BÜTÜN YAZARLAR
Xəyal Şükür
Sumqayıtın Şəhidlər Xiyabanındakı imzasız məktub
11:06, 04.05.2016

“Bu gecə səni yuxuda gördüm, məni çağırırdın. Yanında mənim üçün də yer ayır əsgər yoldaşım. Allahın izni ilə tezliklə yanına gələcəm və birlikdə izləyərik bu fani dünyanı

Bazar günü xalqımızın mərd və qəhrəman oğullarının uyuduğu Sumqayıtın Şəhidlər Xiyabanını ziyarət etməyə getmişdim. Son bir ay ərzində cəbhə bölgəsində baş verənlər fonunda gənc Sumqayıt şəhərinin də bir neçə şəhid verməsi və eyni halda insanlarımızın əziz şəhidlərimizin nəşlərini böyük coşqu, məhəbbətlə ağuşlarına alaraq qarşılaması “Şəhidlər Xiyabanı”nı daha da əzəmətli və mənəvi eləmişdi.

 

Şəhidləri ümumi ziyarət etdikdən sonra aprel ayının əvəllərində şəhid olmuş sumqayıtlı qəhrəmanların məzarına yaxınlaşdım. Şəhidlərimizin dəfnindən kifayət qədər zaman keçsə də, mübarək məzarlar günün bütün saatlarında demək olar ki, insanlar tərəfindən ziyarət edilirdi. Dəfn edilən şəhidlərin məzarları Azərbaycan bayrağına, qərənfil və digər gül çələnglərinə qərq olmuşdu. Lakin şəhidlər içərisində bəzi media orqanları tərəfindən şəhid olan gün “məmur övladı şəhid oldu” xəbəri ilə barəsində məlumat yayılan, lakin Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi vəzifəsində işləyən ananın övladı olan əsgər Əbdülməcid Axundovun qəbiri üzərindəki məktub diqqətimi çəkdi. Yazıda şəhidimizin valideyninin işi ilə bağlı bu qədər diqqət çəkməyimin səbəbi isə bəzi hökumətyönlü və səriştəsiz media orqanlarının nə qədər cılız və mənasız işlərlə məşğul olduqlarını göstərməkdir.

 

Şəhidlərin qəbirini ziyarət edərkən, oradakı nurani və mənəvi abu-hava məni sanki başqa aləmə aparmışdı. Məzarlar kənarında çox böyük aramlıq və rahatlıq tapmışdım. Lakin qeyd etdiyim kimi şəhid Əbdülməcid Axundovun qəbirə üzərindəki məktubu əlimə alıb oxuduqdan sonra ürəyim və mənəvi halım daha da nuraniləşdi.

 

“Bəlkə də içimizə düşən bir kədər idi ruhumuzu bu qədər yandıran. Yaradanın fani yaratdığı bu dünyadan guya kimlər köçmür ki, qardaşım.” – cümlələri ilə başlayırdı məktub.


“Amma sən ölümlərin ən gözəlini yaşadın. Və İnşallah Cənnətin ətirli bağlarının təravəti üzünü vura-vura izləyirsən bizləri...” – İlahi necə gözəl ruhiyyə və ilahi bir baxış. Sizcə belə bir düşüncəyə və ideologiya sahib bir cəmiyyəti və xalqı məğlubmu etmək olar? Əsla mümkün deyil. Təsəvvür edirsiz bu məktubu yazan şəxs şəhidimizi tanıyan az yaşılı gənclərdən biridir.


Sonra məktub sahibi bu gecə şəhidimizi yuxuda gördüyün söyləyir.


“Bu gecə səni yuxuda gördüm, məni çağırırdın. Yanında mənim üçün də yer ayır əsgər yoldaşım. Allahın izni ilə tezliklə yanına gələcəm və birlikdə izləyərik bu fani dünyanı. Allah sənə rəhmət eyləsin. Sən ölməzsən! Ey ŞƏHİD QARDAŞIM...”

 

Bəli, əgər hər hansı bir xalqı və cəmiyyəti aradan aparmaq və məğlub etmək istəyirsənsə ilk öncə onların şəhadət, yəni şəhidlik ruhiyyəsini öldürməlisən. 25 ildən çox idi ki, telekanallar müxtəlif media orqanları ilə əl-ələ verərək xalqın mənəviyyatına qarşı səlib yürüşünə başlamışdılar. Təbii ki, bu yürüş bu gün də davam etməkdədir. Lakin mənə təəccüblü gələn və qəlbimi qürurlandıran budur ki, son 25 il ərzində xalqın mənəviyyatına düşmən kəsilən qüvvələr var gücləri ilə xalqın mənəviyyatsızlaşmasına çalışsalar da buna demək olar ki, nail olmayıblar. Sadəcə onların gördükləri işin nəticəsi nazik bir pərdədən ibarətdir ki, cəmiyyətin fitrətinin üzərində örtülmüşdü. Lakin xalqın fədakar övladlarının və gənclərinin şəhadəti hesabına düşmənlərin 25 illik planının elə də ciddi nəticə vermədiyinin şahidi olduq. Sanki bir damcı şəhid qanı ilə düşmən pərdələrinin hamısı yırtıldı. Bunun ən bariz nümunəsi isə ölkənin bütün regionlarında xalqın öz fədakar şəhid övladlarını hansı coşqu və sevgi ilə qarşılaması və şəhidliyə necə təşnə olmasıdır.

 

 

YAZARIN DİGƏR YAZILARI