BÜTÜN YAZARLAR
Ilqar Kamil
ƏLİ, MƏNİ UNUTMA!
11:10, 15.03.2016

“Sən yanında ola-ola yolboyu yükünü özü daşıyan qadın səni niyə sevsin ki?”

İlqar Kamil, İslaminSesi üçün


 
Dostumun qonağıyam, ailəsiylə problemləri var; anlaşmırlar, yola getmirlər, kəsəsi, ayrılmaq üzərədirlər. Dostum narahatdı, nə edəcəyini bilmir, af-uf edib durur, gah özünü, gah da xanımını günahlandırır. Dərd budur ki, problemin qaynağını da bilmir. Mənə, vaxtıyla xanımına yazdığı sevgi məktublarından danışır, nişanlı dövrlərini anladır, “o məni sevirdi” deyir, - “indi isə...” ardını gətirə bilmir, qəhərlənir... sonra qəfil dikəlib, xanımı duymasın deyə xısın-xısın pıçıldayır:

“Canıvı yeyərəm, qardaşım, bizə bir psixoloq gözüylə bax, gör nədi məsələ, axı biz bir-birimizi sevirdik, niyə belə olduq, niyə bu günə düşdük? Gör günahkar kimdi?”
Sonra təklifinin ayıb olduğunu düşünərək düzəliş eləyir: “əşşi, boş ver, onsuz da iş işdən keçib artıq”.

Bir söz demirəm, nə deyim ki?... Axşam birlikdə gəzintiyə çıxırıq, 3 yaşlı oğulları yan-böyrümüzdə ora-bura qaçaraq o qədər dəcəllik edir ki, yorulur, xanım uşağı qucağına götürür, gedirik, gəzirik, dolaşırıq: uşaq hələ də xanımın qucağındadır. Hiss edirəm yorulub, “ver mən götürüm, bacı” demək, uşağı ondan almaq istəyirəm, amma etmirəm, axı əri var – böyrümüzdə əlini sallayıb dəvə yerişləriylə laxlaya-laxlaya yeriyən əri.

Qayıdırıq. Qapının ağzına çatanda əyilib əsəblə dostumun qulağına pıçıldayıram: “deyəsən problemin kökünü tapdım”. “Necə, nə, nədir ki?” –deyib çaşqın baxışlarla gözlərimə zillənir. Gözlərimlə işarə edib qucaqı uşaqlı xanımını gstərirəm:

“Sən yanında ola-ola yolboyu yükünü özü daşıyan qadın səni niyə sevsin ki?”

Cəmiyyətdə qadınla bağlı olan bütün çatışmazlıqların təqsirkarı, düşünürəm ki, məhz kişilərdir; onun "kişiləşməsinin" də, acgözləşməsinin də, (tez-tez qınadığımız) soyunmasının da, nə bilim, qonşu ölkədən filan aktyor gələndə üstünə atılıb min hoqqa çıxarmasının da, cəhalətinin də, savadsızlığının da, pis yola düşməsinin də... hamısının, hamısının səbəbkarı kişidir. Kişisi tam olan cəmiyyətin qadını pis ola bilməz! Qadını axsayan cəmiyyətin kişisi ümumiyyətlə çolaqdır demək.
Bu, məncə, birmənalı olaraq belədir, lakin siz razılaşmasanız, desəniz ki, xeyr, qadın daha çox günahkardır, sonra fikrimin təhlükəli olduğunu bildirsəniz, gileylənsəniz ki, belə deyib qadınları üstə çıxarırsınız, filan... cavabım belə olar:

Lap tutaq ki, heç belə deyil, tutaq ki, əsl günahkar elə qadının özüdür... bəs başı batmış kişi hansı gün üçündü? Bəs alicənablıq harda qaldı? Bəs elə bilirdiniz centlmenlik elə avtobusda hansısa bir qadına yer verməklə, maşına minəndə qapısını açıb-bağlamaqla olub bitir? Kişi bütün halllarda, bütün günahları (yükləri) öz üzərinə almalıdır. Alicənablıq da, centlmenlik də, kişilik də elə budur: heç bir günahı olmaya-olmaya “Mənəm günahkar!” –deməyi bacarmaq.

Keçən günlərdə sosial şəbəkələrdə “Poyraz Karayel” dizisindən kiçik bir fraqmenti kəsib paylaşmışdılar. Gerçəkdən təsirliydi. Həyəcan dolu səhnə, ümid dolu vədlər adamın gözünü yaşardırdı; bir gün hansısa mücərrəd “O”nun gələcəyindən danışırdı qəhrəman, O-nu izah edirdi miskin insanlara, O-nu tanıdırdı. Danışdı, incitdi, ağrıtdı... bu ifadəyə çatanda isə artıq tüklərim biz-biz oldu:

"Gecələri evinə əkmək götürmək üçün yol kənarındakı həyat qadınlarını məhz O xilas edəcək!"

Vəddəki möhtəşmliyə, ağrıya, dəhşətə baxın, siz Allah! Deməyəcək ki, onlar belədi, elədi, əxlaqsızdı, filandı, onların varlığını öz təqsiri biləcək və onları məhz o - əsl kişi xilas edəcək!

Nə isə. Fatimiyyə günləridir, gəlin sizə başqa bir şey danışım.

"Səni görəndə bütün üzüntülərim yox olur, Fatiməcan!" Bu kimin etirafıdı, bilirsiz? Allahın aslanı, möminlərin əmiri - imam Əli ibni Əbitalibin! Necədə səmimi etirafdı, necə də kişicə (!!!) etirafdı. Hansı üzüntülərdən söhbət gedirdi? İmamın dərdi nə idi ki, Fatiməsini görəndə onların hammısı, hammısı ərşə çəkilirdi? Bu haqda susuram, elə imamım özü kimi. Əsas olansa budur: həzrəti imam, əsədüllah, fatihi-xeybər... xanımına belə zərif etiraflar etməkdən çəkinmirdi, bunu ayıb saymırdı. Elə isə bəs hardan yarandı müsəlman dünyasındakı, qadınına etiraf etməyi, xoş söz deməyi nakişilik sayan "ciddi" kişi obrazı? Onlar imam Əlidən dahamı ciddidilər? Bəs hardan peyda oldu xanımından danışanda günahından danışırmış kimi sıxıla-sıxıla "üzr istəyirəm" deyən kişi tipi?! Bilmirəm. Mən bilmirəm.
Neçə ildi imamın o sözünün təsrindəydim, sonra başqa bir məhv edən söz də oxudum, lakin bu dəfə - deyən Fatimə, dinləyən - Əli idi. Həzrət Fatimə (ə) xəstədi, ölüm yatağındadı, narahatdı, nigarandı, gözlərini yummadan, bütün qüvvətini səfərbər edərək həmdəmindən son ricasını edir:

Əli, məni unutma!

YAZARIN DİGƏR YAZILARI