BÜTÜN YAZARLAR
Ilqar Kamil
TUSİVARİ ALİCƏNABLIQ
14:51, 24.12.2015

Bizsə sadəcə daş atırıq, vəssəlam! Bir dənə də “klişəmiz” var: cəhalət!

Xacə Nəsirəddin Tusi kim olub, hansı dühanın sahibi olub, elmə verdiyi töhfələr və s. bunlar haqda danışmağa gərək duymuram, çünki siz də bixəbər deyilsiniz ki, bu haqda kifayət qədər yazılıb, danışılıb, təkrara nə hacət! Məsələn, deməyəcəyəm ki, çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görüb. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur;
deməyəcəyəm ki, dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilib. Şeyxin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturunun daha çox tanınması haqda da danışmayacağam. Bundan başqa, onun tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərlərininsə, sadəcə adlarını çəkəcəyəm: "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə", "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və s.
Şeyxin “Əxlaqi-Nasiri” adlı möhtəşəm əsərini isə şəxsən oxumuşam.

Bunları yazmayacaqdım, söz-sözü çəkdi yazdım. İndi görün nə deyirəm:
Yazırlar, bir dəfə şeyx Tusi, aylardır üstündə işlədiyi bir elmi məsələnin həllini düz gecənin tən yarısı tapır, bu kəşfdən o qədər xoşbəxt olur, o qədər vəcdə gəlir ki, elə gecəylə evinin pəncərisini laybalay açıb sağ-sola belə səslənir: Eheey, hardadır şahlar və şahzadələr, indicə mənim duyduğum bu həzzi onlar nədən ala bilərlər axı?!
Biz bilmərik, elm-əhli anlayar - Tusinin o gecə, o an nə demək istədiyini, hansı həzzdən söhbət etdiyini.
Bəzi həzzlər var ki...
Məsələn...
Mən qınaqçı deyiləm, heç kimi qınamıram, sadəcə dua edirəm: ilahi, kaş bilməyənlər də biləydi Hüseynə (ə) əza saxlamağın necə bir həzz olduğunu!
Fəqət sözüm bu deyil, sözüm başqadır.
Bu qədər səs-küylü əsərlərin sahibi olan Şeyx əsərlərinin birində belə yazır: "Əgər imamlardan (ə) göstəriş olmasaydı ki, Aşura günü yas tutulsun, Aşuranı İmam Hüseynin (ə) timsalında, Haqqın qələbəsi günü kimi bayram edərdim. Lakin nə hikmətsə, həm Peyğəmbər (s) özü, həm imamlar (ə) təkidlə, Məhərrəmlikdə əzadarlığın zəruriliyini vurğulayıblar".
“Nə hikmətsə...” deyir Xacə, alicənablıq edir, dinin dediyinə təslim olur. Sanki eyni ilə böyük türk şairi Fazil Kısakürək kimi danışır: “Mənim istədiyimi Rəbbim mənim üçün istəmirsə, söhbət bitmişdir!” Bax, mən bu təvazökarlıqdan doğan böyüklüyün (!!!) qarşısında baş əyirəm. Müasir dünya bu böyüklüyün qıtlığını yaşayır əfsus, Tusivari alicənablıq nümunələri çatmır dünyamızın.
Cəhalət deyib bir kənara atmağa nə var ki? Ağız büzmək, qulp qoymaqdan daha asan və daha zəhmətsiz bir iş varmı bu dünyada. Etmir bunu Tusi, “nə hikmətsə...” deyir, təmkinli, alicənab davranır. Haqlısınız, Tusinin bu addımına təvazökarlıqla yanaşı, ehtiyatlılıq da demək olar. Onda mən də deyərəm ki, ehtiyat igidlərin yaraşığıdır: igidlər böyükdür!
Allah və din qarşısında olan belə alicənablığa başqa bir dühanın, məsələn, İbni Sinanın da əsərlərində rast gəlirik, üstəlik, bu statistikanı uzatmaq da olar, lakin... əl-qərəz, deməyim odur ki, anlamadığına dərhal daş atmaq kiçiklərin tərzidir, böyüklər (!!!) dayanar, düşünər, düşünər, ağlına bir şey gəlməsə, olsun, yenə də ehtiyatlı danışar – xüsusən, əgər bu anlaşılmaz olan məsələ hikmət mənbəyinin (Allahın) sözüdürsə!
Bizsə tez daş atırıq...
AŞURA günlərini yaşadıq, başqa yerləri demirəm, elə vətənimizdəki əzadarlıqları, Aşura yürüşlərindəki izdihamı təhlil etsək, etmək istəsək... ortaya maraqlı bir sual çıxır:
Niyə?!
Bax, bu “niyə” haqqında səmimi danışan yoxdur, məsələn, tutaq ki, Tarixçi Altay Göyüşov etiraf edir: “Azərbaycan respublikasının müstəqillik tarixindən bu yana builki qədər izdihamlı Aşura yürüşü olmamışdı”. Əla! Fəqət, niyə?
Düşünürəm ki, kifayət qədər polemik və çoxşaxəli mövzudur.
Bizsə sadəcə daş atırıq, vəssəlam! Bir dənə də “klişəmiz” var: cəhalət! Hansı sahə haqda dəqiq təhlillər, tədqiqatlar etmək istəmiriksə, dərhal adını cəhalət qoyub vicdanmızı rahatladırıq. Deyən yoxdu ki, ay bala, nə cəhalət, bu boyda izdiham deyirəm ey sizə, bu niyə, necə, nə təhər olur?!
Yox!... Biz sadəcə daş atırıq.
Gəlin sizə başqa bir söz də deyim:
Aşurafobiyanın təməlində, bir yandan da baxanda, paxıllıq, həsəd dayanır; bəziləri görürlər ki, illərdir dəridən-qabıqdan çıxmaqlarına rəğmən 5-3 nəfərdən başqa heç kimi arxalarıyca çəkə bilmirlər, yalnız özləri deyir, özləri eşidirlər, lakin əsrlər öncə əli dünyadan üzülən əliyalın bir şəhid hələ də fırtınalar (!!!) yaratmaqda davam edir. İmam Hüseynin - o böyük şəhidin bu çəkiciliyi, cazibəsi onlara öz uğursuzluqlarını xatırladır, insanların imama olan eşqini gördükcə gərginlikdən alınlarında buz kimi tər yaranır; bu cazibəni həzm edə bilmir, əsəbiləşir, narahat olurlar. Çünki bütün (texnoloji və s.) imkanlar əllərində ola-ola, bütüün cəhdlərinə rəğmən, eyni fırtınanın bənzərini belə yarada bilmirlər axı. Dəhşətə gəlirlər! Əslində, qəlblərinin dərinliyinə baxsaq, görərik ki, onların da o gərgin ürəklərini bu misranın ehtişamı sarıb:
"Bu Hüseyn kimdi ki, aləm hamı divanəsidir...?!"

Aşura dəhşətdir!

Hər dəfə Həmid ibni Müslimin Aşura günü gördüyü bu hadisəni oxuyanda qəlbim göynəyir. Həmid deyir, Əbbas qolları kəsilmiş halda atdan düşdü yerə, boğuq səslə Hüseyni səslədi:
qardaş, yetiş!
Nə idi məsələ, Abbas niyə çağırırdı qardaşını? Ölümdənmi qorxurdu o cəngavər?!
Xeyr!!!
Həmid deyir, imam (ə) Abbasın səsini eşidcək, "can qardaş!" deyib tövşəyə-tövşəyə dərhal qaçdı meydana tərəf, amma hələ ona çatmamış, bir də gördüm qəfil dayandı, əyilib yerdən nəsə götürdü, əzizlədi, bağrına basdı, sızlaya-sızlaya öpdü, qoydu gözlərinin üstünə. Təəccübləndim, diqətlə baxdım: Əbbasın kəsilən qollarından biri idi.
Abbasın gözlərini qan tutmuşdu deyə gələni görə bilmirdi, amma ayaq səslərini eşidirdi, odur ki, dilləndi: Eyy, gələn kimsə! Başımı kəsməyə gəlmisənsə, bir neçə anlıq aman ver, çağırmışam, qardaşım Hüseyn gəlməlidir, gəlsin, onu son dəfə görüm, sonra kəs başımı.
İndi təsəvvür edin bu söz əziz imamın (ə) o zərif qəlbinə necə dağ basıbmış...

YAZARIN DİGƏR YAZILARI