BÜTÜN YAZARLAR
Ilqar Kamil
Zəminin ortasındakı müqqəvva adam
10:51, 04.05.2016

Hicab bağlayana qıcıq olanlara cavab olaraq demək olmaz ki, "mən hicab bağlayıram, sənə nə?" Çünki izah etdiyim kimi, bunun onlara çox dəxli var!

 Çoxdan yazdığım bir hekayə vardı: "Azan səsi". Şeytanın vəsvəsəsi ilə ehtirasın əsirinə çevrilmiş bir oğlanla qızın hekayətini danışırdı; uzun "zəhmətlərdən" sonra oğlan qızın saqqqızını oğurlayır, hazırladığı bir evə dəvət edir, iki dünyadan bixəbər adam kimi, şeytanın qıratına minib yeyib-içib əylənirlər, keyfü-damağ tavanda, qəhqəhə səsi qədəh səsinə qarışıb, incə təmaslar, qırıqı-qırıq öpücüklər... gecənin sübhə yaxın vaxtında, işin oğlanın nəfsani xeyrinə bitməsi üçün hər şey hazırkən birdən yaxındakı məsciddən azan səsi ucalır: 

 

“Alla-a-hu Ək-bər!!!”

 

“Hiiii” – qız elektirik cərəyanı keçirmiş adam kimi qışqırıb oğlandan aralanır. Bu dəhşətli səs sanki lap Allahın öz səsiymiş kimi, qızın bədəninə vahimə, titrəmə, üşütmə salır; qızın ruhu sifətinə yığışır, əsir, titrəyir, "aman Allah, biz neynirik?" deyə əllərini dizlərinə çırpıb var gücüylə çığırır, amma özünü itirmir, oğlanın yalvarışlarına baxmayaraq dərhal dəftər-darağını yığışdırıb, ağlaya-ağlaya günah məkanını tərk edir. Bəs oğlan? Oğlan əsəbindən dəliyə dönmür bəs, dodaqlarını gəmirə-gəmirə evdəki bütün əşyaları qırıq-qırıq eliyib tökür ey. Asan məsələ deyil axı: neçə aydan bəri min bir əzab-əziyyətlə qızın başını tovla, ona-buna yalvararaq güc-bəlayla bir ev düz-qoş, quyruğuna yağ sürt, dilinə bal yax, min cür şirin söz, kompliment, əlləş-vuruş, tam da “zəhmətinin” bəhrəsini görəcəyin vaxt hər hansı bir səs dəlisov qasırğa kimi coşub bütün “qurub-yaratdıqlarını” bir an içində yerlə yeksan eləsin. Elə bil bu gün gedib əlində-ovcunda olan 10000 dollarının hamısını manata çevirirsən, sabah manat devalvasiya uğrayıb olur bir kisə saman, necə olarsan? 

 

Oğlan oturduğu yerdə donub qalır, gözü sanki quyunun dibinə düşür, üzü sıyrılmış qılınc tək uzanır, saxta təbəssümü buz parçası olub dodaqlarına yapışır. Və ən əsası, rəzil nəfsinin əsiri olmuş bu biçarə gədə o gündən etibarən azan səsinə nifrət bəsləyir. Bilirsiz, azan səsidir, hicabdır... bu kimi şeylər həm də "zikrullah"dır axı, yəni, Allahı xatırladan (!!!) unikal bir atributdur; məsələn, hicab həm də ona görə qıcıq doğura bilər ki, göz önündə Allahı, mənəviyyatı canlandırır. Sən tam şeytanın ilıq qoynunda kef-damağdaykən istərmiydin birdən-birə gözünə Allah görünsün? Necə təsir edərdi? Şok effekti yaşatmazdımı? Əhvalını korlamazdımı? Bax, məsələ həm də budur.

 

 Ona görə də, hicab bağlayana qıcıq olanlara cavab olaraq demək olmaz ki, "mən hicab bağlayıram, sənə nə?" Çünki izah etdiyim kimi, bunun onlara çox dəxli var! Əlbəttə ki, hicab, azan səsi... şərtidir, onların yerinə Allahı xatırladan (zikrullah olan) istənilən şeyi qoya bilərsiniz, hətta bu, ADAM da ola bilər! Təəccübləndiniz? Hə, hə, adam! Sən nəfs adlı “köhlən atının” belində, onun bunun bostanına-bağına girərkən, bir də görərsən çıxar hansısa künc-bucaqdan, gözünü ağardıb ehtirasını içində dondurar, sanarsan ki lap səni güdürmüş – məhsulu qurd-quşdan qorumaq üçün zəminin ortasına basdırılmış müqəvva adam kimi. “Yaman vahiməli adamdı” –deyə düşünərik bəzi adamların haqqında, o isə sadəcə Allah adamıdı, vicdanlıdı, dürüstdü.

 

Bir paxırın yoxsa, a zalım balası, nədən belə qorxudur səni evinin qapısının qəfil döyülməsi...?! Deməzsənmi ki, ay qardaş, bu nədi üyüdüb tökürsən, axı ayə var, buyurur: “Qəlblər Allahın zikri ilə aram olar”. Bəs bunu necə edək, necə qavrayaq? Bu ayə, həbibi-mənlər, sağlam qəlbli adamlara aid, xəstəsə qəlbiniz, zikri-Xuda sizi aram deyil, əksinə, didərgin, nigaran, narahat edəcək. Bax, bu da sizə bir ölçü, ölçün ölçə bildiyiniz qədər.

 

Yazmaqda olduğum (sizin də oxumaqda olduğunuz) yazının əvvəliylə sonu bilinməyən bu dolam-dolaşıq yerində, gün hayandan beynimə vurdusa məşhur Giordano Brunonun yandırılacağı tonqalın yanındakı dediyi son sözlərini xatırladım: "Mən bu hökmü dinlərkən heç də o qədər qorxmuram, nə qədər ki, siz onu mənə elan edərkən qorxursunuz!"

YAZARIN DİGƏR YAZILARI