BÜTÜN YAZARLAR
Ilqar Kamil
Nə olub bizə..?!
10:49, 04.05.2016

Gerçəkdən də biz niyə bu hala düşdük, əzizi-mənlər, niyə? Bəlkə siz biləsiniz? Hamımız bədbəxtlikdən şikayətlənirik, bəlkə onun cavabı elə məhz bu xırda sualın cavabındadır...?!

Uzun zaman cənnət və cəhənnəm haqqında tədqiqat aparan bir rahib yatıb yuxuda o dünyanı görür. Əvvəl Cəhənnəmə düşür, görür ki, belə bir əcayib qayda var: Götürmək olar, yemək olmaz! Cəhənnəmdəkilər qabaqlarında yemək dolu qazanlar, əllərində iri-iri qaşıqlar, qaşıqlarını qazanlara salıb yeməklərdən nə qədər istəsələr götürürlər, di gəl ki, nə billah etsələr də ağızlarına apara bilmirlər. Cəza belə təyin olunub yəni: götürmək olar, yemək olmaz! Tər-qan basır rahibi. Təsəvvür edin, nemət gözünüzün qabağında xoş ətriylə buxarlanır, acından qabırğaları birbirinə yapışan siz ondan götürsəniz də, yemək üçün ağzınıza apara bilmir, dada, yeyə bilmirsiniz. Bundan betər əzabmı olar?! Odur ki, hamı bədbəxtdi; min cür gözəlliklərdə olan yeməklərə baxıb hönkür-hönkür ağlayan kim, ah-dad edən kim, “ilahi, qurban olum, heç olmasa bir qaşıq...” deyə nalə çəkən kim, “belə də zülüm olar?” –deyə bağıran kim...

 

Rahibin halı pisləşir, bir küncdə çömbəlib əllərini saçına daraq edir, ağlayır, “ilahi, bizi cəhənnəmdən uzaq elə” –deyə dua edir dilinin altında. Sonra onu dartıb Cənnətə aparırlar, içəri girər-girməz təəccüblənir, görür ki, aman Allah, burda da qayda eyni ilə Cəhənnəmdəki kimidir: götürmək olar, yemək olmaz! Fəqət, nə sirdisə, burdakılar Cəhənnəmdəkilərdən fərqli olaraq, ac, dərdli, əzablı deyillər, əksinə, hamı xoşbəxtdi, əhvallar tavanda, hər kəs şad-xürrəm, deyirlər, gülürlər, əylənirlər... Niyə? Axı necə olur? Axı burda da yemək olmaz, bəs bunlar niyə bu qədər xoşbəxtdirlər? Rahib yaxınlaşıb diqqətlə baxır və görür ki, vay, vay... əslində hər şey çox sadədir: onlar qaşıqlarını yeməklə doldurur, öz ağızlarına aparmaq əvəzinə, bir-birilərini yedirdirlər, beləcə hamı yeyir, doyur, hamı xoşbəxt olur. Yəni cənnətdəkilər ona görə cənnətdədilər ki, onlar yeyən deyil, yedirdən camaatdılar. “Hmm, ağıllı söhbətdi” – deyə Rahib bir küncdə dayanıb dilinin altında mızıldanır, “Yemək olmaz, yedirtmək ki olar!”

 

V. Sinelnikov yazır bu hekayəti, "Stressə qarşı peyvənd" adlı kitabında. Maraqlı və ibrətamiz hekayətdir, axı elə dünyamızda da vəziyyət eynidir, deyil? Ətrafınıza baxın hələ. Hamı yalnız özünə dartmırmı? Hamı yalnız özünü düşünmürmü? Hamı yalnız “Mənim olsun!” -demirmi? “Hamı” deyərək haqsızlıq etməyim, lakin, razılaşın ki, böyük əksəriyyət məhz belədir – xüsusən kapitalizm dövrü başlayandan bu yana.

 

Hamı yalnız özü yemək istəyir deyə heç kim yeyə bilmir!

 

Məni qınamayın, istər-istəməz hikmət dolu Quranımızın bu ayəsi yada düşür: "Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?!" (Saffat, 25)

 

Sualdakı dəhşətə bir baxın axı!!!

 

Bu ayədə kilid söz bilirsiz hansıdı? “Kömək”? Yox! “Bir-birinizə”? O da Yox! Bu ayədə kilid söz “Sizə nə olub ki” sualıdır. Tanrının gileyinə bir baxın: ay bəndələrim, siz fitrətən belə deyildiniz, belə olmamalıydınız, yaradılış olaraq siz yeyən deyil, yedirdən olmalıydınız, mən sizi belə yaratmamışdım, təəssüf ki, siz 180 dərəcə dəyişmisiniz, mahiyyətinizdən uzaqlaşmısınız. Sizə nə olub??? Nə olub sizə?! Heyy, sizinləyəm! Bir özünüzə gəlin, nolub sizə!

 

Ayə adamı silkələyir əməllicə! Gerçəkdən də biz niyə bu hala düşdük, əzizi-mənlər, niyə? Bəlkə siz biləsiniz? Hamımız bədbəxtlikdən şikayətlənirik, bəlkə onun cavabı elə məhz bu xırda sualın cavabındadır...?!

YAZARIN DİGƏR YAZILARI