BÜTÜN YAZARLAR
Ilqar Kamil
Kişinin qorxma(ma)sı
11:13, 15.03.2016

Qadının öz həyat yoldaşının yanında nədənsə, kimdənsə qorxması, tədqiqatlar göstərir ki, kişini incidən nəsnədir

İlqar Kamil, İslaminSesi üçün


Mənə "cız!" - dedilər,
ancaq qorxmadım.
Əlimi yandırıb tanıdım odu.
Mənim həyat ilə ilk tanışlığım,
Əlimi yandıran oddan başladı.
(B. Vahabzadə)

Anatoli Nekrasov "ifrat ana məhəbbəti" kitabında deyir ki, dilinə gətirməməsinə baxmayın, kişi, yoldaşının övladına olan dəhşətli məhəbbətini də bir növ qısqanır. Tutaq ki, ana oğluna təkrar-təkrar "oğlum mənim nəfəsim, bütün varlığımdı" deyirsə, kişi biruzə verməsə də get-gedə özünü evin ikinci dərəcəli adamı hesab etməyə başlayır. Nəticədə (özündən asılı olmayaraq) qadınından soyuyur. Çünki kişi psixologiyası heç bir vəchlə ikinci olmağı qəbul edə bilmir. Düzdür, qüruru buna etiraz etməyə icazə verməyəcək, axı ayıbdı, amma o daxilən narahat olacaq – həmişə, hər gün. Bəli, bəli, hələ bu harasıdır? Yaxın oturun, sizə daha həyati bir psixoloji sirr açım:

 

Qadının öz həyat yoldaşının yanında nədənsə, kimdənsə qorxması, tədqiqatlar göstərir ki, kişini incidən nəsnədir. Bundan da betəri, qorxduğu zaman qadının öz kişisinə deyil, başqa birinə, atasına, anasına, qardaşına, hansısa rəfiqəsinə və s. sığınmasıdır. Əmma və lakin, qadının qorxması hardasa başa düşüləndi, bəzi məqamlarda hətta şirindi də. Təsəvvür edin evdən yeni çıxmısınız, yoldaşınız zəng edir: “əzizim, tez evə qayıda bilərsən?” “Nolub ki? Nəsə narahatlıq var? –soruşursunuz. Dilini süründürür, demir, çəkinir, sadəcə evə gəlmənizi rica edir. Siz nigaran olub “nə baş verib axı, əzizim?” - bir daha israrla soruşduqda məcbur qalıb utana-utana cavab verir: “bilirsən... bu aldığın balıq var e, deyəsən diridi axı, qorxuram...” Həə, burada artıq uğunmamaq əldə deyil. Biraz da şeytanlıq varsa canınızda, bundan sonra evə aldığınız bütün balıqlar diri olur...

 

Ümumiyyətlə, subay-evli, fərqi yoxdu, bilin və agah olun: ailə münasibətlərində “qorxu” məsələsi çox qəliz məsələdir, qəlizdir, həm də ki vacib! Tutaq ki, götürək kişinin, xanımının gözü qabağında kimdənsə (nədənsə) qorxmasını. Kişinin qorxması deyirəm e sizə - dəhşət! Belə bir cütlük xoşbəxt ola bilərmi? Bir anlıq gözünüzü yumun və düşünün ki, kişi xanımın gözü qabağında istənilən bir şeydən, məsələn, qaranlıqdan, həbsdən, devalvasiyadan, çətinlikdən, rəhbərindən, müdirindən, nə bilim, prezidentindən, hətta atasından qorxur; müharibə deyəndə dizləri tir-tir əsir, haqqını almaq üçün kiminləsə bir az sərt danışmalıdı, vurnuxur, danışa bilmir, ürəyi nəsə eləmək istəyir, lakin “camaat nə deyər” kompleksi ilə istəyini gecikdirir, borc yiyələri qapısına dayananda qadınını qabağa verib, “de ki, evdə yoxdu” –deyir, siçan görəndə xanımından qabaq hoppanıb stulun üstünə çıxır... belə bir kişi o qadının gözündə, inanın, heç vaxt kişi sayılmayacaq. Ola bilsin qadın bunu biruzə verməyəcək, içinə göməcək – belə edən minlərlə qadın kimi. Yalnız bu nəyi dəyişir ki? Belə ailədə hər gün (ən azından tez-tez, heçnəyin üstündə) dava-dalaş olacaq və onlar bu anlaşılmazlığın səbəbini sosial problemlər, nə bilim səviyyə fərqi və s. şeylərlə əlaqələndirəcəklər, amma təəssüf ki, məsələnin psixoloji kökü dediyimizdir.
Bütün bunlar azmış kimi, bir də “arvadından qorxan kişi” tipi var, arvadının qorxusundan evə vaxtında gələn, məhz onun qorxusundan filan sözü deməyən, filan tərəfə baxmayan və s. Bir var sevgi, sayqı... yoox! Məhz arvad qorxusu! Əzizi-mənlər, görün nə deyirəm: kişi məsələn, ikinci arvad almaqdan imtina edirsə də bu, birincinin qorxusundan deyil, özünün istəmədiyi və ya başqa kişiyana səbəblə olmalıdır: “qadınından qorxan kişi” tipi - bir qadın üçün belə yumrusifət, şirinyanaq, gülməşəkər, sevimli ola bilər, lakin kişi deyil.

 

Nə isə. Bu haqda danışmaq belə ikrah doğurur... harda qalmışdıq? Kişi deyirdik, qorxmaz deyirdik... təbii refleks olaraq qorxsa da qorxusunu yenər, biruzə verməz, tir-tir əsməz deyirdik...

 

Bir ata olaraq ara-sıra oğluma nəsihətlərim olur, sağlıq olsun, yəqin bundan sonra da olacaq, lakin düşünürəm, beləsi bir də olmayacaq:
“Oğlum, tutaq ki, küçədə gedərkən it cumdu üstünə, səni dişləmək istədi, təbii ki, qaç, amma qorxma; igid balam, tutaq ki, kimsə qəfil üzərinə hücum çəkdi, səni vurmaq istədi, təbii ki, zərbədən yayın, amma əsla qorxma. Qaçmaq və qorxmaq həmişə eyni şey deyil, oğlum; bəzən qaçarsan - ürəyində bir zərrə belə qorxu olmaya-olmaya qaçarsan...”

 

Kişi və qorxu – mənim aləmimdə bir araya sığmayan ən zidd iki həqiqətdir! And olsun zülmün qarşısında qorxmadan, çəkinmədən çatılan qaşlara, and olsun batilin önündə sıxılan kişi yumruqlarına, əsl kişilərin həyat devizi bax belədir:
“Ölmək ölməkdir, anladıq, a kişi, bəs xırıldamaq nə deməkdir?!”

YAZARIN DİGƏR YAZILARI