BÜTÜN YAZARLAR
Ilqar Kamil
FƏRQLİLİK...
16:16, 22.02.2016

Odur ki, insan haqqı, boş verin bu kimlərinsə sizə sırıdğı standartları, günlərini filanı, balaca uşaqsınız? Qurtulun bu "qrupun aftoriteti"ndən, özünüz istədiyiniz kimi yaşayın

İslamınSesi üçün

 
Mən onun qara gözləri, uzun kiprikləri üçün deyil,
gecələrimin səssizliyini pozan
öskürəkləri üçün darıxmışam...

Epiktet - eramız demək olar ki, bu adamla başlayır, 55-ci ildə anadan olub, çox keşməkeşli həyat yaşayıb, qul olub, adının mənası da elə belədir: "satılmış qul". Maraqlıdır ki, kişi azad olandan sonra yavaş-yavaş şöhrət qazanıb böyük filosofa çevrilsə də adını dəyişməyib. “Elə Epiktet yaxşıdı”- deyib, “qoy belə qalsın, eybi yoxdu”. Yəqin bunun bir fərqi olmadığıını düşünüb, düşünüb ki, belə baxanda hamımız müəyyən mənada quluq də, deyilik?

Onu stoisizm (hər şeyə rəğmən ayaqda qalıb gülə bilmək) fəlsəfəsinin 2 məşhur nümayəndəsindən biri sayırlar. İkinci məşhur nümayəndə - imperator Mark Avreliidir. Paradoksa bir baxın - stoisizmin sütunlarını üzərində saxlayan 2 filosofdan biri imperator, digəri isə quldu. Üçüncü nümayəndə də yəqin ki, mən olacam – bu yazının müəllifi. Bunu da cümə zarafatı qəbul edin.

Bir müddət əvvəl Epiktetin "Düşüncələr və söhbətlər" əsərini oxudum, çox gözəl kitabdı deməyim, yox, ona kitab demək olmaz axı, sanki küçəboyu səpələnmiş mirvarid dənələridir, sən də hansını görə bilirsənsə tez əyilib götürür, xurcununa yığırsan, gilələr o qədər çoxdur ki, bir də baxırsan ki, artıq iməkləməyə başlamısan.

“Düşüncələr və Söhbətlər” Epiktetin yeganə əsəridir - onu da özü deyil, şagirdi qələmə alıb. Epiktet həm də Sokrat heyranıdır, odur ki, söhbətlərində tez-tez onun həyatından misallar gətirir. Məsələn, Sokratı belə anır:

"Bəziləri Sokratın qapısına gedib onları bir filosofa aparmasını istəyərdilər, Sokrat da aparardı. (daha durub deməzdi ki, a kişi, elə ən böyük filosof mən özüməm də!) Filosof olduğu halda filosof sayılmamasından əsla şikayətlənməzdi, əksinə, bunun xoşbəxtliyini, mənəvi həzzini yaşayardı".

Əsl istədiyim isə, sizinlə Epiktetin bu fikrini bölüşməkdir, yazır:

"Təklikdə özü üçün mahnı oxuyan insana baxın, qətiyyən narahat deyil, nigaranlıq keçirmir, hüzurludur, hətta öz ifasından həzz də alır, lakin, siz ona bir də böyük bir kütlə qarşısında çıxış edən zaman baxın. Bu vaxt o özünü necə üzür, necə rəngi ağarır, onun ürəyi necə möhkəm döyünür. Bəs görəsən nəyə görə? Ona görə ki, bu vaxt o təkcə gözəl oxumaq istəmir, həm də istəyir ki, insanlar onu bəyənsin, tərifləsinlər. Bu istəyi də, aydındır ki, onun özündən deyil, dinləyicilərdən asılıdır, qəribə olan da elə budur: o özündən asılı olmayan bir şey üçün, yəni tamamilə yersiz yerə narahatdır".

Ömrünün uşaqlıq, yetginlik, hətta cavanlıq illəri ötüşə-ötüşə səndən uzaqlaşır və sən yavaş-yavaş gəlib bu qənaətin üstünə çıxırsan ki: sən indiyə kimi bütün varlığını ortaya qoyaraq səlahiyyətində olmayan, tamamiylə başqalarına məxsus olan şeyləri əldə etməyə çalışmısan - bəyənilmək kimi. Bütün narahatlığının, yorğunluğunun da səbəbi elə budur! Gəl əyri oturub, düz danışaq: kiminsə səni bəyənib-bəyənməməsi sənin qüdrətinin əhatə dairəsində deyil axı, zorla gözəllik olarmı? Axı zövqlər, dünyagörüşləri çox müxtəlifdi. Başqalarının çeşid-çeşid zövqləri ilə hesablaşamağa çalışsan min sifətli olmazsanmı? Necə ki olmusan da!
Anlayırsan ki, ay dili-qafil, özünü boş yerə hələk eləmisən!
İdrak edirsən ki, sən “bəyənilmək ehtirası ilə” düz bir ömür özün deyil, başqası – Gülməmməd, Qəzənfər, Xədicə, Hüsniyyə və nə bilim kim olmusan.
Ağrılı qənaətdir, deyilmi?

Bir də kütlə olmaq var, baxırsan ki, sən xalqsan, hamısan, elsən, obasan, axına düşüb şəngülüm kimi sevinə-sevinə tanımadığın bir istiqamətə tərəf qaçırsan; palaza bürünüb ellə sürünürsən, özünü zorla dartıb hansısa atasından bixəbərin düzüb qoşduğu “dünya standartına” uyğunlaşdırmaq istəyirsən. Niyə axı? Bəs sən kimsən? Bəs o standartı sən niyə yaratmırsan ki? Axı sən bir individsən, sənin xüsusi bir ismin var, şəxsiyyətin var, bəs o hanı?
İndi bədbəxt insan yoxdu, hansısa standarta uyğun yaşaya bilmir deyə özünü bədbəxt hesab edən insan var!

Bir dəfə hərəsinin ev boyda iki-üç maşını, titanik gəmisi boyda evi olan dostlara demişdim: sürürsünüz sürün, yaşayırsız yaşayın, lakin bunların 70 faizi sizin ehtiyacınız deyil, hansısa standartdı.

Bu konteksdən baxanda imam Əlinin kəlamı necə də möhtəşəm səslənir: Zənginlik sərvətin çoxluğu deyil, ehtiyacların azlığıdır.

Odur ki, insan haqqı, boş verin bu kimlərinsə sizə sırıdğı standartları, günlərini filanı, balaca uşaqsınız? Qurtulun bu "qrupun aftoriteti"ndən, özünüz istədiyiniz kimi yaşayın. Tutaq ki, kimsə hardasa nəsə eliyib sonra da bu günü sizə "sevgililər günü" təyin eliyiblər, xeyir ola?! Kimdən əskiksiniz ki? Sevginizin də, həsrətinizin də gününü özünüz təyin edin. Bir də deyirəm: bəzən özünüzü kütlədən təcrid edin, təkləşin, individ olun, məhrəm günləriniz olsun, özünüzə aid, ailənizə aid; hamı evləndiyi günü filanı qeyd edir, siz ilk dalaşdığınız günü bayram eləyin. Fərqlilik yaradın, ad gününüzü iyulun yeddisində deyil, mayın beşində qeyd edin, deyin ki, bu il ürəyim belə istədi, sora? Bütün bunları edin və əmin olun ki, dünya dağ;lmayacaq, əksinə, o, daha da gözəlləşəcək!

Baxın görün şair öz xəstə sevgilisinin ardınca necə fərqli darıxırdı:

Mən onun qara gözləri, uzun kiprikləri üçün deyil,
gecələrimin səssizliyini pozan
öskürəkləri üçün darıxmışam...

Son olaraq, bəri durun, qulağınıza bir söz pıçıldayacam: Hansısa standartlara uyğunlaşmamaq da, cizgiləri tapdamaq da olar, yetər ki, öz cızığınızdan çıxmayın!

YAZARIN DİGƏR YAZILARI