İSLAM

Hit : 942

Həzrət Zeynəbin (s.ə) vəfatı günüdür – Xanımın (s.ə) həyatına qısa baxış

Həzrət Zeynəbin (s.ə) vəfatı günüdür – Xanımın (s.ə) həyatına qısa baxış

10:12, 10.03.2020

Hicri-qəməri tarixi ilə rəcəb ayının 15-i həzrəti Zeynəbin (s.ə) vəfat günüdür.

 

İslaminSesi.info - Xanım Zeynəb (s.ə.) hicrətin 5-cı ilində dünyaya gəlib və həyatının ilk beş ilini babası Peyğəmbərlə (s) eyni zamanda yaşamış və hicrətin 62-ci ilində Kərbəla faciəsindən 1 il sonra dünyadan köçmüşdür.

 

Həzrəti Zeynəbin atasi İmam Əli (ə), anası Xanım Zəhradır (s.ə). İmam Həsən və İmam Hüseynin (ə) bacısıdır.

 

Tarixi mənbələrdə qeyd olunur ki, həzrəti Zeynəb (s.ə.) dünyaya gələrkən babası Məhəmməd (s) peyğəmbər döyüşdə imiş və məhz buna görə həzrəti Əli (s.ə.) onun adını qoymur və Peyğəmbəri (s) gözləyir. Peyğəmbər (s) döyüşdən qayıtdıqdan sonra Zeynəbi öpüb qucaqlayır, onu atasına bənzədir və onu “Zeynəb”, yəni "atasının bəzəyi və zinəti" adlandırır.

 

Xanım Zeynəb (s.ə) əmisi oğlu Abdullah ibn Cəfər ibn Əbu Talib ilə ailə qurmuş və onun icazəsi ilə Kərbəlada İmam Hüseynin (ə) yanında olmuşdur. Xanımın (s.ə) 4 övladı olmuşdur. Xanımın (s.ə) iki oğlu Oun və Muhəmməd Kərbəlada şəhid edilmişdir, diğər iki oğlunun da İslam yolunda şəhid edildiyi qeyd olunur.

 

Həzrəti Zeynəb (s.ə) qardaşı imam Hüseynlə (ə) birlikdə Aşura faciəsində çiyin-çiyinə zalım Yezidə qarşı mübarizə aparıb. İmam Hüseynin (ə) şəhid edilməyindən sonra Şama əsir aparılan xanım Zeynəb (s.ə) qardaşının qiyamının mahiyyətini, hədəfini və fəlsəfəsini lazımınca xalqa çatdırıb. Məhz buna görədir ki, həzrəti Zeynəb (s.ə) İmam Hüseyn (ə) inqilabının və Kərbəla hərəkatının tamamlayıcısı kimi yad edilir. O həzrət (s.ə) Kərbəla əsirləri ilə birlikdə Mədinəyə qayıdır və bütün həqiqətləri camaata çatdırır.

 

Xanım (s.ə) Aşuradan sonra cəmi bir il ömür sürür. Şeyx Abbas Qummi “Hədiyyətuz-Zairin” əsərində bir sıra tarixi faktlara və hədislərə istinad edərək yazır ki, Kərbəla faciəsindən sonra İmam Hüseyn övladları Mədinəyə gəldilər, daha sonra Abdullah bin Cəfər Mədinədə yaranan qıtlığa görə ailəsi və həzrəti Zeynəbi də götürüb, Şama getdi. Çünki onların orada kiçik bir tarlası var idi. Həzrət Zeynəbin (s.ə) Aşuradan sonrakı həyatı və vəfat yeri barədə olan bu fikiri tarixçilərin çoxu dəstəkləyir.

 

Xanım Zeynəbin (s.ə) Mədinəni tərketməsinin səbəblərindən biri də, Yezidin göstərişi ilə olduğu qeyd edilir. Beləki, Mədinəyə geri dönən Əhli-Beyt (ə) övladları, xüsusən də Xanım Zeynəb (s.ə) daim insanlara Kərbəlanın dəhşətlərini çatdırır, Yezid və ərtafının peyğəmbər (s) ailəsinə etdiyi zülmü bütün insanlara öz həqiqəti ilə anladırdılar. “Zeynəbi Kubra minəl-məhdi iləl-ləhədi” kitabının müəllifi Əllamə Qəzvinin yazdığına görə Məkkənin o zamankı valisi Ömər bin Səid Əşdəq, Yezidə məktub yazır və Xanımın (s.ə) şəhərdən çıxarılmasını tələb edir. Bu istəyin üzərindən Yezid, həzrət Zeynəbin (s.ə) Mədinədən uzaqlaşdırılmasına göstəriş verir. Həmin mənbənin yazdığına görə Xanım Zeynəbin (s.ə) həyat yoldaşı Abdullah bin Cəfər, xanımı (s.ə) və o xanımla birgə olan bir neçə Haşimi qadını özü ilə götürüb Şamda olan evinə gəlir.

 

Həmçinin Seyyid Muhəmməd Kazim Qəzvinin yazdığına əsasən Dəşəqdə məskunlaşan həzrət Zeynəb (s.ə), Yezid casusları tərəfindən zəhərlənir və hicrətin 62-ci ili rəcəb ayının 14-də şəhadətə qovuşur. Xanımın (s.ə) zəhərlədilməsi Yezidin göstərişi ilə insanlardan gizli saxlanılır.

 

Xanımın mübarək məzarı hazırda Dəməşqin 7 km şərqində yerləşən Raviyə kəndindədir (Seyyidə-Zeynəb rayonu). Təkfirçi düşüncənin dəfələrlə cəhdlərinə baxmayaraq Xanımın (s.ə) pak məzarı dağılmaqdan mühafizə edilmişdir.

 

 

 

 

 

 

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər