BÜTÜN YAZARLAR
Ilqar Kamil
Dərdin dinməzliyi
10:25, 04.05.2016

Lakin, dərd də gərək dərd olsun ha, hər xırda şeydən dərd olmaz. Hər yoldan keçən problemə dərd deyib dərdi hörmətdən salmayaq

Bir gün sevinə-sevinə

 

allı-güllü ətəyində bir xeyli yeni dərd gətirdi bizə anam
   

 dedi ki, qorxmayın,

 

dərdlər bizi Allaha çağıran azan səsidir!

 

O qədər fobiyaların arasında, əzizi-mənlər, müasir insanda bir də "kədərfobiya" formalaşmaqdadır. Kimlərsə elə düşünür ki, biz, bu dünyaya, yalnız və yalnız, çox üzr istəyirəm, hırıldamaq üçün gəlmişik: kədərlənmək qəti qadağandır! Bunu kimlər formalaşdırıb? Əlbəttə ki, KİV-lərdə gecə-gündüz yalnız əyləncə, oyun, şitlik nümayiş etdirən məlum-naməlum qüvvələr.

 

Məhərrəmlik əzadarlıqlarına qıcıq olanlar da elə əksərən, bu fobiyadan əziyyət çəkənlərdir; onlar kədərdən qorxur, kədərdən qaçır, həyatın başqa, daha real üzünü - kədəri görmək istəmir, gözlərini yumur, qulaqlarına ton-ton pambıq tıxayır, yetər ki, kədəri duymasın, eşitməsin. Halbuki kədərsiz (oxu: kədərlənməyən) insan natamam insandır axı.

 

2-3 il qabaq yazmışdıq bu misranı:

 

Bu gecə bir az daha hüzünlüyəm – 
bu gecə bir az daha insanam!

Kədər həqiqətdir, yəqin ona görə də acıdır.

 

Necə kədərlənməyəsən axı!... Dərd var, dərd! Haqlısınız, dərd varsa dərman da var, fəqət dərman dərdə nisbətdə bir xeyli azdır, yetmir, məcbur olub dərdləri növbəyə salırsan: 1 nömrəli dərd, 2 nömrəli dərd... hamısına dərman sürə bilmirsən, odur ki, hansınısa qabağa salırsan, hansınısa gözlədirsən, gizlədirsən; dərdə də belədir ki, gözlədəndə daha də dərinləşir, daha böyük dərdə çevrilir. Bu minvalla ömür durna qatarı kimi ötüb keçir, bir də baxırsan ki, heyhat, dərman tükənib, amma ovcunda hələ sağalma növbəsini gözləyən bir xeyli dərd yığışıb qalıb, özü də bəzisi lap elə dünya boyda. Dizlərin boşalır, belin bükülür...

 

Ağır dərddir, Allah dərmanımıza bərəkət versin!

 

Lakin, dərd də gərək dərd olsun ha, hər xırda şeydən dərd olmaz. Hər yoldan keçən problemə dərd deyib dərdi hörmətdən salmayaq. Yəhudilər nə deyir görün: pulun həll edə bildiyi dərd dərd deyil, “rasxoddur”.

 

Bizim dərd etdiyimiz bir çox şeylər...

 

Mənim dərdli insanlarım, görün nə deyirəm: qısa boylu insan təklikdə rahatdı; nə boy yadına düşür, nə buxun, lakin eləki uzun boylu adamın yanında durur, kompleks keçirir, narahat olur. Eləcə də savadsız savadlının yanında, kasıb - pullunun yanında belə olur. Çünki ortada bir müqayisəvi tablo yaranır və bu halda onun qısa boyluğu, savadsızlığı və kasıblığı daha aydın sezilir. Özünüz üçün faciəyə çevirdiyiniz probleminizlə də bunu etmək olar; qulağından tutub çox böyük bir problemin böyrünə qoyun, istəsəniz şəkillərini də çəkin, nə qədər kiçik bir problem olduğunu aydın görəcəksiniz. Ayrı-ayrılıqda çox böyük görünən bir dərd başqa, çox böyük dərdin böyrünə qoyulduqda elə anlamsız görünür ki. Məsələn, işi heç cür alınmayan ticarətçinin dərdi ilə, gənc oğlunu itirmiş atanın dərdi... ikisi də dərddi, lakin Sədinin dediyi kimi,

 

Acı bibərin tumu da qara,
yarın üzündəki xalı da qara;
hər iki qara yandırıcıdı
amma bu hara, amma o hara?

 

Dərd ağırdı deyə dərdli insanlar bir qəribə ağır olurlar, fikir vermisiniz? Deyirlər e “filankəs ağır adamdı”, əslində filankəs sadəcə dərdli adamdı, biz bilmirik, Tanrı bilir. Dərdli olmaq gözəldi, dərd gözəldi, qardaş canı. Hətta öyünmək olar dərdlə, bax belə: gözlərin xumarlana-xumarlana dodaqlarını asta-asta tərpədir, “elə bir gözəl dərdim var ki” deyirsən, hamı qalır avara. Sevək dərdimizi, o qədər, o qədər sevək ki, onu hər kəslə paylaşmayaq.

 

Ayənin gözəlliyinə baxın:

 

“Mən dərd və qəmimi yalnız Allaha açıb deyərəm...”. (Yusif, 86)

YAZARIN DİGƏR YAZILARI