BÜTÜN YAZARLAR
Ilqar Kamil
Hara tələsirsən, a kişi?!
11:04, 15.03.2016

"Qələbəyə tələsən (!) mütləq məğlub olacaqdır!"

İlqar Kamil

İslamınSesi üçün

Hər insanın, əzizi-mənlər, bir əsas çatışmazlığı olduğunu düşünürəm. Düşünürəm ki, məhz bir (!!!) eybi yıxır insanı, bir neçə eybi deyil. Etiraza tələsməyin, nə xəbərdi? Sakit olun və gəlin birlikdə, uğur qazana bilməyən dünya liderlərini, məhşur simaları xatırlayaq, görəcəyik ki, onları da bir neçə qüsuru deyil, məhz bir qüsuru yıxıb. Hansısa lider məhz qorxaq olduğu üçün, hansısa məhz qətiyyətsiz olduğu üçün, kimsə tamahgir, kimsə tənbəl, kimsə səhlənkar olduğu üçün. İndi mən burda durub ad çəkmək istəmirəm, demək istəmirəm ki, məsələn, Hitleri hansı eybi yıxdı, özünüz maşallah, əhli-elmsiniz, çayınızdan bir qurtum içib qəşəng-qəşəng təhlil edin.

Bu dediyim, siyasi sistemlər üçün də keçərlidir; məsələn, kommunizmi, mən düşünürəm ki, məhz bir çatışmazlığı yıxdı, hə, hə, məhz bir çatışmazlığı! Və yaxud, kapitalizmi əgər yıxacaqsa, məhz bir qüsuru yıxacaq, bir neçə qüsuru deyil. Söhbət uzanmasın deyə bu "birlər" haqda qərarı sizin mübarək öhdənizə buraxıram.

Başımızı işdən-gücdən, əsasən də kompyuterdən ayırıb, ətrafımıza baxa bilsək, dik duran insanlardan daha çox yıxılmış insanlar görəcəyik, bu, bir reallıqdır, fəqət səbəb nədir? Sizcə əziz insanlarımızı belə üzüquylu yıxan səbəb nədir? Mən qəsdən "səbəblər" deyil, "səbəb" deyirəm və bu məqamda da düşünürəm ki, insanı yıxan məhz bir şeydir!

Amma nə?

Məncə ən vacib sual da elə budur! Sufilərin dili ilə desək, bu sualın cavabını öyrənmək üçün ömrümüzün yarısını da xərcləməli olsaq ha, dəyər, vallah, dəyər!

Açın Qurani-Kərimi, baxın, deyir ki, Şeytanı da məhz bir xisləti yıxdı – təkəbbürü! Şeytan məsələn, paxıl deyil, sənə hər (!) istədiyini verəcək, qardaş canı, dilə nə dilərsən! Şeytan məsələn, qorxaq deyil, baxırsan, elə heybətli adamlara badalaq atır ki, adamın əli ağzında qalır. Şeytan abiddi, min illərlə ibadət etmiş, hətta mələklərin imam camaaatı olmuş biridir, yəni deməyim o ki, belə baxanda nə olub ki şeytana, gül kimi oğlandı, lakin təkəbbür! Bax, yeganə çatışmayan cəhəti o idi, o da yıxdı evini.

Tarixə nəzər saldıqda aydınlıqla görmək olur ki, tarixboyu insanlar daha çox nəfs və tamahlarından tora düşüblər, yəni onlar tamahlarından yıxılıblar, fəqət bu səbəb hər dövrdə başqalaşıb, dəyişib; bir dövr gəlib qorxaqlıq olub, bir dövr gəlib tənbəllik olub və s.

Bəs müasir insan, bəs onun ən çatışmayan cəhəti nədir?

Jean Renonun baş rol oynadığı "22 güllə" filmi var, Renonun başqa bir çox filmləri kimi bu da düşündürücü filmdir. Orda bir şedevr fikir keçir, məni qınamasaydınız hətta deyərdim ki, bütün film məhz bu sərrast fikiri çatdırmaq üçün çəkilib. Polis rəisi öz ehtiyatlı davranışını belə əsaslandırır:
"Qələbəyə tələsən (!) mütləq məğlub olacaqdır!"

Sadə olduğu qədər dərin fikirdi və düşünürəm ki, bu əsrin insanı olaraq bizim bir çox uğursuzluqlarımızın səbəbi də elə budur: biz birinci addımı atıb ikinci addımı tam hədəfin üstünə qoymaq istəyirik. Tələsirik, çox tələsirik, ona görə də həmişə (!!!) tələsirik! Biz var e, biz, dəhşətik! Məsələn, günü (sutkanı) bir kitaba bənzətsək, biz onu oxumuruq ki, tez-tez vərəqləyib keçirik. Elə-belə. Yalnız şəkilli olan vərəqlərdə bir-iki dəqiqə ilişib qalsaq böyük şeydi! A kişi, belə mütaliə olar?

Tutaq ki, 21-ci əsr insanını xarab olmuş saat təsəvvür edib onu saatsaza göstərək və deyək ki: "ay usta, hey, qadan alım, bu insan niyə işləmir, niyə tez-tez dala qalır, nəyi xarabdı?" Saatsaz ekstrasens deyil ki, saatın üzünə baxıb dərdini desin, əvvəl onu hissə-hissə ayıracaq, üfləyəcək, tozunu alacaq, baxacaq, yoxlayacaq, sonra deyəcək ki, bu insanın dərdi filan şeydi. Sizcə ustanın diaqnozu nə olardı? Məncə belə deyərdi: bu insan çox hövsələsiz, darkökslü, tələskən insandı, onun dala qalmasının da, düz işləməməsinin də səbəbi budur!

Tələsməsəydik çoxdan çatmışdıq e, canım haqqı!

"Hara tələsirsən?" - Allah ömür versə haçansa bir roman yazıb adını elə belə də qoyacam. A kişi, ay qardaş, ay anam, ay bacım, hara tələsirsən belə? Nə xəbərdi?! Qayıdıb deyir ki, axı mənim hədəfim var! Puah! Nolar ki hədəfin var, indi vurub öldürəcəksən bizi?! Hədəfinə doğru belə canıhövüllü addımlayırsan deyə bilirsən ayaq altında nə qədər qiymətli şeylər əzib tapdamısan? Onların arasında özün də varsan ey! Nolub, a başına dönüm? Bir az yavaş də!!!

İli, ayı, həftəni, günü, saatı... hətta anı belə sevə-sevə, doya-doya, duya-duya yaşamaq lazımdı, başa düşürsən?

“Elis” filmi var, Oskar da alıb, baxın, şiddətlə tövsiyə edirəm. Qız xəstə anasına xatirəsini danışır: bir gün nənəmə xallı, qəşəng bir kəpənək gətirdim, ağlamsındım, dedim ay nənə, axı niyə kəpənəklərin ömrü az olur? Nənəm güldü, dedi ki, əvəzində onlar bu “az” ömrülərini yalnız gül-çüçəyin içində, olduqca xoşbəxt keçirirlər.

Təsirli xatirədir və üstəlik, sən demə kəpənəklər dadı ayaqlarıyla duyurmuş.

Odur ki, tələsmə, canım arxadaşım! Su içirsən? Lap yaxşı. Əvvəl al əlinə bardağı, suyu gözlərinə göstər, qoy əvvəl gözlərin sevsin suyu, qoy orqanizmin oyansın, suyu istəsin, arzulasın, tələb eləsin. Bax suyun aydınlığına, "suyuna şükür, ilahi" de, sonra dadını-həzzini duya-duya, qurtum-qurtum iç, nuş olsun;

Qəşəng süfrə başındasan? Hamısı sənindi, narahat olma, əvvəl bir bax Allahın nemətlərinə, təbəssüm elə, ürəyin istəsə salamla da, nə bilim, bir az xoş-beş də elə. Sonra tələsmədən, qəşəng-qəşəng dişlə, onları dişlərində hiss et, sonra çeynə, sonra ud...

Yeni kitab almısan? Götür əlinə, üz qabığına diqqətlə bax, arxa üzünü çevir, orda yazılanları da oxu, öp kitabı, bağrına bas, kitab ətri şahanə olur, ətrini ciyərlərinə çək, bir-iki kəlmə gəp də vur onunla, de ki, kitab qardaş, bax, indi mən səni oxuyacam, səndən nələrisə öyrənməyə çalışacam. Sonra rica da elə: "Sən Allah, qəliz olma, yaxşı? Səni də o biri qardaşların kimi yarımçıq qoymaq istəmirəm!"

İndi, əzizi-mənlər, mən durub burda min dənə misal çəkən deyiləm ha. Ardnı özünüz düşünün. Mənim zənnimcə, insan tələsməsə, hər şeylə, hətta cansız əşyalarla da ünsiyyət qura, danışa bilər. Yan-yövrənizdə bu qədər ər-əşya varkən siz də durub təklikdən-tənhalıqdan gileylənirsiniz. Söz atın onlara, zəif damarlarını tutun, bir də görəcəksiz ki, əşyalar da danışır sizinlə!

Adamı danışdırmağa nə var ki? Hünər – daşı danışdıra bilməkdir!

YAZARIN DİGƏR YAZILARI