BÜTÜN YAZARLAR
Ilqar Kamil
Gözütoxluq...
11:09, 15.03.2016

Mənim aləmimdə gözütoxluq nəyisə istəməmək deyil, istəyərkən imtina edə bilməkdi. “Götürə bilməyəcəyin şeyi toxunub ləkələmə!” – gözütoxluq bir də budur mənim dünyamda

İlqar Kamil

İslaminSesi üçün

Kafedə əyləşib deyib gülə-gülə söhbətləşən bax bu xoşbəxt cütlük ər-arvaddılar, yəqin verdikləri sifarişin hazır olmasını gözləyirlər. Qadın... sanki Tanrı onu yaradarkən bütün diqqət və qüdrətini səfərbər edib - olduqca gözəldir, təravətlidir, xoşdur. Kişi... ortabab bir kişidir, yaxından baxanda məlum olur ki, hətta fiziki qüsurludur. Yan masadakı əyləşən əclafın ağzının suyunu axıdansa qadının gözəlliyindən də çox bu cütlüyün nabərabər olduğunu düşünməsidir; sanır ki, belə bir gözəl qadın qarşısındakı fiziki qüsurlunu deyil, məhz onu – şümşad qamətli, enli kürəkli, nə bilim, bəbir biləkli kişini haqq edir. Şou başlayır, o özünü qadının gözünə soxmaq üçün minbir centlmenlik oyunları çıxarır, əlli cür hoqqabazlıq edir; siqareti siqarete calayır, əllərini saçlarına daraq edir, guya ki, eşq dərdinə düşüb, ofisiantla hökmlü danışır, çağırıb musiqini əvəzlətdirir... hər nə edirsə olmur, lənətə gəlsin, qadın ona tərəf baxmır belə. Niyə, bilirsiz?

Bayaqdan kişinin bütün bu canfəşanlıqlarnı (bir az da məzəylə) izləyən arıq cüssəli ofisiant nəhayət ona yaxınlaşıb qorxa-qorxa qulağına pıçıldayır:

“Qadın kordu”.
İndi siz bu əclafın düşdüyü halı təsəvvür edin də; qızarır, bozarır, düşdüyü vəziyyətə görə günahlandırmağa bir şey, bir kəs axtarır. Stulun başından pencəyini qapıb masaya bir təpik, kafedən çıxır. Əslində isə qadın kor deyil, sadəcə aşiq idi və ofisiant məhz eşq korluğunu nəzərdə tutmuşdu.

“Əslində isə” dən sonranı belə də yazmaq olar: əslində isə qadın kor deyil, sadəcə tox idi – gözü tox!

Belə də yazmaq olar: əslində isə qadın kor deyil, sadəcə sədaqətli idi;

belə də yazmaq olar: əslində isə qadın kor deyil, əsl qadın idi…

Meyliniz çəksə, könlünüz istəsə siz də öz variantlarınızı əlavə edərsiniz, lakin mən “gözütoxluğun” üzərində dayanmaq istəyirəm. Düşünürəm ki, bu təkcə qadın-kişi münasibətində deyil, həyatın bütün istiqamətlərində insanı insan edən ən ali əxlaqdır.

Bir əziz dostum vardı, Allah rəhmət eləsin, tanınmış simaydı, necə oldusa ağır bir dərdə düşdü– xərçəng xəstəliyinə tutuldu. Yaxşı imkanlı dostları var idi rəhmətliyin, hamısı səfərbər oldular, pul-para, hər şey təklif etdilər, yetər ki, müalicə olunsun, sağalsın. Yadımdadı, onların təklifindən mənə ikilikdə danışıb əlini maşının sükanına çırparaq deyirdi: “Olmaz, olmaz! Evim var, maşınım var, lazım olsa onları sataram. Nə qədər ki, öz imkanlarım var, heç kimdən yardım qəbul etmərəm – hətta ən yaxın dostumdan belə”. Laçından idi Söhrab qardaşım, son günlərinəcən onu sadəcə bir şey narahat etdi: Laçın uğrunda döyüşmədən, Laçının azadlığını görmədən ölmək!

Nə isə. Kövrəltməyim sizi, mən sadəcə gözütoxluğa gözlərimlə şahid olduğum şahanə bir misal gətirmək istədim. Deyir, duzdan imtina et, qənd yemə, çay içmə... çox yaşayacaqsan. A kişi, sənə lazımdı belə duzsuz, dadsız, məzəsiz uzun ömür? Qısa yaşa, lakin kişi kimi, izzətlə, alnı açıq, gözü tox yaşa! İmam Hüseyn məhz belə bir həyatı nəzərdə tutub deyirdi:

Mənim üçün izzətli ölüm zillətlə yaşamaqdan daha üstündür!

Gülməmmədsə bir xeyli yaşadıqdan sonra bu qənaətə gəlib ki, pulun da, şöhrətin də, komfort həyatın da, qadının da "görməmiş"i olmamaq üçün mütləq (!) onları görmək, dadmaq lazımdır, başqa yol da yoxdur. Deyir, adam tanıyıram, şöhrət düşgünüdü, bilirəm ki, şöhrəti dadsa bu qədər hələk etməyəcək özünü; adam tanıyıram, qadından sarı əldən-ayaqdan gedir, bilirəm, bir-iki qadın görsə anlayacaq ki, Səməd Mənsur demiş, həpsi rəngdi.

Hələ siz onun sözünün yekun nöqtəsinə baxın:

“Görmədən də gözütoxluq mümkündü bəlkə, lakin axı tam gözütoxluq hasil olmayacaq, adam həmişə maraq edəcək, dilini vurub yoxlamaq istəyəcək: görəsən o necə dadır?”

Sizi bilmirəm, mənsə düşünürəm ki, Gülməmmədin bu dediyi, gözütoxluq deyil, nədirsə başqa şeydi. Mənim aləmimdə gözütoxluq nəyisə istəməmək deyil, istəyərkən imtina edə bilməkdi. “Götürə bilməyəcəyin şeyi toxunub ləkələmə!” – gözütoxluq bir də budur mənim dünyamda. Nə qədər vəsf olundu həzrət Yusif (ə), bütün səmavi kitablar adını böyük ehtiramla yad etdi, Şərq-Qərb dünyasında haqqında yüzlərlə kitablar yazıldı, filmlər çəkildi. Niyə? Nə var idi Zülexya ilə yaşanan, ya da yaşana bilməyən o məşhur hadisənin mahiyyətində?!

Züleyxanın həzrəti Yusifə iyrənc təklifi Yusif (ə) Misirin vəziri olandan sonra gəlsəydi və Yusif (ə) Züleyxadan vəzirkən imtina etsəydi, bəlkə də bu qədər vəsfə layiq olmayacaqdı. O, Züleyxadan elə bir zamanda imtina etdi ki, adi bir nökər idi, hər hansı bir ictimai fiqur deyil idi, demək heç bir kompleksi yox idi, Züleyxaya "hə" deyib, günaha qurşansaydı, elə bir ciddi ictimai qınağa da tuş gəlməyəcəkdi...hə, mənəvi zənginlikdən doğan "imtina", bax, buna deyilir! Bu var idi o hədisənin mahiyyətində. Bu imtinada gözütoxluq adlı ali əxlaq var idi, ali dəyər var idi, yoxsa o qədər olub ki, buna bənzər imtinalar; adam ya ictimai qınaqdan qorxub, ya ictimai qınaqdan, ya da elə ictimai qınaqdan, başqa heç nə!

Bir imtinanın kökündə hər hansı bir qorxu dayanırsa, məncə o, gözütoxluq deyil - ehtiyatdır, igiddir, yaraşıqdır… nədirsə başqa şeydir!

YAZARIN DİGƏR YAZILARI