə rəsmi məlumat təqdim edilib və onun eston cəsusu olduğu göstərilib. Stalin yazılı məlumata dərkənar qoyub: “Təkrar araşdırılsın”. Təkrar araşdırma zamanı Zaxarovun casusluğunu təsdiqləyən heç bir fakt əldə olunmayıb. Amma buna baxmayaraq, o, baş qərargahdan uzaqlaşdırılıb.

 

1940-cı ildə Odessa hərbi dairəsinə qərargah rəisi təyin edilən Zaxarov elə müharibəni də orada qarşılayıb. Onun yaratdığı ehtiyat korpusu Moskvanın müdafiəsinə göndəriləndə və keçirilən hərbi əməliyyatlarda uğur qazananda Zaxarov Stalindən ilk rəsmi təşəkkürünü alıb.

 

Müharibənin başlandığı gündən sonuna qədər Matvey Zaxarov ən ağır cəbhələrdə xidmət edib.

 

 

Müharibədən sonra o, Leninqrad hərbi dairəsinin komandanı vəzifəsinə təyinat alıb. 1957-1960-cı illərdə isə Zaxarov Almaniyada sovet qoşunlarının komandanı vəzifəsində xidmət edib.

 

1960-cı ildə Nikita Xruşov Zaxarovu qəbuluna dəvət edib. Sonralar Zaxarov öz xatirələrində bu dəvət haqqında yazıb:


“Mən Xruşovun dəvətinin hansı məqsədlə olduğunu bilirdim. Bir neçə dəfə ona xidməti yerimi dəyişməklə bağlı müraciət etmişdim. Leninqrada qayıtmaq istəyirdim. Düşünürdüm ki, Xruşov məni Moskvaya elə bu məqsədlə çağırır. Amma düşündüyüm kimi olmadı. O, məni yüksək əhvalla qarşıladı və dəvətinin məqsədini açıqladı:

 

 

- Artıq Moskvaya gəlməyinizin vaxtıdır. Mən qərar qəbul etmişəm, siz isə hərbçi kimi bu qərardan imtina edə bilməzsiniz. Sizə Almaniyada təhvil-təslim üçün yeddi gün vaxt verilir. Oradakı işlərinizi təhvil verib yeni vəzifənizin icrasına başlayın.


Mən ona təşəkkürümü bildirdim:

 

- Mən Leninqradda böyümüşəm, bu şəhər mənim üçün çox doğmadır. Təşəkkür edirəm ki, müraciətimə müsbət cavab verdiniz.

 

- Siz nəyi nəzərdə tutursunuz? Hansı Leninqraddan danışırsınız? Siz baş qərargah rəisi təyin edilirsiniz...

 

 

Əlbəttə, bu təyinat gözlənilməz idi və açığını deyim ki, mən bu vəzifəni arzulamırdım. Amma nəyi isə dəyişmək də mümkün deyildi. Kabineti tərk edəndə Xruşovun son sözləri məni çox narahat etdi:

 

- Heç nədən narahat olmayın, biz nə deyəcəyiksə, siz də onu icra edəcəksiniz. Belə olan halda həm sizə, həm də mənə rahat olacaq...”

 

Beləliklə, Matvey Zaxarov 1960-cı ildə baş qərargah rəisi vəzifəsinə təyin edilib. Təyinatdan çox keçməmiş Zaxarovla Xruşovun arasında xoşagəlməz söhbətlər yaranıb. Zaxarov hər dəfə Xruşovun yanında olanda Xruşov ona xidməti işə aid olmayan məsələlərdən danışıb, xüsusilə də vaxtilə Stalinin “yarıtmaz” siyasətindən. Və bu söhbətlərdə Xruşov Zaxarovun dilindən Stalinin ünvanına tənqid eşitməyib.

 

 

Nəhayət, belə görüşlərin birində Xruşov marşalla daha açıq söhbət edib:


- Siz necə qəbul edirsiniz ki, müharibə dövründəki xidmətlərinizin hamısı Stalinin adına çıxılır. Axı, döyüşən də siz olmusunuz, qələbəni də siz qazanmısınız. Mən sizin müharibədəki xidmətlərinizə yaxşı bələdəm, yüksək peşəkarlığınızdan, göstərdiyiniz qəhrəmanlıqlardan xəbərdaram. Bəs niyə susursunuz, niyə mətbuatda çıxış edib demirsiniz ki, hərbi əməliyyatların keçirilməsi ilə bağlı müşavirələrdə Stalin xəritədən istifadə edə bilməyib, əməliyyat ərazilərini qlobusda göstərib, niyə susursunuz...

 

Zaxarov ayağa qalxaraq Xruşovun sözünü yarımçıq kəsib:

 

- Xeyr, yoldaş Xruşov, mən bunu bacarmaram, Stalin mənim üçün böyük sərkərdədir və qələbənin təmin olunmasında onun danılmaz xidmətləri olub. Mən Allahım qarşısında günahkar ola bilmərəm...

 

Bir neçə gündən sonra Mərkəzi Komitədə keçirilən iclasda Zaxarov Xruşovun hədəfinə düşüb. Xruşov marşalı “Stalinizm hərəkatının yaradıcısı” adlandırıb. Zaxarov baş qərargah rəisi vəzifəsindən azad edilib və hərbi akademiyaya rəis təyin edilib.

 

Xruşovun devrilməsindən sonra Matvey Zaxarov əvvəlki vəzifəsinə, baş qərargah rəisi və müdafiə nazirinin birinci müavini vəzifəsinə qaytarılıb.

 

1967-ci ildə SSRİ müdafiə naziri Rodion Malinovski vəfat etdikdən sonra Brejnev Zaxarovu müdafiə naziri vəsifəsinə təklif edib. Marşal bu vəzifədən qəti şəkildə imtina edib:

 

- Leonid İliç, bu mənim üçün böyük etimaddır. Amma nazir vəzifəsi həm də siyasi postdur, mən isə hərbçiyəm, baş qərargahda dövlətimizə daha çox xeyir verə bilərəm.

 

Matvey Zaxarov 1971-ci ilə qədər bu vəzifədə çalışıb. Ömrünün son illərində xatirələrini qələmə alıb.

 

 

Marşal 1972-ci ildə, 73 yaşında vəfat edib. Matvey Zaxarovun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub./Musavat.com/

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər