BÜTÜN YAZARLAR
Ilqar Kamil
Yaxşı və pis insanlar
12:35, 05.02.2016

İnsanları tanımağın ən aydın yollarından biri də onların hadisələrə reaksiyalarıdı. Xüsusən də bədbəxt hadisələrə. Reaksiyaları incələməklə insanların qəlbinin nə boyda olduğunu anlamaq olar

“Gəlin biz, bir xətaya görə min doğrunu silənlərdən olmayaq!”

 

İlqar Kamil
İslaminSəsi üçün

Bığ yerimin yeni-yeni tərləməyə başlayan vaxtlarıydı. Ya da düz xatırlamıram, bundan da bir az qabaqdı deyəsən. Qonşular ata-qardaş kimi mehribandı, yaxındı. Həyətlərimizin arasında hündür hasarlar hörülməmişdi, belə dəb deyildi yəni. 10-15 dənə ağac dirəkdi, 20-25 metrə də "setqa", vəssəlam! Onu dakı çox vaxt "yaramaz" inəklərimiz aşırardı, əzərdi.

Kompüterimiz, aypadımız, telefonumuz yoxuydu, heç ayaqqabımız da yox idi axı, köhnə bir top idi, 7 dənə də qırıq sual, aşırt ki, aşırdasan, ayaqyalın, əççəbala, həyətdə oynayardıq axşamacan. Acımaq, susumaq, yorulmaq həzzi varıydı; axşam evə dönməyə gecikmək, küçədə, qonşuda yubanmaq ləzzəti varıydı; dərhal nigaran olan, evimizə çağıran anamız varıydı.

Qohumlar bir-birinə qonaq getməkçün qabaqcadan xəbər göndərmirdilər hələ. Heç dostlar da belə etmirdi. Müharibəydi, ərzaq çatışmırdı, çörək talonla satılırdı, amma biz yenə də xoşbəxtdik. Hər şey əlaydı yəni.

Günəş yorulub əldən düşmüşdü o gün, şələ-şüləsini yığıb dünyamızdan getməyə hazırlaşırdı, bizsə hələ də yorulmamışdıq, nə yorulması, a kişi! Köhnə boya qutusuyla futbola bənzər bir şey oynayırdıq. Uddu-uduzdu yox idi bu dəfə, elə-beləydi oyun, məzəyçün yəni. Bir də baxdıq ki, hardansa şaqqa-şaraq, yanğın səsləri gəlir. Gözlərimiz bərəldi, içimizdən kimsə sinəsini şişirdib şəhadət barmağını səmaya doğru uzadaraq həyəcanla dedi ki: “Uşaqlar, hələ bi dənə göyə baxın”. Uşaq marağıyla boylandıq baxdıq, tüstü-duman bürümüşdü kəndimizin səmasını. Ağzımız açıq qalmadı bəs. Topu-zadı unutduq yuvarlanıb düşdüyü yerdə, heyrət içində axışdıq küçəyə ki, görək nədir, kimdir yanan?
Hamı küçədəydi, hamı həyəcanlıydı. Bəlli oldu ki, filankəsin evi yanır…

***
Yanğın söndürüldü, sonradan ev bulduzerə verildi, yerində yeni ev də tikildi hətta, lakin o vaxt o hadisəyə verilən iki rekasiya həmişə ağlımın bir küncündə qaldı. Qoşuluğumuzda yaşayan iki ağbirçək xalanın fərqli reaksiyaları məni yaman təəccübləndirmişdi. İndiki kimi yadımdadı, biri kimin evinin yandığını bilən kimi gözünü süzdürüb belə dedi: “Əşşi, əccəb oldu, ona heçnə olmaz! Okqədə yığ, yığ... axırı belə olacağdı dənə”.
O birisi xala isə (indi ağır xəstədi) qəribə bir nigarançılıqla, sağa-sola boylanıb, içini çəkərək etiraz elədi. “Azz, nə danışırsan? Ev yanır ey, ev! Ay Allaa, kömək ol, ilahi, yazıqdılar, kömək ol”.
Uşaqdım, belə şeyləri anlayacaq yaşda-başda deyildim, amma nə bilim, o gündən buyana nə billah etdimsə, birinci xalanı sevəmmədim; çeynəmmiş saqqız kimi dadını-tamını itirdi mənim üçün, gözümdən düşdü. Ən çox sevdiyim dostumun anasıydı, nə olsun, qəlbim qırıldı ona qarşı, sevəmmədim onu, sevə bilmədim. İkinci qonşumuza isə dərin bir bağlılıq yarandı içimdə, çox sevdim onun qəlbini və hətta xəstəhal canı indi də dualarımdadı.
İki “cıqqılı” cümlə iki yaşlı-başlı adamı necə dəqiq tanıdarmış, ilahi. "Cıqqılı" ifadəsindən anlayıram ki, bu fikir elə o vaxtın fikridir. Lakin, indiki ağlımla da təsdiqləyirəm:
insanları tanımağın ən aydın yollarından biri də onların hadisələrə reaksiyalarıdı. Xüsusən də bədbəxt hadisələrə. Reaksiyaları incələməklə insanların qəlbinin nə boyda olduğunu anlamaq olar. Əsas da qəlbdi də, elə deyil? Qəlb böyükdürsə, başqa hər şey düzələcək.
Söz cığırımı kəndimizdən salıb özümü darıxdırmışkən gəlin sizə bir xatirə də danışım. Bizim kəndə içməli suyu, su maşınıyla - "vodavozla" gətirib satardılar. İçməli suya "şirin su" deyərdik, yadımdadı, "su çəni"mizi doldurub ordan qəfədan-qəfədan götürər istifadə eliyərdik. Çənimizi hər doldutduranda maraq edərdim: axı bu suyun fərqi nədir, onu hardan gətirirlər? Anamdan soruşardım, "bulaqdan" deyərdi, bir şey qanmazdım. Hardasa 11-12 yaşım olardı, kişiləndim, kəsdim "vodavozçu" Qabil əminin qabağını, dedim bu suyu hardan gətirirsən, məni də o bulağa apar özünlə. Əvvəl nəm-güm elədi, sonra nəsə fikirləşib razılaşdı. Bulaq möhtəşəm idi, bilmirdim neynim, sevincimdən az qala "stendal" sindromuna tutulacaqdım, suyundan doyunca içdim, əl-üzümü yudum, sağa-sola səpələdim... Qabil əmi bir cıqqılı dolça verdi, doldur apar evə, dedi. Onnan sonra hər su içəndə o bulaq düşürdü yadıma, sevə-sevə, doya-doya içirdim, axı onun əsl mənbəyini görmüşdüm. Artıq çənimizin suyunun da, ondan hazırlanan çayın da dadı başqalaşmışdı mənim üçün...

İnsanı suya bənzətsək, onun əsl mənbəyi və qaynağı qəlbidir, Qabil əmilərin qabağını kəsib, bir-birimizin qəlbinə səfər etməyə çalışsaq, büllur kimi qəlbimizi görsək, ara-sıra olan xətalarımızı, acı dilimizi, aqressiyamızı filanı, hamısını rahat-rahat həzm edəcək, hətta sevəcəyik. Bir dəfə demişdim axı, hünər, ən etibarsızı sevə bilməkdir!

Nədənsə mənə elə gəlir ki, ən pis insanın belə qəlbi büllur kimi təmiz qalır. Nədənsə mənə elə gəlir ki, qəlb heç zaman çirklənmir...
Kaş bu sadəcə mənə belə gəlməyəydi, kaş doğrudan da belə olaydı…
Məsələn, mənə elə gəlir ki, dünyada “pis insan” deyə biləcəyimiz adam çox azdı, əksər insanlar yaxşı insandı, lakin, bilirəm ki, reallıq bu deyil və dünyada pislərin sayı yaxşılardan qat-qat çoxdur. Elə isə, niyə? Heç düşünmüsünüz? Maraqlı sualdı və məncə bunda, yazılmamış bir həyat qanununun da payı az deyil:
“Bir xəta min doğrunu, bir pislik min yaxşılığı silir – unutdurur”.
İnsanlar yorulur düz olub yaxşılıq etməkdən, anlayın, yorulur! Onlar yaxşılıq edir, edir, edir… bircə dəfə pislik edən kimi hər şey bərbad olur, bütün yaxşılıqları yaddan çıxır. Bütün zəhmətləri puç olur = sıfır!!!
Hamı sizin kimi güclü deyil…
Hamı sıfırdan başlaya bilmir…
İnsanlar bəzən acığa pisləşib qəddarlaşır – sadəcə bu yazılmamış həyat qanunun acığına. Və məhz buna görə, düşünürəm ki, insanlar pisliyə, uçuruma yıxılan kimi yıxılır, yorulub yıxılır.
Bu, xeyirlə-şərin uzun əsrlərdən bəri heç bitməyən mübarizəsidi. Qələbəni xeyrə vermək istəyiriksə…gəlin pislərdən yaxşılar düzəldək…
Gəlin biz, bir xətaya görə min doğrunu silənlərdən olmayaq!

YAZARIN DİGƏR YAZILARI