BÜTÜN YAZARLAR
Ilqar Kamil
"Qıdıqlayan Yazı", artıq yüklərdən qurtulmanın yolu
10:38, 25.03.2016

İlqar Kamil, İslaminSesi üçün

İslaminSesi - Cəmiyyətimizdə epidemiya halına gəlmiş və kök atmış problemlərdən biri insanların yersiz və faydasız artıq yüklərə və komplekslərə qatlaşmasıdır. Bu yüklərdən qurtulmanın yolu haqda ilahiyyatçı yazar İlqar Kamilin qələmə aldığı yazını təqdim edirik:


Son günlər belə bir qənaətə gəlmişəm: sən demə mən yayı ona görə çox sevirmişəm ki, yayda üzərimizdə ağır-ağır paltarlar daşımağa məcbur deyilik. Bir dənə enli futbolkadı, bir sərin kətan şalvar, bir dənə də çəkələk, vəssəlam!

Sən demə mən yayı ona görə çox sevirmişəm ki, yayda evə (ümumiyyətlə qapalı məkanlara) da ehtiyac minimuma enir, gecə saat birə, ikiyə kimi gəzir dolanırsan, evə yalnız yatandnan yatana girirsən, bəzən heç yatanda da ev lazım olmur: az olmayıb armud ağacının altında miçətkən qurub yatdığım – kənddə, həyətdə, yayda...

Beləliklə yayda sənə nə qalın-qalın pal-paltar, nə mərtəbə-mərtəbə ev-eşik, nə də başqa şeylər psixoloji təzyiq eləyə bilmir: “biz olmasaq neyniyərsən?” Üstəlik...

Günəşlə aranda heç bir maneənin olmaması necə də gözəldir...

 

O gün xəbərlərdə oxuyuram ki, bir cütlük velosipedlə Avropanı səyahətə çıxaraq 4 min 500 km məsafə qət edib. Əla! Amma iş burasındadır ki, qayıdandan sonra evdəki əşyalar onlara həddindən artıq çox görünüb. Hətta təəccübləniblər də: Bunlar nəyə lazımdı, ilahi!!! Hiss eliyiblər ki, indiyə kimi saxladıqları əşyaların çoxu gərəksizmiş, artıq yükmüş, əlavə xərcmiş - yəni, onlarsız da yaşamaq olarmış. Ardınca neyləsələr yaxşıdı? Evlərindəki əşyaların bir çoxunu götürüb ehtiyacı olanlara paylayıblar. Yüngülləşiblər, sadələşiblər, özləri olublar. Görürsüz də bir səfər necə dəyişə bilər adamın düşüncələrini! Yəqin Nəsimi buna görə “dünya duracaq yer deyil, ey can, səfər eylə!” –deyirdi. Bilirsiniz həyatımızda nə qədər artıq şeylər (komplekslər, artıq məsuliyyətlər, mənasız standartlar və s) daşıyırıq? Bizi yoran, çox vaxt, həyat deyil, bax, o artıqlardı, artıqlar! Şair necə demiş:

 

Giderim buralardan
bir pantalon, bir jeket!

Hələ getməyin, görün nə deyirəm. “Kapsül qardirob” haqqında nə oxumusuz? İzah edim: Yaşadığımız əsrdə dəb sənayesinin hegemonluğuna baxmayaraq, fikir verin, dünyanın, Barak Obama, Mark Zükerberg kimi ən varlı və müvəffəqiyyətli insanları eyni tərzdə geyimlərə üstünlük verir. Bəs bunun səbəbi nədir? Pulları yoxdu? Yoxsa iqtisadi böhran onları da vurub? Yox, yox, söhbət başqadı. Misal üçün ABŞ prezidentinin fikrincə, həyatda geyim seçimindən daha vacib məsələlər var:
“Gördüyünüz kimi, kostyumlarım bir qayda olaraq eyni rəngdədir: boz və ya mavi. Ciddi əhəmiyyət kəsb etməyən məsələlərin üstündə baş sındırmaq istəmirəm, onların sayını azaltmağa çalışıram”.

M. Zükerberg də sadə geyimini belə əsaslandırır: “Səhərlər nə geyinəcəyimi fikirləşməkdənsə, ona xərclədiyim vaxta daha mühüm məsələlərə sərf edərəm”.

"Səhər nə geyinəcəyimə qərar vermək məcburiyyətində olmadığım üçün, gün boyu özümü daha az gərgin hiss edirəm. Əvvəllər geyim üzərində çox düşünürdüm. Yolda “Başqa paltar geyinsəydim, daha yaxşı olardı” deyirdim. Bu cür fikirlər insanı gərginləşdirir. İndi isə geyimlə bağlı bütün komplekslərdən azad olmuşam”. Bu da Nyu-Yorkda incəsənət muzeyinin direktoru Matilda Kahlın dedikləri. Necə də gözəl, necə də sərbəst!

Əslində, məsələnin bir də psixoloji yönü var axı, məsələn, təsəvvür edin, görkəmli alim Eynşteyn eyni paltonu nə az, nə çox, düz 20 il geyinib. Başqaları köhnə, yamaqlı paltoda gəzdiyini ona irad tutanda isə deyirmiş ki, onsuz da hamı Eynşteynin kim olduğunu bilir. Son dövrlərdə, psixoloqlar deyir, özünü geyimi, saç düzümüylə təsdiq etməyə çalışanlar, geyim-keçiminə milyonlar xərcləyib diqqət mərkəzində olmağa can atanlar özünü başqa yolla təsdiqləyə bilməyənlərdir.

Axx. Insan, sən necə də qəliz varlıqsan!

Ustad Mürtəza Mütəhhəri isə “artıq yüklər” məsələsinə daha dərindən yanaşır:

“Biz dua edəndə adətən "ilahi, bizə ver!" deyirik, heç vaxt "ilahi, bizdən al!" deyə dua etmirik. Halbuki ikinci duaya daha çox möhtacıq. İnanın, bəzi şeylər bizdən alınmalıdı, alınmayınca bizə heç nə verilməyəcək! Odur ki, bəzən də belə dua etməliyik: ilahi, mal-dövlətə olan ifrat məhəbbəti, paxıllığı, kin-küdurəti, qəlbin qaralığını, təkəbbürlüyü və həsədi bizdən al. Bunların bizdən alınması, canım haqqı, bizə verilənlərdən daha vacib, daha önəmlidir!”

Ustada qatılıram, qəlbimizin küçələrini zir-zibildən təmizləmək, yollarına su səpmək lazımdı ki,
yar (nur, elm, hikmət, məna, həqiqət) bizə gəlməyə qərar versin, yar bizə gəlmək istəsin, ürəyi getsin bizə gəlmək üçün, a kişi, arzulasın bizi, darıxsın, istəsin... İçimiz-içalatımız tamah, təkəbbür, xılt kimi qaramatla doluykən yar qurbanolduğum axı bizə niyə (nəyə) gəlsin? Qara günə düşməyə?

Odur ki, məndən olsa bizdən alınmalı olanların siyahısını bir az da uzadardım: ilahi, bizdən qeyrətsizliyi, süstlüyü, tənbəlliyi, laqeydliyi, hərdəmxəyallığı da al, yalvarıram, al, yoxsa həmişə elə bax, bu gündə olacağıq! Lakin sonra düşünürəm ki, mənim əlavələrimə dahi mütəfəkkir elə"ifrat dünya məhəbbətini bizdən al" duasıyla toxunub zatən, çünki... bir türlü vaz keçə bilmədiyimiz bu qaragöz, uzunsaç dünyamıza and olsun: laqeydlik, tənbəllik, süstlük, qeyrətsizlik... bunların hamısın, hamısının səbəbi məhz bu gözəl, lakin vəfasız dünyaya ifrat məhəbbətimizdir! Şair bu dəfə lap şahanə demiş:


Gör dərsə Fizuli ki, gözəllərdə vəfa var,

aldanma ki, şair sözü, əlbəttə, yalandır

YAZARIN DİGƏR YAZILARI