İSLAM

Hit : 195

Kərbəla ictimai vəhdət şüarı - Məhərrəm ayı bizə nəyi öyrədir? (III hissə)

Kərbəla ictimai vəhdət şüarı - Məhərrəm ayı bizə nəyi öyrədir? (III hissə)

14:37, 09.09.2019

Hər bir cəmiyyəti birləşdirən, vahid hala gətirən bir ortaq dəyərləri vardır.

 

Hansısa bir cəmiyyətdə yaşayan fərdlərin baxış və etiqadlarının fərqliliyi təbiidir. İstər bu dini sektordan olsun istər qeyri dini sektordan, istər siyasi sektordan olsun, istərsədə qeyri siyasi sektordan. Amma bu fərdləri cəm edən mütləq bir ortaq dəyər vardır ki, bu dəyər vahid bir cəmiyyətin formalaşmasının təminatçısıdır.

 

Misal üşün qonşu Türkiyə dövlətinin istər dini, istər siyasi partiyalarının kəskin müxalifliyinə baxmayaraq onları vahid bir cəmiyyət halına salan  "vətən" kimi ortaq dəyər anlayışı vardır. Yaxud Hindistanı Böyük Britaniyanın müstəmləkəsindən azad edən Mahatma Qandi, öz ölkəsinin vətəndaşlarını, irqindən və dinindən aslı olmayaraq "zülümlə mübarizə", " Hindistana azadlıq" orta dəyərlərə aid olan şüarlarla vahid bir cəmiyyət halına salmış və müsbət nəticə əldə etmişdir. Yaxud Allahın Rəsulu (s) Ərəb yarımadasının ən böyük iki qəbiləsi olan Ovs və Xəzrəcin  əsrlərlə olan düşmənçiliyinə son qoymuş və onları ortaq dəyərlər əsasında birləşdirərək vahid bir cəmiyyət halına gətirmişdir.

 

Bu amili İslam dinin əsas prinsiplərindən biri kimidə görmək olar. İslam dini, vahid cəmiyyətin qurulmasında ortaq dəyər olaraq  insanlıq faktorunu  əsas amil kimi götürərək dəyərləndirir. İslam, dinini qəbul etməyənləri, zor gücü ilə qəbul etmələrinin əlehinə olaraq mövqeyini bəyan edir. Allah Təala "Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil- sübuta tabedirlər)... deyə buyurur"-Bəqərə-256.

 

Allahın elçisinə (s) iman gətirməyən və özlərinin batil  etiqadlarının təəssüblüyünü edən inkarçılara Allah Təala rəsulunun dili ilə buyurur: "Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur" (Kafirun-6). İnanclı cəmiyyəti, dinindən və məzhəbindən aslı olmayaraq ortaq dəyərə tərəf səsləyir və Özünün təqdim etdiyi ipdən yapışmağa təkid edir."Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın” deyə buyurur. Ali-İmran-103.

 

Kərbəla hadisəsi və hadisənin qəhrəmanı olan İmam Hüseyin (ə) da insanlıq və inancların ortaq dəyəridir. Onun mübarizəsi haqla batilin, zülm ilə ədalətin mübarizəsi idi. İslam cəmiyyətini parçalamaq istəyən müəyyən qruplar Kərbəla hadisəsini sünnü və şiənin mübarizəsi kimi qiymətləndirmişlər.  Sünnü məzhəbinin dəyərli və uzaq görən alimləri bunu yalan adlandırmışlar. Çünki İmam Hüseyn (ə) İslam cəmiyyətinin ortaq dəyəridir. Allah Rəsulunun (s) İmam Hüseynə (ə) olan məhəbbəti hər kəsə bəllidir. Kərbəlada törədilən cinayətə görə sünnü etiqadlı şəxslər bu cinayəti kəskin pisləmiş və şəhidlər üçün göz yaşı axıdmışlar.

32-ci Osmanlı sultanı Sultan Əbdüləiziz deyir:

" Hüseynin qatilinin heç qalarmı yanın,

Şümür məlun xəncər çaldı ol Şahın gərdanına,

Ey münafiq, necə girdin Şah Hüseynin qanına!”

 

Heç də o dövürdə Yezid ibn Müaviyənin törətdiyi cinayətlərdən sünnülər də amanda qalmamışdır. İslam tarixində qeyd olunur ki, Kərbəla hadisəsindən sonra İmam Hüseynin (ə) ailəsini Yezid ibn Müaviyə camaatın qiyam edəcəyindən qorxaraq sərbəst buraxır. İmam Hüseynin ailəsi Mədinə şəhərində məskunlaşırlar. Həmən dövrlərdə Mədinə və Məkkə şəhərlərində barmaq sayı qədərində Şiələr yaşayırdı. Mədinənin nüfuzlu adamları Yezidin həqiqətən də şərab xor, qumarbaz və əyyaş olmasını dəqiqləşdirmək üçün Yezidin sarayına bir neçə nümayəndə göndərirlər. Həmən nümayəndələr saraya gəlmiş və Yezidin içkili  halını müşahidə etdikdən sonra Mədinəyə qayıdaraq Yezidə qarşı qoşun toplamışdılar. Bundan xəbər tutan Yezid Mədinəyə qoşun göndərmiş və qiyamçıları qılıncdan keçirərək şəhəri darmadağın etmişdir. Həmçinin Yezid oz ordusuna həmən şəhərin qadınlarını üç günlük halal bilmişdir. Tarixdə qeyd olunur ki bu alçaldıcı cinayətdən həmən il yüzlərlə atası bəlli olmayan övladlar dünyaya gəlmişdir. Bəli, görsəndiyi kimi bu tarixi hadisələrdən həm şiələr, həmçinin sünnülər belə aman da qalmamışdır.

 

Dünyada tanınmış qeyri müsəlman və inkarçı siyasət və incəsənət xadimləri belə İmam Hüseynin mübarizəsini anmiş və dəyərləndirmişlər. Siyasi xadim Mahatma Qandi deyir: "Mənim düşüncəmə görə İslam qılınc gücüylə deyil, İmam Həsən və İmam Hüseyn (ə) kimi insanların şərəfli davranışları sayəsində həyatda qalmışdır."

 

Lev Tolstoy isə deyir:" Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Quranın qəhramanı kimi İmam Hüseyni olmadı".

 

Aşura və ərbəin ( məhərrəm ayının onu, səfər ayının 20) kimi tanınan günlərdə bu ictimai vəhdəti müşahidə etmək mümkündür. Bu günlərdə irqindən, millətindən, dini mənsubiyyətindən hətta daşıdığı siyasi vəzifəsindən aslı olmayaraq milyonlarla insanın İraqın Kərbəla şəhərinə, İmam Hüseynin (ə) hərəminə doğru axışdığını görə  bilərik. Çünki İmam Hüseyinin (ə) hərəkatı zülm və ədalətsizliklə, cəhalət, irqçilik və millətciliklə, terror və ekstremizmlə, batil idiologiya ilə mübarizə aparan, ictimai vəzifələrin agahlığını aşılayan hərakat idi. Bu hərakatın səsini boğmaq istəyən qüvvələr də vardır. Çünki haqqın olduğu yerdə batilin mövcud olmasında adi haldır. Axı batil haqdan doğan bir nəsnədir. Bu həqiqətin qoruyucusunun Allah olduğunu unutmamalıyıq.

Quran : ”Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu  kamilləşdirmək istəyir” deyə buyurur. Tövbə-32

 

Ya Hüseyn, ey xaki- payın aləmin başına tac,

Ey şəhadətləri verən islam dininə rəvac,

Etgilən Nəvvabi-zarın dərdü zarinə əlac,

Cəzb qil ta bilməsin dünya nədir, üqba nədir...

 

                                            Mir Möhsün Nəvvab

/İslaminSesi/

Elnur Əli oğlu

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər