BÜTÜN YAZARLAR
Ilqar Kamil
Hara gedirsiz?
11:16, 27.05.2016

“Heç həyat haqqında düşündüyünüz olub?

Məni dostum tutub gətirib bura. İsrar eləyib: “Abi, bir məclis var, dədəm tapşırıb, canıvı yeyərəm, gedək mənimlə, yarım saat oturaq duraq”. Bu dillərin qarşısında “yox” demək olar? Artıq burdayıq e, oturmuşuq. Həzər belə təsadüfi qonaqliqlar əlindən: yad şəhər, yad adamlar, yad mövzular. “Bura haradı məni gətirmisən, ay qa?” Arabir dostuma baxıb göz ağardıram. Dinmir. Gülür tülkü-tülkü. İnanın, özümü marsdan gəlmiş yadplanetli kimi hiss edirəm. 


Ortayaşlı lopabığ kişilərdi. Dostumun sözü ilə desəm, bu şəhərin “tuzlarıdı”. Hansısa ölənlərini yad eləmək üçün yığışsalar da pul-paradan, fermadan, torpaqdan, alverdən başqa danışdıqları yox. Əslində buna danışmaq da demək olmaz axı, bir çəllək mənasız laqqırtıdı, düşüb ortaya vaxtın anasını ağladır. Birazdan içlərindən yekəqarın, göygöz olanı qalstukunu boşaldandan sonra nə “oşibka” buraxırsa qırğın düşür. Nərənin bir beş qəpikdən, zalımın balaları elə bil mikrofon udublar, qışqırırlar ey. Danışıqlarından bəlli ki, hamısının yekə-yekə fermaları var, amma kim daha “bərk gedən”di? Bax dava bunun davasıdı, intonasiyalar, səs tonu, göz-qaş... aman Allah, əsl kino! Əl-qərəz, bütün bu səs-küyün içindən birdən nəsə yeni bir səs, yeni bir söz eşidilir və səsdə elə bir qəribəlik var ki: 

A kişi, hara gedirsiniz?

Hamı kimi mən də dönüb səs gələn tərəfə baxıram və nə qədər qəribə də olsa görürəm ki, sözü deyən mənəm, mən – özüm! Necə olubsa tuta bilməmişəm, söz sivişib dodaqlarımın arasından çıxıb. Nə yaxşı da çıxıb. Helə bil qurbağa gölünə daş atmısan, hamı donuq-donuq susub mənə baxır. Bu qulaqdələn sükutu pozan bircə səs var, o da dostumun öskürək səsləridi. Bilir axı xasiyyətimi. Nə isə. Özümü itirərəm heç? Bir də təkrarlayıram, amma bu dəfə şüurlu, iradəvi:

Cənablar, hara gedirsiniz?

Kaş indi burda olasınız, və bu sallaqdodaqlıların sifətlərindəki ifadəni görəsiniz. Sanki hamısı bir ağızdan soruşur: “Əə, bu nə danışır, əə?!”

“Həyat nədir sizin üçün?” – İkinci sualım çıxır ağzımdan. 

“Heç həyat haqqında düşündüyünüz olub?” – Bu da üçüncü sual. 

və ardınca “siz, a cənablar, hara gedirsiniz?” – yenə birinci sualın üstünə qayıdıram. 

İçlərindən həmən o göygöz, yekə qarın olanı alnını şaftalı tumunun qırışı kimi qırışdırıb dostuma tərəf burulur: 

“Əə, bu... kimdi?” 

“Bu”dan sonra astadan nəsə deyir, eşitmirəm, amma əminəm ki, dünyanın ən ağır sözləri var, ən yaxşısı isə “axmaq”-dır. Dostum yazıq da neyləsin, işimizin fırığ olduğunu görüb dərhal mənə göz eləyir ki, qalx çıxaq aradan. Fəqət mən gedərəm? Uzağı döyülmək deyil? Buyursunlar döysünlər. Ölmək ölməkdi, xırıldamaq nə deməkdi. Bir yol tapıb aranı sakitləşdirirəm və ardınca başlıyıram bunlara rus rejissoru Bıkovun “Axmaq” adlı filmindən danışmağa. Filmin sujet xətti tam bunların həyat tərzini izah eləsə də heç veclərinə də deyil, axı filmdi. Helə də ləzzətlə qulaq asırlar ki, lap elə bil marça-marçla yemək yeyirlər. Birdən, içlərindən həmən o göygöz, yekəqarın olanı var idiye, bax, hə, o yenə dillənir:

- Gərəy baxay, eloğlu, gərəy baxay, maraxlı kinoya oxşuyur.

Sağollaşıb çıxırıq, dostum dava-şavasız qurtardığımıza şükr eliyir, mənsə yol boyu filmdən bu sözü xatırlayıram: 

"Biz insanlar, çox əfsus, donuz kimi yaşayırıq, donuz kimi də ölürük”.

YAZARIN DİGƏR YAZILARI