İSLAM

Hit : 613

Əzalı Fatimiyyə günləri:

Əzalı Fatimiyyə günləri: "Fatiməsiz “Fatimə”

11:23, 11.01.2020

Qeyd: Bu yazı müəllifin öz düşüncələri əsasında qələmə alınmışdır.

 

Mən İsamı (s.ə) axtarıram. Məna həyat bəxş edən İsanı. Ölmüş qəlbimə məsh edən məsihimi axtarıram. Xəyanətkar ümmət əlindən İsa (ə) kimi qeyb olan İsam haradadır? Bəlkə bu sualı səma cisimlərinə verim? Bəlkə onlar mənə İsamdan (s.ə) bir xəbər verələr...

Bu ümidlə hər yerə öz nurunu ələyən günəşə üz tuturam və soruşuram.

-          Ey günəş!  Yer üzünə nur saçan, İsamı (s.ə) gördünmü?

-          Bəli, gördüm.

-          Mənə ondan danış. Onu vəsf et.

-          Onu son günlərində iki dəfə gördüm amma vəsfi mənə, anlaması eşidənlərə çətin olacaq.

-          Danış, ey Günəş danış. Onsuzda qəlblər onun adını duyar-duymaz parçalanır, dağlanır.

-          Son günlərdə evindən çıxmırdı. Gözlərimi sübhdən ta qürubacan onun qapısına zilləyirdim ki, onu görə biləm. Amma o vəhy evindən səs-səda yox idi. Daha kiçik körpələri nəvaziş edən, ana səsini duymurdum. Səma cisimlərinin söhbətini eşitdim bir gün. Deyirdilər ki, o yaşanan hadisə o ailənin  sevincinə son qoydu.

-          Sən həmin günü mənə vəsf edə bilərsən?

-          Evə tərəf addımlayan nəfərləri gördüm. Nifrət dolu baxışlarla baxırdılar o qapıya. Əllərini qapıya möhkəm çırparaq, o vəhy evinin qarşısında səslərini Peyğəmbər (s) zamanında olduğu kimi yüksəltdilər. Cəbrail (ə) və mələklər onlara səslənirdi: “Ey nadanlar! Bu evin qarşısında bu nə cürət, bu nə cəsarət! Bu evə mən izinsiz daxil olmuram amma siz?...”

-          Onlar o səsi duymadılarmı?

-          Onlar ancaq şeytanın onlara pıçıldadıqlarını duyub eşidirdilər.

-          Sonra tüstü duman bürüdü hər yeri, çox az şey görə bidim. Orada nə oldu bilmədim, amma bir ana fəryadı, bəlkə də bətnindəki körpənin son hıçqırığı ilə süküt çökdü o evə. Mən artıq qürub edirdim...

-          Sonra nə oldu?

-          Günlərlə onu görmədim. Səma cisimlərindən onun xəstə olduğunu eşitdim. Bir gün o mübarək vəhy evinin qapısı açıldı və O (s.ə) çox yorğun və xəstə halda çölə çıxdı.

-          Məscidə tərəf getdi?

-          Xeyr. Atasının məzarına. Qürub zamanı olduğu üçün onu tam eşidə, duya bilmirdim. Başını məzar üstə qoyub göz yaşı tökürdü. “Atacan! Atacan! Bu ümmət bizə xəyanət etdi” deyirdi. Onu son gördüyüm yer o məzarın başı oldu. Mən onu tərk etmək istəməsəm də dünya qanunlarına görə qürub etməli idim. Kaş o gün daha uzun olaydı və hər şeyi sona qədər izləyə bilsəydim.

-          Onu daha görmədin?

-          Onu bir daha görmədim. Və bir gün sübh açıldıqda bütün səma əhlinin matəmdə olduğunu gördüm...

-          Niyə ağlayırsan?

-          Necə ağlamayım ki, mələklər də ona göz yaşı tökürdü...

-          Axı o gün o məzar üstə nələr oldu?

-          Sən onu səma çıraqlarından soruş. Mən qürub edər-etməz səmanı bəzəyən onlardır. Biz öz aramızda onlara səma çıraqları deyirik. Sizin ulduz dediyiniz səma cismləri.

-          Sən özündə ulduz deyilsənmi?

-          Elədir. Amma qürub vaxtı vəzifəmə əməl edib getməliyəm.

-          Gözlərimi səmaya dikib, ulduzların gəlişini gözləyirdim... Budur artıq onların parıltısını görürəm və sualıma cavab tapmaq üçün tez soruşuram.

-          Ey ulduz! O gün nələr oldu? Danış, xəbər ver.

-          (Ulduz dedi:) Biz o gün səmada nur saçmağa başlarkən onu bir məzar üstə gördük. Halsız və yorğun idi. Bilirdik onun başına gələnləri. Nəsə pıçıldayırdı amma duya bilmirdik. Biz öz aramızda həmişə danışanda deyirik ki, necə ki biz ulduzlar səmanı həm bəzəyir və həm də insanlara yol göstərərək bir bələdçi funksiyasını yerinə yetiririk. O da elədir. Səmadan o da yer üzərindəki bir nur parçası kimi görünür. Həm yer üzünə zinət, bərəkət və həm də insanların hidayətinə çalışan bir varlıqdır. Biz o gecədən sonra onu görmədik. Sən onu aydan soruş. O, ən qaranlıq gecələrdə belə parlaqdır və yer üzünü bizdən daha yaxşı müşahidə edir.

Naçar qalıb, üzümü aya tutub səslənirəm. Ey ay! Mənə ondan xəbər ver.

-          (Ay dedi:) Mən səmada öz yerimi tutduqda, o artıq evə tərəf yollanırdı. Evə daxil oldu və birdə onu görmədim. Amma bir dəfə...

-          Yenə atasının məzarına yollandı?

-          Xeyr, bu dəfə özünü məzarlığa aparırdılar. Yenilməz qəhrəman bu dəfə çox çarəsiz qalmışdı. Tənha idi. Bir cənazə ilə məşğul idi. Soruşduqda öryəndim ki, Cənnət cavanlarının anası artıq dünya əhlinin arasından qeybə çəkilmək üzrədir.

-          Danış, onu hara apardılar?

-          Mələklərin müşayiəti ilə onu dəfn üçün apardılar.

-          Axı hara?

-          Bir neçə qazılmış qəbir gördüm. İzləyirdim ki görüm bu işin sonu necə bitəcək.

-          Ey ay! Söylə o mübarək bədən hara dəfn edildi?

-          Təəssüf bulud karvanı önümü kəsdi. Onlar ötüb keçdikdən sonra artıq hər şey bitmişdi. Evə tərəf yollanan tənha bir aşiqi görürdüm.

Səma cisimlərindən heç kim dadıma çatmadı. Çox maraqlıdır, Günəş o qəbri isidir amma ondan xəbərsiz. Ulduz və ay o qəbrə işıq saçır amma ondan xəbərsiz...  Çox maraqlı təzaddır. Onlar həm Fatiməli, və həm də Fatiməsiz idilər.Odur ki onlara səslənib dedim, Ey Günəş! Ey ulduz! Ey Ay! Ey bu hadisəyə həm şahid və həm susqun olanlar siz “Fatiməsiz “Fatimə”siz.”

 

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı

 

 

 

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər