BÜTÜN YAZARLAR
Ilqar Kamil
Qrupun avtoriteti
14:14, 31.03.2016

Düşünməyə öz başı varkən, başını heç kimə tapşırmayanlara; heç bir qrupun təsirinə düşməyib, yalnız ətraflı düşünəndən sonra danışanlara; bir şey anlamadıqda isə heeç bir kompleks keçirmədən, mərd-mərdanə susa bilənlərə salam olsun!

Müəllim, dərsə gecikən iki şagirdini qurulmuş bir "tamaşayla" cəzalandırmaq qərarına gəlir, vaxtında gəlmiş 38 tələbəyə tapşırır ki, gecikənlər sinifə daxil olduqdan sonra mən nə desəm, siz həm təsdiqləyin, həm də əlavələrinizi edin. Hamı hazırdı. Gecikənlər gəlir, bayırda isti yaz havası olduğuna rəğmən müəllim pəncərəyə baxaraq deyir: "Ayy, nə gözəl qar yağır". 38 şagird də dərhal və sıra ilə onu təsdiqləyirlər:


- Həə, çoox gözəldi, müəllim.
- Hava lap birdən-birə soyudu e.
- Necə də qəşəngdi, aman Allah!
- Hə, hə, adamın lap ürəyi açılır...


Gecikən şagirdlər bunu eşidib təəccüblə bir-birinə baxırlar: bu necə olur, axı bayırda yaz havası var. Müəllim və şagirdlər bu eksperimenti elə təbii davam etdirirlər ki, gecikən iki şagird gic olub qalır. İş o yerə çatır ki, müəllim, bayıra çıxıb qarın yağışını yaxından izləməyi təklif edir. Bayırda da eyni "tamaşa", eyni ustalıqla davam etdirildikcə yavaş-yavaş o iki şagirdin də dilindən bu sözlər eşidilməyə başlayır:


ayy, nə qəşəng qar yağır.


Bu sayaq psixoloji eksperimentlər çox olub və buna psixologiyada "qrupun avtoriteti" deyilir. Qrupun fərdləri nə qədər çox və nə qədər nüfüzlu adamlardan ibarət olarsa, bu avtoritetin təsiri bir o qədər çox olacaq. Bunun vasitəsi ilə nələr etmək olar, nələr! Təəccüblənməyin, çox da yad söhbət deyil. Diqqət etsəniz, bu hal sosial şəbəkələrdə demək olar ki, hər gün baş verir: bir qrup insan nəyisə (hansısa bir hadisəni) qınamağa başlayır, yerdə qalanlar kimlərdir? Sadəcə "qrupun avtoriteti"ndən təsirlənib küyə gedənlər. Onlar qınanılan hadisənin əslində pis olub-olmamasından xəbərdar deyillər, belə baxanda, bu hadisənin onlara hər hansı bir istisi-soyuğu da yoxdur, lakin, onu filankəslər qınayırsa, demək ki, pisdir və qınanılmalıdır; bu hadisəni filan qrup adamlar tərifləyirsə, demək ki, yaxşıdır və biz də tərifləməliyik - necə deyərlər, karvandan geri qalmaq axsaqlıq əlaməti olar.


Bu gün məlum qüvvələr az qala bütün dünyanı məhz bu avtoritetin hesabına yeknəsəqləşdirir, öz təsirləri altına salır, hətta özlərinin danışan dilinə çevirirlər. Bir də baxırsan adam oturub Azərbaycanın məsələn, “Qarğalıq” adlı ucqar bir kəndində (Gülməmmədi deyirəm e) hansısa avropa insanının hansısa dərdini özünə dərd edir, bəzən də kəndin “şeytan bazarı” adlanan xalq toplaşan yerinə çıxıb el-aləmə car çəkir ki, a kişi, qoymayın, insanlıq əldən getdi. Bu nədi? Bu həmən söhbətdi. Bir başı çıxan adam olsa tutub Gülməmmədi bağrına basacaq, başını tumarlayacaq və ürək ağrısı ilə belə deyəcək: “yazıq balam, oyuna gəlmisən e!”


Dərhal “mən təsirə düşmərəm!” –deyə düşünməyin, bəzən tamaşa çox peşəkarca hazırlanır. Əlbəyaxa döyüş filmlərinin rejissorlarından biri haqda yazırlar ki, filmin döyüş səhnələrini London küçələrində, çox təsadüfi yerlərdə təşkil edərmiş. Döyüş səhnəsinin uğurlu olub-olmamasının meyarı isə, nə qədər qəribə də olsa, beləymiş: aktyorlar elə təbii dalaşmalı idilər ki, ətrafdan keçən camaat gördüklərini küçə davası sanıb, dözməyərək davaya müdaxilə etməli, dalaşanları ayırmağa cəhd etməliydilər. Təsəvvür edirsiniz, yəni, səhnə bu qədər inandırıcı olmalıydı. Alqışlansın!!! Uğur meyarına baxın ha: tamaşa elə inandırıcı qurulmalıdır ki, hətta ayırmağa cəhd olunsun!


Düşündürücüdür, deyilmi?!


Bəzən ən böyük hünər - sadəcə, oyuna gəlməməkdir! Sizə demişdim axı, son illərəcən klassik güləşdə belə bir maraqlı qayda vardı: rəqibin fəndindən yayına bilmək (!) də güləşçiyə xal qazandırırdı.


Yaxşı, bəs “Qrupun avtoriteti"nin təsirinə düşməmək, bununla da kifayətlənməyib, (əsaslı dəlil-sübutun olduğu halda) hətta onun əleyhinə getmək mümkünmü? Mümkündür! Lakin bu, yalnız güclü adamlara xas bir özəllikdir. Əsl azadlıq da elə budur! Amma belə azadə insanların günü-güzəranı heç də asan olmur ha, bunu da biləsiniz. Təkləşdikcə təkləşir, yalqızlaşır, yalquzaqlaşır, bütün qruplardan təcrid olunur...


Bir gün əmin olur ki, tutduğu bu yolda təkdir - tək tənha! Hamının təbii olaraq işi-gücü, dərdi var özü üçün, hansısa qrupların təsirini düşüb axıb gediblər. Onun ideaları nə qədər müqəddəs olur olsun, başqaları üçün sadəcə bir haşiyədir - ikinci dərəcəli epizodik şeylər. Yenə də heç kimi qınamır amma, özündə görür günahı: "Yəqin mən buna layiqəm!" Fəqət belə gözləmirdi axı, ona görə, qəhərlənir. Boğazı düyünlənir. Susur. Sonra bir anlıq hardan ağlına gəlirsə düşünür: bəs görəsən Allah necə, o mənimlədirmi? Bu sual çox silkələyir onu, bir xeyli incidir. Və çox düşündükdən sonra bu qənaətə gəlir ki, bəli, O mənimlədir, yoxsa hər şeyə rəğmən mən necə bu qədər güclü ola bilərdim?! Eybi yox, deyir, təki Allah dayağımız olsun. Yolçu yolunda gərək!


Düşünməyə öz başı varkən, başını heç kimə tapşırmayanlara; heç bir qrupun təsirinə düşməyib, yalnız ətraflı düşünəndən sonra danışanlara; bir şey anlamadıqda isə heeç bir kompleks keçirmədən, mərd-mərdanə susa bilənlərə salam olsun!

YAZARIN DİGƏR YAZILARI