BÜTÜN YAZARLAR
Ilqar Kamil
Parkinson qanunu
11:01, 04.05.2016

Təsəvvür edin, siz əslində 5 saata bitəcək bir kitabı 15 saata bitirirsiniz. Bəs 10 saat hara getdi?!

Sizə lazım olan işləri əslində, düşündüyünüzdən daha sürətli edə bilərsiniz. Siz tapşırığa (plan olaraq) nə qədər vaxt ayırırsınızsa, elə o qədər də vaxt sərf edəcəksiniz; yəni məsələn, tutaq ki, bir kitabı əslində, 5 saata oxumaq mümkündür, lakin siz beyninizdə onu 15 saata oxumağı planlaşdırırsınızsa, (bunun yalnız bu qədər vaxtla mümkün olduğunu düşünürsünüzsə) kitab 5 saata deyil, elə 15 saata da bitəcək. Təsəvvür edin, siz əslində 5 saata bitəcək bir kitabı 15 saata bitirirsiniz. Bəs 10 saat hara getdi?!

 

Psixologiyada bu hala "Parkinson" qanunu deyilir. Bu qanuna əsasən insan beyni qalan o 10 saatı avtomatik olaraq elə doldurur ki, insan onun hədər getdiyini hiss belə etmir. Odur ki, V. Sinelkovla ikiəlli razıyam, bütün məsələlər ilkəvvəl bizim beynimizdə həll olur: nailiyyətlər beyində qazanılır, uğursuzluqlar beyində formalaşır – bax, (əlimi gicgahıma vururam) burda!

 

İnsan beyni də paltar yuyan maşını, mikrovalnovka, kondisioner və s. texniki cihazlar kimi proqramlaşdırıla bilir; onu neçə dəqiqəyə "qursanız", işinizi o vaxta hazır edəcək.

 

Ümumiyyətlə, bütün həyatı beyində proqramlaşdırmaq mümkündür; biz bəzən ictimai insanların dolu həyatına baxır, sıxılır, onların şəxsi həyatlarına vaxtı çatmaz deyə düşünürük, əslində isə belə deyil, əslində, onların şəxsi həyatlarındakı uğuru, həzzi, əyləncəsi və s. bəzən bizdən daha çox olur. Niyə? Çünki beyinlərində konkret bir proqramlaşdırma (buna "dedlayn" deyilir) var, çünki onlar zamanlarını bizim kimi, dağınıq (!) yaşamırlar.

 

Sinelnikov "Məqsədin gücü" adlı kitabında yazır ki, dünya və dünya nemətləri heç də məhdud filan deyil, onu məhdudlaşdıran bizim beynimizdir. Sinelnikovdan çox sitat gətirdim, indi isə zamanla bağlı bu kimi məsələrdə sizə çox kömək ola biləcək yeni nəşr olunmuş başqa bir kitabın adını çəkmək istəyirəm:

 

"Zamanı necə yeyək".

 

 

Müəllif öz əzizimiz, öz millətimizin balasıdı: zamanından kifayət qədər faydalı yararlanmış insan, çox hörmətli Rövşən Abdullaoğlu! Bu imzayla, bilirəm, siz çoxdan tanışsınız, lakin təkid edirəm ki, onunla bir daha bu kitabı vasitəsi ilə tanış olun.

 

PS. Zamanın idarəçiliyi ilə bağlı qanunlar çoxdur, ən sevdiklərimdən biri isə amerikalı kinorejissor, "Zamanı sahiblənmək" adlı kitabın müəllifi Stiv Teylortun qanunudur:

 

Əgər hansısa bir anda xüsusi güc axını, gümrahlıq və yaratmaq həvəsi hiss edirsinizsə, həmin anda rutin işlə məşğul olmaq lazım deyil. Dərhal iri proyektlərinizə keçid alın, qurun, yaradın və zövq alın!

 

Və əksinə, enerjinizin tükənmək üzrə olduğunu görəndə, onda təkrarlanan, texniki və elə də cəlb edici olmayan işlə məşğul olun, sənədləri toplayın, internetdə axtarış edin və ya digər monoton işləri icra edin.

 

Zaman həyatdı, ömürdü, candı. Canınızdan muğayat olun.

YAZARIN DİGƏR YAZILARI