BÜTÜN YAZARLAR
Ilqar Kamil
Dekorasiya məsələsi
10:56, 04.05.2016

Dünyada Allahsız insan az tapmaq olar, böyük əksəriyyətin mütləq vardır bir Allahı, lakin Allah onların həyatında hardadı? Ən əsas mətndəmi, yoxsa heç kimin oxumadığı haşiyədəmi?

- Şah! Amma... - Ustad son gedişi ilə məni şah edib, bayaqkı sözlərinin davamını gətirdi, sən demə söhbəti bitməyibmiş, sadəcə düşünmək üçün qısa bir fasilə veribmiş, - ...amma bir şeyi yadda saxlamaq lazım ki, oğlum, kamil insanın bir ŞAH eşqi var - Allaha olan eşqi! O, valideyinlərini də, ailəsini də, sevgilisini də, dostunu da, bacı-qardaşını da, vətənini də, millətini də sevə bilər, sevməlidir hətta, amma onun ŞAH eşqi Allaha olan eşqidir!


Mat-mat baxdığımı, üstəlik, artıq “mat” da olduğumu görüb gülə-gülə masanın küncündəki xırda Quranı əlinə götürdü. Vərəqləyib istədiyi ayəni tapdıqdan sonra kəlmə bə kəlmə oxudu:

"İman əhlinin ən şiddətli eşqi Allahadır!" 

 

“Ayrılıq” romanından...

 

Bəzən otağın qarışıqlığının səbəbi əşyaların artıq-əskikliyi olmaz, sadəcə əşyaların dekorasiyası (qoyuluş tərzi, yeri) düz olmaz deyə otaq ürəkaçan görünməz. Bu işin mütəxəssisi cəmi 2-3 dəyişikliklə, məsələn, mebelin yerini ayna ilə, divanın yerini masa ilə dəyişərək, otağı elə ürəkaçan, gözəl hala salar ki, əliniz ağzınızda qalar: ilahi, bu ki tamam başqa otaqdı, yep-yenidi. Halbuki otaq həmən otaqdı, sadəcə dekorasiyası dəyişdirilib.

 

Gəlin bu yazının adını elə “dekorasiya məsələsi” qoyaq. Və gəlin bu dekorasiya məsələsini həyatımızda olan müxtəlif sahələrə tətbiq edək. 

Məsələn, ətrafımızdakı insanlar; bəzən naratahatlıq onların çox ya azlığı deyil, miqdar kafidir, sadəcə düzgün “dekorasiya” olunmayıblar; sənə çox yaxın olmalı olan çox uzaqda, uzaqda dayanmalı olan çox yaxındadı; sağında olması gərəkən solunda, qarşında olması gərəkən arxandadı... təsəvvür elə həyatını bir mütəxəssisə göstərirsən, o da vəziyyəti incələyib belə deyir: "oğlum, məncə problemin kökünü tapdım, bax, bu adam var e bu adam, onu burdan götür, çək, çək, çək... bir az araxaya qoy, bunu həyatının tən ortasına qoymusan deyə aləm qarışıb bir-birinə". Sən də təəccüblənirsən: "Bıyy, elə bu?" O da cavab verir: "Bəli, bəli, bəzən sadəcə bir manevr və bir dəyişilik hər şeyi yoluna qoya bilir".

 

Və ya mütəxəssis bir başqasının həyatına baxır və belə deyir: "A kişi, bu nədi? Bu dəyərdə, bu gözəllikdə olan bir adamı həyatın görsənməyən küncündə gizlədərlər heç? Sənin başına hava gəlib? Tez ol, çək, çək onu, çək gətir bura - mərkəzə". Məsələ budur, əzizi-mənlər - ətrafınızdakı insanların “dekorasiyası”. Bəzən sadəcə onların həyatınızdakı düzülüşünü dəyişməklə həyatınızı dəyişə, ürəkaçan və sevimli edə bilərsiniz.

 

Yazımızın adını xatırlayaq: “Dekorasiya məsələsi”. 

 

Elə olsun həyatımızdakı dəyərlərin düzülüşü; əcəba hansı dəyər bizim həyatımızda birincilik təşkil edir? Hansı dəyər həyatımızın harasına qoyulub? Hansı dəyər ən əsasdır? Bax, bunları dəqiq incələmək lazım. Ana, ata, bacı, qardaş, sevgili, həyat yoldaşı, övlad, vətən, torpaq, haqq, həqiqət, dünya, axirət... bunlar hammısı həyatımızdakı dəyərlərdi, fəqət hansı hara qoyulub? Hərəsi öz yerindədirmi, yoxsa üst-üstə qalaqlanıb?

 

“Ana” və “həyat yoldaşı”. Bu iki dəyər üst-üstə qalaqlananda söz-söhbət başlayır, vəziyyət ta boşanmaya qədər gəlib çıxır və bəzən də nə ana qalır, nə həyat yoldaşı. Bütün bunların “dekorasiyası” düzgün olmalıdı.

 

B. Rasselin "infraqırmızı göz" adlı fantastik hekayəsi var, oxumalı hekayədir. Azərbaycan insanına – məmuruna, aliminə, ziyalısına... doğma və tanış sarsıntılar var bu hekayədə, seçim qarşısında qalan insanın ağrıları var, dilemma var. Ledi Millisent! Əri xatirinə (!) böyük bir cinayətə həmkarlıq etmiş qadındı. Bəli, bəli, məhz əri xatirinə! Lakin, buna fədakarlıq demək olarmı? İndi isə o ya danışıb cinayətin üstünü açmalı, ya da kötük kimi susub ərini qorumalıdır, necə etsin? Ledi öz qarmaqarışıq halını elə ağrılı izah edir ki... oxuyaq:

 

"Ah, mister Şovelpenni, heç bilmirəm nə deyim? Mən evli olduğumçün ərimin qarşısında sorumluyam. (ona görə susmalıyam) İnsan olduğum üçün insanlığın qarşısında sorumluyam. Bununla yanaşı, düzlük-doğruluq qarşısında da sorumlu olduğumu anlayıram. Bax indi baş aça bilmirəm: onlardan hansını atıb, hansını tutmalıyam?"

 

Bu da “dekorasiya məsələsi”nə başqa bir nümunə.

 

Dünyada Allahsız insan az tapmaq olar, böyük əksəriyyətin mütləq vardır bir Allahı, lakin Allah onların həyatında hardadı? Ən əsas mətndəmi, yoxsa heç kimin oxumadığı haşiyədəmi? Baxın görün o boyda İsaak Nyuton nə deyir:

 

“Ən böyük günahım insanlardan Tanrı ilə müqayisədə daha çox qorxmağım olub”.

 

Görürsüz, yenə “dekorasiya” məsələsi. Halbuki əksinə olmalıydı. Əlbəttə, insanları da hardasa, necəsə nəzərə almaq olar, niyə olmasın ki? Yalnız türklər demiş, “əvəl Allah” olmalı. Bəli, həbibi-mənlər, məsələ sadəcə budur – “dekorasiya” məsələsi.

 

Son olaraq ustadın oxuduğu ayəni bir də oxuyuram:

 

"İman əhlinin ən şiddətli eşqi Allahadır!" 

YAZARIN DİGƏR YAZILARI