SİYASƏT

Hit : 124

Dünya artıq ABŞ-ın yalanlarını eşitməkdən doyub – Hacı İlham Əliyev

Dünya artıq ABŞ-ın yalanlarını eşitməkdən doyub – Hacı İlham Əliyev

12:21, 24.02.2020

“Bütün bunların arxasında Amerikanın iqtisadi maraqları və hegemonçuluq siyasəti, başqa dövlətlər üzərində dominantlıq iddiası, dünyaya ağalıq etmək ruhiyyəsi kimi iyrənc məqsədlər durur”

Yaxın və Orta Şərq həmişə ABŞ-ın xarici strategiyasında vacib prioritetlərdən biri olub. Vaşinqton üçün bu region xüsusilə neft və qaz resursları ilə zəngin ərazidir. Bu resursları mənimsəmək, talamaq üçün Birləşmiş Ştatlar əsas silah kimi çox vaxt özünün yaratdığı terror təşkilatlarından yararlanıb. Keçmiş SSRi ilə aralarında olan “soyuq müharibə” başa çatdıqdan sonra isə Birləşmiş Ştatları dünyaya təkbaşına ağalıq etmək iddiasına düşməyə başladı. Bu məqsədlə dünyanın ən müxtəlif regionlarında ən müxtəlif tədbirlər həyata keçirdi. Bunların içərisində isə Yaxın Şərq regionu ABŞ üçün xüsusi əhəmiyyət kəsb edirdi. Beləliklə bölgə Amerika və onun müttəfiqlərinin sınaq meydanına çevrilmiş oldu. Elə o vaxtdan da qan çanağına döndü, ölkələr xarabazara çevrildi...

 

Məsələ ilə bağlı İslaminSesi-nə danışan Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyev ABŞ-ın təkcə XX əsrdə dünyanın 50-yə yaxın ölkəsinə təcavüz və ya müdaxilə etdiyini xatırlatdı. Və dedi ki, bu baxımdan həmin dövlətlər içərisində Yaxın Şərq regionu daha böyük dağıntılara, məhrumiyyətlərə məruz qalıb və hələ də qalmaqdadır:

 

“Bismillahir. Rəhmanir Rəhim. ABŞ başqa ölkələrə təcavüz etmək üçün həmişə ən iyrənc vasitələrə əl atıb. 2001-ci ilin 11 sentyabrında qondardığı terror aktı da bu baxımdan əsas bəhanə oldu. Əvvəlcə Əfqanıstana, daha sonra İraqa, Liviyaya, Suriyaya hücum etdi. Bu ölkələrə edilən təcavüzdən əvvəl İraqda da, Liviya və Suriyada da əmniyyət hökm sürürdü. İşğaldan sonra durum dəyişdi, siyasi, iqtisadi kataklizmlər baş verdi, insanlar kütləvi şəkildə qırıldı, aclıq, səfalət yaşandı, yaşayış məntəqələri darmadağın edildi. Amma indi hər kəsə aydındır ki, əslində Vaşinqtonun bu cinayəti ona lazımi loyallıq göstərməyən dövlətləri itaətdə saxlamaq üçündür.

 

Bölgədə xüsusilə son 10-15 il ərzində baş verən bütün qarşıdurmalar, çaxnaşmalar ABŞ-ın nəhs qədəmlərinin “bərəkətindəndir". Əfqanistandan başlayaraq ərəb ölkələrinədək bütün fitnə-fəsadların, vətəndaş müharibələrinin, qonşu müsəlman ölkələri arasındakı savaşların, qarşılıqlı hücumların arxasında ABŞ-ın durduğu artıq heç kəsə sirr deyil. Və nəinki sirr deyil, hətta ABŞ rəsmiləri cinayətkar İŞİD terror təşkilatını yaratdıqlarını, təcavüzkar, xəbis Səudiyyə və İsrail rejimlərinin arxasında durduqlarını bir neçə dəfə etiraf ediblər. Şəhid general Qasim Süleymaninin terror edilməsini də rəsmən ABŞ prezidenti heç nədən və heç kimdən çəkinmədən, həm də həyasızcasına öz üzərinə götürdü”.

 

Hacı İlham hesab edir ki, bütün bunların arxasında iqtisadi maraqlar və hegemonçuluq siyasəti, başqa dövlətlər üzərində dominantlıq iddiası, dünyaya ağalıq etmək ruhiyyəsi kimi iyrənc məqsədlər durur: “ABŞ ərəb dövlətlərinin bəzi nadan başçılarını inandırıb ki, onsuz bircə həftə belə davam gətirə bilməzlər. Vaşinqton qorxu və tamah kimi silahdan istifadə etməklə özünün bölgədəki riyakarlıqlarına, qanunsuzluqlarına hüquqi don geydirməyə çalışır. Lakin həqiqət tam əksinədir. Belə ki, Amerika bölgəyə əmniyyəti qorumaq bəhanəsiylə ayaq bassa da, həmin vaxtdan regionun təhlükəsizliyi daha da pisləşib. Artıq yerli əhali, bölgə dövlətlərinin xalqları bunu anlayır, əmniyyətin olmamasının əsas səbəbkarının elə ABŞ-ın özü olduğunu görürlər. İndi hər kəs dərk edir ki, Amerikanın regiondakı uğursuz varlığı qaldıqca çaxnaşmalar da davamlı olacaq, hətta durum getdikcə daha da ağırlaşacaq”.

 

Yeraltı və yerüstü sərvətlərlə zəngin sözügedən bölgənin xalqlarının əksəriyyətinin müsəlman olduğunu xatırladan Hacı İlham dedi ki, bəzi mədəniyyətlər, adət və ənənələr fərqli olsa da, onların hamısı müqəddəs İslam şamı ətrafında toplaşıblar:

 

“Əslində ən böyük sərvət elə müsəlman olmaqdır. İslam şamının ətrafında cəm olmaq isə onların bir araya gəlməsində, İslam vəhdətinin təşkilində ən əsas amilidir. Müsəlmançılıqdan başqa heç bir amil onların vəhdətində bu qədər təsirli ola bilməz. Yaxın və Orta Şərq ölkələri öz aralarındakı ixtilaflara son qoymalı, düşmənini, onun İslam aləmi üçün hazırladığı məkrli planları düzgün dərk etməlidirlər. Allahın Qurani-Kərimdə “Yəhudi və xaçpərəstlərdən sizə dost olmaz! Onlar sizi öz yollarına çəkməyənədək sizdən razı qalmayacaqlar, əl çəkməyəcəklər”- deyə buyurduğunu özləri üçün sərlövhə etməlidirlər”.

 

AİP-in sədr əvəzi hesab etdiyini bildirdi ki, artıq Yaxın Şərqdə xüsusi bir oyanış müşahidə olunur və həmin ölkələrin xalqları ABŞ-n regionu tərk etməli olduqları barədə fikirlərində qərarlıdırlar:

“Göründüyü kimi, hərbi gücdən istifadə Amerikanın maraqlarını qoruya bilmədi. Əksinə, Əfqanistan və İraqın işğalı, Liviyanın yerlə bir edilməsi, Suriyada baş verən qətliamlar bumeranq effekti  verdi.  ABŞ-a, onun bölgədə mövcudluğuna nifrət edənlərin sayı durmadan artdı. Nəticə isə göz önündədir: bu gün Amerika Yaxın Şərqdə qarşısına qoyduğu məqsədlərə çata bilməyib.

 

Bu üzdən düşünürəm ki, əgər Birləşmiş Ştatlar Yaxın Şərq xalqlarının istəklərini dəyərləndirməsə, bölgəni zorla tərk etməli olacaq. Bunu Vaşinqtonun özü də dərk etməmiş deyil. Xüsusilə general Qasim Süleymaninin müqəddəs qanının tökülməsindən sonra ABŞ bölgədə öz əmniyyətini əldən verib. İkinci Dünya müharibəsindən sonra, obrazlı desək, ona tərəf bir daş atan olmamışdı. Amma bu gün onun hərbi bazaları dünyanın gözü önündə darmadağın edilir. Ağ Evin isə həqiqəti dünyadan gizlətməkdən başqa əlacı qalmır. Bütün bunlar İslam ümmətinin həqiqətən də özünə qayıdışının başlanğıcıdır. Dünya artıq ABŞ-ın yalanlarını eşitməkdən doyub. Hər bir ölkə və onun xalqı öz ayağı üstə durub öz müqəddəratını həll etmək istəyir. Və bu belə də olacaq”.

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər