BÜTÜN YAZARLAR
Ilqar Kamil
İllüziyalar
11:18, 12.02.2016

İllüziyalar, əziz insanlar, illüziyalar! Yanlış anlamayın, həyatda insanın hədəfi, məqsədi, amalı olmalıdır, bunlar başqa-başqa şeylərdir

İlqar Kamil İslaminSəsi üçün


Makidoniyalı rejissor Svitozar Ristovskinin "İllüziya" adlı bir filmi var, balkanlı balaca bir oğlannın həyat dramından bəhs edir; demək Marko adlı bu oğlan yoxsul bir qəsəbənin, kasıb bir ailəsində gül kimi həyatını yaşayırdı, bəlkə elə beləcə sakit-sakit yaşayıb ömrünü başa vuracaqdı, əgər bir məsələ olmasaydı. Bir gün Markonun ədəbiyyat müəllimi onu motivasiya etmək istəyir, lakin özü də bilmədən Markonun bədbəxtliyinin təməlini qoyur: "Sənin içində şairlik istedadı var, sən bunu inkişaf etdirməlisən”. – Müəllimi deyir, onun sonrakı vədi isə bütün işləri korlayır: “Yaxşı bir şer yazsan hətta Parisdəki şer festifalına da qatıla bilərsən".

Nə?! Festifal?! Paris?!... Bu söhbət Markonun ayaqlarını yerdən ayırıb onun ağlını çaşdırır. Bundan sonra Marko yalnız Paris illüziyasıyla yaşayır və elə buna görə də artıq buralara sığmır, nə qəsəbəsini, nə ailəsini sevə bilir, onsuz da yola getmədiyi ailəsiylə arası lap açılır, dostlarıyla konfiliktə girir... Parisə getmək üçün bilet pulu lazım olur, Marko kimi tərbiyəli uşaq buna görə oğurluğa da qurşanır, lakin nə billah edirsə, alınmır, Marko xəyalına qovuşa bilmir, üstəlik, özü də pozğunun təkinə çevrilir. Arzuların puça çıxması bu yaşda uşaq üçün kiçik dərd deyil, inanın. Normal bir ailə də yoxdur ki, təsəlli etsin, ağuşuna alıb sakitləşdirsin. Marko bərbad haldadır, bir yandan da lənətə gəlmiş sinif yoldaşları. İncidirlər Markonu, Markonun onlara gücü çatmır, məcbur olub tapança əldə edir və nəhayət...!!! Tamaşaçı Markonun hansısa sinif yoldaşını öldürəcəyini gözləyərkən Marko kimi öldürür, bilirsiniz? Öz müəllimini!

Müəllim ölür, film də bitir.

Film Nitçenin bu fikiri ilə başlayırdı: “Ümid pisliklərin ən yekəsidi, çünki o, insanın ağrılarını uzadır!”

Dino Busattinin dünya şedevrlərindən sayılan "Tatar çölü" romanında da vəziyyət eynidir; romanın qəhrəmanı Droqo hansısa müharibənin olacağı, döyüşüb qəhrəman sayılacağı illüziyası ilə işini-gücünü, anasını, həyatını atıb düz bir ömür Bastiani qalasında xidmət etməli olur - düz bir ömür, təsəvvür edirsiniz? Bir gün arzusu gerçəkləşir əlbəttə, lakin bu elə vaxt baş verir ki, Droqonun nə döyüşməyə gücü, nə taqəti var - qocalıb artıq!

Romanı oxuduqca dəhşətə gəlirsən, axı necə olur ki, insan heç bir məcburiyyət olmadan, öz ixtiyarı ilə bütün ömrünü bir illüzuya uğruna fəda edir, axı bu insanın ağlı var, düşüncəsi var, heçmi düşünmür? Təəccüblənməkdə haqlıyıq, fəqət axı aldanış bir dəfəyə baş vermir ki, fərq edilsin, yox, insan bütün ömrünü çıxarıb bir masadaca ortaya qoyacaq qədər axmaq deyil, o, gün-gün, ay-ay, il-il… az-az aldanır və bu “azlar” yığışıb bütün bir ömrü təşkil edir, yəni, qısası: dama dama göl olur.

Qalaya yeni gələn əsgərlər eşidiklərindən fərqli olaraq, əslində buranın darıxdırıcı, boz bir qala olduğunu görüb geri qayıtmaq istədikdə "böyüklər" dərhal əl-ayağa düşür, müxtəlif bəhanələrlə onların sadəcə 4 ay qalmalarını təmin edirlər, guya ki, dörd aydan sonra qayıtmaqda azaddırlar, hay oldular ha! Axx, insan cidində olan şeytanlar, taktikalarınız necə də eynidir!

Bu dörd ayda o "böyüklər" öz işlərini elə məharətlə görür, qalanın həndəvərində elə əsrarəngiz cəlbedicilik yaradırlar ki, əskərlər bu “sirli” qalaya bağlanır, qalmağı tərcih edirlər - həm də öz azad iradələri ilə!

İllüziyalar, əziz insanlar, illüziyalar! Yanlış anlamayın, həyatda insanın hədəfi, məqsədi, amalı olmalıdır, bunlar başqa-başqa şeylərdir. Bayaqdan sadaladıqlarım hədəf deyil, küləkli havada yiyəsiz, boş sellofanlar kimi hara gəldi uçuşan uzun-uzadı arzu xəyallardı. Dağıdıcıdı, təhlükəlidi, ev yıxandı. İnsanı nələrə, hansı yollara sürükləməz ki. Məgər Mirmehdi Agaoğlunun “Bu gün səbr elə” romanında Dilbəri ərini sözün bir başa mənasında satmağa vadar edən komfort həyat xülyaları deyildi də nə idi? Təsəvvür edin, qadın isti yuvasını öz əlləriylə dağıdır ki, guya bir az yaxşı yaşasın. Məgər Nəsimi arvadı Dilbərin bu axmaq planına eyni xəyallara ağız suyu axıdaraq razılıq vermədimi? Bu illüziya onu ta Amerikayacan aparıb çıxardı, a kişi, iki balasını başsız qoydu. Halbuki onlar öz kiçik daxmalarında gül kimi xoşbəxt yaşayırdılar və hətta o gözoxşayan, təm-təraqlı villaların bağlı qapıları arxasında fərqli bir xoşbəxtlik olmadığını anlasaydılar, daha da xoşbəxt olardılar. Axx, insan, ax!!! Axı sən niyə həmişə, bu günün yaxşı olduğunu sabah, hər şey bərbad olanda qanırsan! Bu mənasız arzu-xəyallarn quyruğunu buraxıb, evindəki, əlindəki, ovcundakı həyatın qədrini bilsən olmazmı? Səməd Mənsur nə deyir, həpsi rəngdir, deyir. Vallah rəngdir, billah rəngdir. Bu həqiqəti idrak etmək üçün illah da bir ömürmü fəda etmək, bir xoşbəxtlikmi xərcləmək gərəkir?!

“Bəndələrimin çox az hissəsi şükr əhlidir”. – deyir Ulu Yaradan.

Şükr - yaşadığın həyatla kor-koranə razılaşmaq, daha mütərəqqi həyata can atmamaq deyil, bunu təmkinlə, ağıl və düşüncə əsasında etməkdir!
Və ən əsası: şükr, yalnız hədəfə çatandan sonra deyil, yolboyu da xoşbəxt olmaq bacarığıdır!
Belə. İndi isə gəlin “Dünyana şükür, ilahi!” –deyə-deyə bu şeri də oxuyaq:

Tutaq ki,
gücün, qüvvətin yetdi tutaq ki
bezmədin
tükənmədin
bütün yolların “bəkarətin” poza-poza
yıxıla-dura gəlib çatdın dəlicəsinə arzuladığın yerlərə
and olsun o yorğun ayaqlarına:
darvazasından içəri girən kimi görəcəksən
ki, elə həmən zibillikdi –
dünən üz döndərdiyin simasızın bir başqa siması
nə davası, a kişi
belə şeylərçün çırtma vurmağa da dəyməz!
Odur ki, boş ver,
burax başını ayların, ulduzların, nə bilim nələrin;
axı hamını isidən o əlçatmaz günəş sənin nəyinə lazım?
Sən, həzin-həzin tüstülənib
yalnız səni işıqlandıran öz kiçik şamının qədrini bil.
onda şamın da belə kövrəkcə tüstülənməyəcək bəlkə
bəlkə əriyib tükənməyəcək də onda
isidəcək də səni üstəlik, aydınlatdığı kimi...
Görürəm ki, ayağına bir daş dəyən kimi
əlini alnına qoyub uzaqlara baxır,
ölüm arzulayırsan tez –tez
a bala, sən bu dünyanın qədrini nə vaxt biləcəksən?
Yaxşı, lap tutaq ki, öldün
axı birdən ordakılar da etibarsız çıxdılar
bəs ordan hara öləcəksən?
Odur ki, bəsdi,
yığ gözünü onun-bunun qapısından,
öz dünyanın qədrini bil.
Bir özün düşün: dünya pis olsaydı, sən bilən
xallı-xullu göyərçinlər uçub getməzdimi başqa dünyalara
hazır qanadları da varkən.
Yox e yox, nəyisə düz bilmirsən;
axı sən məsələn, isti avqust susuzluğunda
bir kasa buz kimi nanəli ayrana necə pis deyə bilərsən?
Mən hələ bunun körpə qoxusunu
ana sığalını demirəm...
Tutaq ki, dünya pisdi deyirsən tutaq ki,
həyat beş qəpiyə dəyməzdi tutaq ki,
bir dön bax:
bəs sən özün yaxşısan?
Bir də ki, dünyanın ən vəfalı qızına and olsun,
hünər – etibarsızı sevə bilməkdi.

YAZARIN DİGƏR YAZILARI