BÜTÜN YAZARLAR
Ilqar Kamil
Günah (yenə də) kişilərdədir!
10:42, 25.03.2016

İlqar Kamil, İslaminSesi üçün

Yenicə əyləşmişdi ki, sol tərəfdə əyləşən xanım burulub soruşdu:


- Bağışlayın, Nizami 55 -ə getmək üçün hansı dayanacaqda düşməliyəm?

Fikirli idi deyə diksindi:

- Bəli, xanım...?

- Nizami 55-ə deyirəm, necə gedə bilərəm?

- Həə, deməli belə...

Murad ona izah eləmək istədi ki, növbəti dayanacaqda düşdükdən sonra bir xeyli piyada getməlidi. Sağa dönməlidi, sola burulmalıdı... əlindəki sumkanın ağır olduğunu görüb tələbə bacısını xatırladı, ürəyi yanıb fikrini dəyişdi:

- Mənimlə düşərsiz, mən yolun davamını sizə izah edərəm.

- Çox sağolun. Siz də ora gedirsiz?

- Xeyr, amma gedəcəyim ünvan ordan çox da uzaq deyil, sizə yolu göstərib piyada davam eliyərəm.

Xanım bir söz demədisə də sir-sifəti turşu yemiş adam kimi qırışdı. Deyəsən belə bir addım gözləmirdi. Növbəti dayanacaqda avtobus dayandı. Murad nəzakətlə xanıma tərəf əyildi:

- Verin kömək edim...

- İstəməz!!!

İkisi də endilər. Bir xeyli dinməz-söyləməz addımladılar. Sonra Murad sükutu pozmaq, yola körpü salmaq üçün maraqla yolun davamını izah etməyə başladı:
“Qarşıdan sağa dönəcəyik, orada önümüzə bir hündür bina çıxacaq, restorandı. Onun sol tərəfindən keçib, düz axıra kimi gedəcəyik, vəssəlam! Nizami 55!”

Xanım sanki Muradı heç dinləmirdi:

– Dayan, olar sənə bir sual verim? - istehzayla soruşdu.

- Əlbətdə olar.

- Düzün de, sən bütün bu canfəşanlığı niyə edirsən? Nə məsələdi? – O sualını verib müstəntiq kimi Muradın düz gözünün içinə zilləndi.

- Necə yəni...?! – Murad qəfil sualdan çaş-baş qaldı.

- Deyirəm, yəqin bütün bu canfəşanlıqdan sonra “padxod” başlayacaq, hə?

- Xanım... nə danışırsız?

- Sən indi arsız-arsız nömrə də istəyərsən məndən, hə, hə...

- Xanım, lütfən...

Muradın qol-qanadı qırılıb yanına düşdü, düzü, səhər tezdən etdiyi bu kiçik centlmencə işinə görə kefi açılmışdı, azca köksü də qabarmışdı, amma bu zalımın qızı onun fısını elə yatırdı ki. Məyus oldu Murad, nəsə demək istədi, vaz keçdi, sonra gördü ki, yox e, sözü ürəyində qalsa sonra “axı niyə demədin?” –deyib özünü didəcək.
Odur ki...

Sizcə Murad xanıma nə dedi?

Mən uzaqdan yarım-yamalaq da olsa eşitdim, aralarında təqribən belə bir kiçik dialoq keçdi:

- Sizdə günah yoxdu, xanım.

- Bəs kimdədi günah? Təsadüfən səndə olmasın?... Hə, ciblərinə yaxşı bax, bəlkə günah səndədi? – Xanım istehzayla şaqqanaq çəkib güldü. Və bu sayqısız gülüş Muradı hiddətləndirdi:

- Bütün günahlar sizin ətrafınızda, dostlarınızda, qohumlarınızda və ailənizdə olan kişilərdədi!!! Əgər onların arasında bircə nəfər, hə, hə, - o həyəcanla boğazını arıtladı - cəmi bircə nəfər ən azı mənim qədər alicənab bir KİŞİ (!) olsaydı indi siz mənim etdiyim kiçik bir insani jestdə bu qədər dərin və iyrənc mənalar axtarmazdınız...

Cavab xanımın düz burnunun üstündən dəydi, özü də, xəbərsiz dəyən top kimi dəydi. O pul kimi qızardı, dinməzcə döndü və yerişini itiləşdirib Muraddan uzaqlaşdı.

Buna qaçmaq da demək olardı.

YAZARIN DİGƏR YAZILARI