ARAŞDIRMA

Hit : 49

İki dəfə ordu generalı rütbəsi alan zabit – Ştemenkonun qara buludlu karyerası

İki dəfə ordu generalı rütbəsi alan zabit – Ştemenkonun qara buludlu karyerası

12:06, 06.11.2019

1952-ci ildə İosif Stalin keçirdiyi müşavirənin sonunda gözlənilməyən bir qərar verir. Heç bir müzakirəsiz və səbəb göstərilmədən o, ordu generalı Sergey Ştemenko haqqında müşavirə iştirakçılarına fikrini bildirir:

- Biz belə qərara gəldik ki, Ştemenkonu Silahlı Qüvvələrin baş qərargah rəisi vəzifəsindən azad edək və onu başqa işə keçirək. Yoldaş Vasilevski (SSRİ-nin hərbi naziri), məsələ ilə bağlı müvafiq sənədləri təcili hazırlayıb bu gün mənə təqdim edərsiniz.

 

Ştemenko bu qərarı sakitliklə qarşılayır və əsl hərbçilərə məxsus istənilən əmrə müzakirəsiz müntəzir olduğunu nümayiş etdirir. Müşavirə sona çatdıqdan sonra Stalin marşal Vasilevskini saxlayır:
- Yoldaş Vasilevski, siz gözləyin.

 

 

Müşavirə zalı boşaldıqdan sonra Stalin marşaldan soruşur:
-Siz bildiniz nəyə görə mən Ştemenkonu vəzifəsindən azad etdim?
-Yoldaş Stalin, sizin qərarlarınız müzakirə olunmur.
-Amma indi mən bunun səbəbini sizə deyəcəm. Ştemenko sizin haqqınızda gecə-gündüz yazmaqdan yorulmur, amma mən yoruldum bu yazılardan, odur ki, onu vəzifəsindən azad etdim.

 

 

Əslində səbəb heç də bu olmayıb. Sadəcə, Stalin əsl səbəbi gizlətmək üçün Ştemenkonun Vasilevski haqqında yazdıqlarını bəhanə gətirib. Digər bir tərəfdən marşal və generalların arasında həmişə bir gərginlik yaşanıb və onlardan çoxu da qarşı tərəfi “yıxmaq” üçün Stalinə haqlı-haqsız məktublar ünvanlayıblar. Amma bu “yazışmalar”a görə Stalin heç vaxt kadr dəyişikliyinə yol verməyib, o, bunu ciddi səbəb hesab etməyib və bu qeyri-ciddi səbəblərə görə əlini hərbi camiəyə uzatmayıb. Çünki ali hərbi strukturda dəyişiklik ciddi məsələ sayılıb, xüsusilə də Stalinin hakimiyyəti illərində. 


Ştemenkonun baş qərargah rəisi vəzifəsindən azad edilməsi isə Lavrenti Beriya ilə bağlı olub. Beriya ilə Ştemenko arasındakı isti münasibətlər Stalini narahat edib və o, istəməyib ki, Beriyanın Ştemenkonun vasitəsi ilə orduya təsir qüvvəsi artsın. Stalin yaxşı anlayıb ki, Beriyanın Silahlı Qüvvələrdə söz sahibi olması istənilən vaxt onun üçün təhlükəyə çevrilə bilər. 


Amma bir faktı da qeyd edək ki, Beriya ilə Ştemenkonun arasında heç bir məxfi münasibət olmayıb. 1942-1943-cü illərdə Beriya Qafqaz və Şimali Qafqaz hərbi dairələrində olarkən onu müşayiət edənlərin arasında Ştemenkonun olması, Beriyanın bəzi tədbirlərdə Ştemenko haqqında yüksək fikir söyləməsi Kreml məmurlarında belə bir fikir formalaşdırıb ki, onların arasında gizli bir əlaqə var. Sonralar bu “gizli” əlaqə, daha dəqiqi, onun olmasına dair şübhələr Ştemenko üçün böyük problemlər yaradıb.

 

 

Sergey Ştemenko 1907-ci ildə Volqoqrad vilayətinin Uryupinck şəhərində anadan olub. Natamam orta təhsil aldıqdan sonra Moskvaya işləməyə gedib. Mərkəzi teleqraf binasının tikintisində fəhlə işləyib. 1926-cı ildə hərbi xidmətə yollanıb. Xidmətdən sonra Moskva artilleriya məktəbində, daha sonra isə hərbi akademiyada təhsil alıb. Müharibəyə qədər ayrı-ayrı hərbi hissələrdə kiçik hərbi vəzifələr daşıyan Ştemenko müharibə dövründə xidmətini döyüş bölgələrində davam etdirib. Peşəkarlığı və hərbi nəzəri bilikləri ilə fərqlənən Ştemenko 1943-cü ildə əvvəlcə baş qərargahda əməliyyat idarəsinin rəis müavini, daha sonra isə rəisi təyin edilib. Həmin dövrdə cəbhənin ayrı-ayrı istiqamətlərində Ştemenko hazırladığı uğurlu əməliyyatlarla yadda qalıb.


Ordu generalı rütbəsinə qədər yüksələn Ştemenko 1948-ci ildə baş qəraragah rəisi, SSRİ Silahlı Qüvvələr nazirinin (müdafiə nazirinin) müavini təyin edilib.
Yuxarıda qeyd etdiyimiz kimi, Ştemenko bu vəzifəsindən 1952-ci ildə azad edilib və Almaniyada sovet qoşunlarının qərargah rəisi vəzifəsinə göndərilib.


1953-cü ilin iyul ayında Lavrenti Beriyanın həbsindən sonra Ştemenko vəzifəsindən azad olunaraq nazirliyin sərəncamına göndərilib. Ancaq məsələ təkcə vəzifədən azad olunmaqla bitməyib. Ştemenkonun istintaqa cəlb edilməsi məsələsi gündəmə gəlib. Ştemenko həbs olunacağı ilə bağlı real təhlükəni hiss edərək Nikita Xruşova məktub yazıb, Beriya ilə heç bir gizli əlaqəsinin olmadığını qeyd edib. Əslində Ştemenko bu məktubun heç bir nəticəsi olmayacağını düşünüb. Amma Xruşov məktuba reaksiya verib. Ştemenko məhkəmədə ittiham olunan kimi deyil, şahid qismində iştirak edib. Amma general cəzasız da qalmayıb. Onun rütbəsi iki pillə aşağıya, general-leytenant rütbəsinə salınıb və Qərbi Sibir hərbi dairəsinə qərargah rəisi vəzifəsinə təyin edilib.

 

 

1955-ci ildə Georgi Jukov SSRİ müdafiə naziri təyin olunanda Ştemenkonu Sibirdən Moskvaya qaytarıb və onu baş qərargahın kəşfiyyat idarəsinə rəis təyin edib, Ştemenkonun rütbəsi bir ulduz artaraq general-polkovnik olub.


Nikita Xruşov 1957-ci ildə Jukovu nazir kürsüsündən uzaqlaşdıranda qara buludlar növbəti dəfə Ştemenkonun başının üstündə görünüb. Xruşov həmin ilin oktybar plenumunda Ştemenko haqqında bu fikirləri səsləndirib:
“Ştemenko Sibirdən Moskvaya elə-belə gətirilməyib. Jukov onu baş qərargahın kəşfiyyat idarəsinə də elə-belə təyin etməyib. Bütün bunlar məqsədli olub və heç də xoş niyyətlə edilməyib...”


Ştemenko yenidən uzaqlara “sürgün” edilib. Bir müddət Volqoqrad və Qafqaz hərbi dairələrində xidmət etdikdən sonra nəhayət, 1964-cü ildə baş qərargah rəisinin müavini vəzifəsinə təyinat alıb və 1968-ci ildə o, yenidən ordu generalı rütbəsinə sahib olub.


Başından qara buludlar əskik olmayan ordu generalı istefaya çıxdıqdan sonra memuarlarını yazıb. Ştemenko “Baş qərargah müharibə illərində” kitabı ilə məşhurlaşıb.

 

 

Sergey Ştemenko 1976-cı ildə 69 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub./Musavat.com/

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər