MÖVQE

Hit : 245

"İngilis barmağı" geri çəkilsə, zalıma və onun gücünə təzim edilməsə... - Akif Heydərli yazır

12:54, 20.02.2020

Başqa dövlətlərin sərvətinə tamah salmaq, torpağına göz dikmək kimi zərərli tendensiyalar aradan qalxmadıqca dünyanın nizamı pozulmaqda davam edəcək

Azərbaycanın qəribə siyasətçiləri, media mənsubları, sosial şəbəkə istifadəçiləri var. Nədir bu qəribəlik?

 

Ölkəmiz işğala məruz qalan ölkədir. İşğalçı qonşu Ermənistandır. Guya Dağlıq Qarabağ ermənilərinin hüquqlarını müdafiə edir deyə, torpaqlarımızı qəsb edib. İndi də torpaqlarımızdan çəkilmir. Bu işğalla İsrailin Fələstin torpaqlarını mənimsəyərək işğal etdiyi ərazilərdə etnik təmizləmə aparmağın, ərəbləri doğma torpaqlarından qovaraq, qaçmayanı da bizim Xocalıda olduğu kimi kütləvi şəkildə məhv etməyin, Türkiyənin Suriya torpaqlarına genişmiqyaslı ordu yeritməsinin, guya bu ölkə üçün təhdid olduğunu bildirməklə kürd hərbi birləşmələrini Türkiyə sərhədlərindən uzaqlaşdırmaq üçün Afrini demək olar ki, tam işğal etməyin, özgə torpaqlarının işğalını davam etdirərək İdlib uğrunda rəsmi Suriya ordusu ilə vuruşmağın heç bir fərqi yoxdur.


Tarixi Fələstin ərazilərində qanunsuz olaraq yaradılan İsrail rejiminin müsəlmanların ərazilərini qəsb etməsinə biganəliyimiz bir yana qalsın, hələ bir Türkiyənin Suriya ərazisində apardığı açıq işğalçılıq siyasətini yuxarıda qeyd etdiklərimin əksəriyyəti nəinki dəstəkləyir, Ərdoğanın regionda Amerikanın istək və strateji arzularını həyata keçirməsinə sevinir, çəpik də çalırlar.


Bütün bu yöndəmsiz və agahlıqdan kənar münasibətlərdən sonra demək olarmı ki, belələri Dağlıq Qarabağın, işğal və istismar altında olan digər rayonlarımızın azad olmasında müraqlı və ya əsaslı iddiadadırlar? Məncə əsla yox. Ona görə ki, dünyanın harasında olursa olsun xalqımız bir nəfər kimi hər növ işğala və istismara yox deməli, nifrətini, qəzəbini bildirməli, gələcəyimizi təhdid edən bu qorxulu sindroma qarşı vuruşmağa hazır olmalıdır.


Ermənistanla aparılan danışıqlarda bu işğalçı dövlət, Dağlıq Qarabağın bir tərəf kimi danışıqlarda iştirakının təmin olunmasını təkid edir. Rəsmilərimiz isə bu şərtin yalnız Ermənistan qoşunlarının işğal olunmuş tarixi Azərbaycan torpaqlarından çıxarılması, Dağlıq Qarabağa hər cür himayənin dayandırılması şəraitində qəbul oluna biləcəyini bildirirlər. Eyni vəziyyət Fələstində, Suriyada, Əfqanıstanda mövcuddur. Demək ki, "ingilis barmağı" geri çəkilsə işlər öz həllini tapacaq. Əlbəttə, ortada başqa dövlətin sərvətinə tamah, torpağına göz, bir də əsas olaraq zalıma və onun gücünə təzim olmasa. Yəni belə zərərli tendensiyalar aradan qalxmadıqca dünyanın nizamı pozulmaqda davam edəcək.

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər