İQTİSADİYYAT

Hit : 170

Ekspert Azərbaycanda uşaqpulu ilə bağlı İtaliya modelini təklif edir

Ekspert Azərbaycanda uşaqpulu ilə bağlı İtaliya modelini təklif edir

12:00, 11.09.2019

Vüqar Bayramov: “İmkanlı ailənin uşaq puluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır”

“Uşaq pulu ilə bağlı müzakirələr gündəmin vacib xəbərlərindən olaraq qalmaqdadır. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən uşaq pulunun verilməsi ilə bağlı hazırlanan mexanizmin təqdimatından sonra məsələyə fərqli yanaşmalar var. Rəsmi açıqlamalarda daha çox sosial qayğısı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur”.

 

Bu sözləri  İslaminSesi-nə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisadçı ekspert Vüqar Bayramov deyib. O, rəhbərlik etdiyi qurumun bu sahədə fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğun saydığını bildirib. Belə ki, bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır:

 

“Məsələn, İtaliyada illik gəliri 11422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avro ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaq pulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımından vacibdir. Aydındır ki, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaq pulu ciddi rəqəm hesab olunmaya bilər, amma 400 manat qazanan ailə üçün bu əhəmiyyətli dəstəkdir. Yəni, imkanlı ailənin uşaq puluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır”.

 

V.Bayramov hesab edir ki, bu baxımdan İtaliya modelində olduğu kimi, gəliri az olan ailələrin, uşaqların sayına görə uşaq pulu alması daha məqsədəuyğun hesab oluna bilər: “Bunun üçün Azərbaycanda gəlirlərin deklarasiyası haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Kimin varlı və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımından da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaq puluna ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi mümkündür.

 

İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun olaraq uşaq pulu formasında birbaşa ödəniş mümkündür. Bu həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından vacib hesab oluna bilər. Bu baxımdan, uşaq pulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaq pulundan faydalanmasına imkan verəcək.

 

Qeyd edək ki, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir. CESD-nin ilkin qiymətləndirmələrinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu, büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq”.

DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

bütün xəbərlər