İSLAM

Hit : 358

Haram tikə ilə daşlaşan qəlblər -  Kərbəla faciəsinin cinayətkarları

Haram tikə ilə daşlaşan qəlblər - Kərbəla faciəsinin cinayətkarları

10:45, 03.09.2019

“Ey insanlar! Yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! ” – Bəqərə 168

 

Kərbəlada ürək yandıran ağır faciənin baş vermə səbəbləri müxtəlifdir. O cümlədən tarixi, ictimayi, siyasi və mənəvi amillərin olması qaçılmazdır. Həmin səbəblərdən ən əsası mənəvi səbəbdir. Hansı ki, biz bunu Kərbəla çölündə imam Hüseynin(ə) öz dilindən də eşidirik.

 

Ümumiyyətlə faciənin mahiyyətindən aslı olmayaraq onu törədən şəxsin qəlbinin qəsavət bağlaması, yəni sadə dillə desək daşlaşması birmənalıdır. Ürəyində rəhm olmayan insan üçün törətdiyi cinayətin necəliyinin fərqi yoxdur.

 

Gəlin əsaslı sualla mövzuya yaxınlaşaq. Necə olur ki, hamı kimi dünyayaya göz açan, ana laylası ilə ayaq tutub yeriyən insan birdən-birə böyüyüb qatil olur. Özü də elə bir qətlin müəllifi olur ki, tarix onu 1400 ildir deyib ağlamaqdadır. Quran məntiqinə və ümumi həyat qanunlarına istinad etsək görərik ki, insan heç də birdən-birə qatil, oğru, yalançı, qəddar, cəllad və sair olmur. Hər bir əməlin səbəbi olduğu kimi bunun da müxtəlif səbəbləri vardır. Bu səbəblərdən ən başlıcası insan cisminin və ruhunun haram tikə ilə bəslənməsidir. Necə ki, biz bunu həm Qurandan, həm də Aşura günü İmam Hüseynin mübarək kəlamlarından oxuyuruq.

 

Allah-Taala Quranda Bəqərə surəsinin 168-ci ayəsində buyurur “Ey insanlar! Yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! ”.

 

Demək ki, insanın haram qidalanması onun şeytana bəndəçilik etməsinə səbəb olacaqdır. İmam  Hüseyn (ə) Aşura günündə onunla vuruşmağa gələn insanlara çox öyüd-nəsihət etməsinə baxmayaraq onlar öz fikirlərindən əl çəkməyərək imamla döyüşməkdə israrlı olduqlarını öz hərəkətləri ilə bildirdilər. Çünki imam öyüd nəsihət etdikcə onlar səs salır, digərlərinin dinləməsinə mane olur və Yezidin əmrlərini uca səslə təkrarlayaraq rəcəz oxuyurdular. Bunu müşahidə edən imam buyurdu:

 

فمن اطاعنی کان من المرشدین و من عصانی کان من المهلکین کلکم عاص الری غیر مستمع قولی ملءت بطونکم من الحرام و طبع علی قلوبکم

 

“Mənə itaət (dinləyən) edən hər bir kəs ucalacaq, mənim əksimə gedənlər isə həlak olacaqdır. Amma sizin hamınız mənə qarşı gəlir, sözlərimizi dinləmir və sakitləşmirsiz. Çünki sizin qarınlarınız haramla dolmuş, ürəkləriniz isə daşlaşmışdır!”.

 

Buna rəğmən Allah-Təala Maidə surəsinin 88-ci ayəsində buyurur:

“Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun!” - ayədəki “Allahdan qorxmaq” dedikdə yəni İlahinin əmrlərinə asi çıxmamaq, haramlardan çəkinmək, kimsəyə zülmü rəva bilməməkdir. Əlbəttə əgər bunun əksinə gedərək haram tikə ilə bəslənən Allaha asi çıxar, onun əmrlərinin əksinə gedərək kimsəyə rəhm etmədən onlara qarşı zülm işlətməkdən usanmaz. 

 

Allah-Təala digər bir ayədə isə halal qidalanmaqla saleh və xeyirxah işlərə təşviq edir. Möminlər surəsinin 51-ci ayəsində "Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!” deyə buyrulur.

 

Həqiqətən insanın Allahdan xəbərsiz olmasının əsas səbəblərindən biri də haram qidalanmaqdır. İnsan Allahdan xəbərsiz olarsa onun ruhuna, düşüncəsinə, baxışlarına şeytan hakim olacaqdır. Belə olan halda öz mənfur hədəflərinə çatmaq üçün kimsəyə rəhm etməz və kimsənin göz yaşlarına ürəkləri yumşalmaz.

 

Bu mövzu yalnız Kərbəla facisəinə aid deyil, biz bunu tarix boyunca müşahidə etməkdəyik. Bizə ən yaxın tarixdə belə qəlbləri daşlaşmış insanlar öz mənfur niyyətlərinə çatmaq üçün Xocalını qətliam edir, Suriyanı, Yəməni bombalayır, xəstəxanaları atəşə tutur, məktəbləri partladır, qocalara rəhm etmir və körpələri yetim qoyurlar. Zülmün milləti və dini olmur.

 

Aşurada İmam Hüseyn (ə) bunu bütün dünyaya anlatdı. Öz Peyğəmbərinin dinindən olan bir dəstə mənfur niyyətli insanlar öz dinlərinin İmamının başını kəsməyə, uşaqlarını əsir aparmağa qalxırsa demək ki, bu zülmün xüsusi zamanı və coğrafi məkanı yoxdur. Budur ki, hər bir ədalətsevər insan zalimlərə qarşı susmamalı, onları ifşa etməli və onların zülmünün artmasının qarşısını almalıdlar. Əks halda Aşura kimi faciələr qiyamətə qədər yaşanacaqdır.

 

/İslaminSesi/

Ruhani alim Hacı Emil Rahiloğlu

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər