ÖLKƏ

Hit : 160

Çindən başlayıb sərhədləri aşan ölümcül koronavirus - Səhiyyəmiz buna nə qədər hazırdır?

Çindən başlayıb sərhədləri aşan ölümcül koronavirus - Səhiyyəmiz buna nə qədər hazırdır?

13:09, 26.02.2020

Əli Əliyev: “Əgər sabah vətəndaşlarımızdan kiminsə epidemiyaya yoluxması məlumatı yayılarsa, bu, qorxunc fəlakət kimi qarşılanmamalıdır”

Yeni tip koronavirusun (Covid-19) səbəb olduğu epidemiya dünyanı təşvişə salıb. Çinin Vuhan şəhərindən başlayan ən son pandemiya bu günə qədər 30-dan çox ölkəyə yayılıb.

Son məlumatlara əsasən, Çində təxminən 77 min insan bu virusa yoluxub, ölənlərin sayı isə 2600-ü aşıb. Çindən sonra digər ölkələrdə koronavirusa yoluxma hallarının və ölüm faktlarının çoxalması Azərbaycanda da əhalinin narahatlığını artırmaqla yanaşı, müxtəlif şayiələrin yaranmasına səbəb olub.

 

Bəs görəsən, koronavirus epidemiyasının ölkəmizdə yayılma ehtimalı varmı?Azərbaycan səhiyyəsi buna nə qədər hazırdır?

 

Vətəndaş və İnkişaf Partiyasının sədri, ATU-nun Biokimya kafedrasının müəllimi, biologiya elmləri namizədi Əli Əliyevlə söhbətimiz də bu barədədir.

 

Ə.Əliyev “İslamın Səsi”nə bildirdi ki, Azərbaycanda da koronavirusun yayılma ehtimalı var: “Çünki bu virus hava damcı yolu və əvvəlki qrip formalarından fərqli olaraq, fiziki təmasdan keçə bilir. Artıq epidemiyanın qonşu İran dövlətinə gəlib çatması, hətta Tehran kimi böyük şəhərdə karantinin elan edilməsi bir daha göstərir ki, koronavirusun yayılma ehtimalı yüksəkdir.

 

Nəzərə alsaq ki, İran bizimlə həmsərhəddir, ticari, turist, təhsil əlaqəlarimiz var, o zaman  epidemiyanın ölkəmizdə yayılma təhlükəsi artır. Üstəlik, sərhədyanı rayonlarda əhalinin fərdi qaydada qonşu ölkəyə müntəzəm get-gəl etməsi, ticarətlə məşğul olması, sözügedən xəstəliyin çox asanlıqla Azərbaycana yayılmasına gətirib çıxara bilər. Məlumatlara əsasən, hazırda karantin tətbiq edilir, sərhədlər müəyyən müddətə bağlanır. Lakin bu günə qədər sərhəd-keçid məntəqələrindən Azərbaycana keçən potensial xəstələrin olması ehtimalı da ola bilər”.

 

Amma mütəxəssisin fikrincə, bu, o demək deyil ki, Azərbaycan əhalisi panikaya düşməli, qorxmalıdır: “Əlbəttə, gigiyena və pereventiv tədbirlər görülməlidir, insanlar özünu qorumalıdır. Əgər sabah vətəndaşlarımızdan kiminsə epidemiyaya yoluxması məlumatı yayılarsa, bu, qorxunc fəlakət kimi qarşılanmamalıdır. Belə ki, bizim indiyə qədər qrip kimi səciyyələndirdiyimiz xəstəliklərdə ölüm halları 0,7-1 faiz arası olubsa, son pandemiyada 2,5 faizdir. Yəni koronavirusa yoluxma o demək deyil ki, dərhal insanlar həyatlarını itirəcəklər. Ona görə insanlar qorxmamalı, panikaya düşməməlidirlər. Təbii, cəmiyyət maariflənməlidir və vahiməyə düşmədən özünü qorumaq üçün ciddi gigiyenik tədbirlər görməlidirlər. Tibbi qoruyucu maskalardan, lateks əlcəklərdən istifadə, əşyaların müntəzəm oalaraq spirtlə təmizlənməsi pereventiv tədbirlər siyahısına daxildur. Bununla belə, insanlar mümkün qədər kütləvi toplanma yerlərindən uzaqlaşmağa çalışmalıdırlar”.

 

Müsahibimiz qeyd etdi ki, mövcud şəraitdə daha çox hökumət tərəfindən uyğun tədbirlər görülməli, əhali maarifləndirilməlidir: “Əlaqədar qurumlar tibbi vasitələrin apteklərdə satılmasına şərait yaratmalı, qıtlığın yaranmasının qarşısını almalıdırlar. Acınacaqlısı budur ki, artıq Azərbaycanda tibbi maskaların qiyməti 10 dəfədən çox qalxıb. Qiymətin qalxması ilə yanaşı tibbi maska qıtlığı yaranıb. Belə hallar yolverilməzdir.

 

Düşünürəm ki, hazırda səhiyyə sahəsində aparılan dəyişikliklər, işimizə bir qədər mane ola bilər. Məsələn, mən Tibbi Sığorta Agentliyilə Səhiyyə Nazirliyi arasında vəzifə bölgüsünün necə həyata keçirilməsi haqqında təsəvvürə malik deyiləm. Məlumatım var ki, Agentliklə Səhiyyə Nazirliyi arasında hələlik iş sistemi bərqərar olmayıb, boşluqlar var, vəzifə bölgüsünün necə olacağı sual altındadır. Bu da ehtimal olunan pandemiya qarşısında imkanlarımızı məhdudlaşdırır. Lakin bütün hallarda, səhiyyə sahəsində iş rejimini gücləndirmək, karantin fəaliyyətini artırmaq lazımdır, həmçinin, cəmiyyət gələ biləcək təhlükənin qarşısını almağa səfərbər edilməlidir. Dediyim kimi, həlledici iş hökumətin üzərinə düşür və ilk növbədə hökumət, üzərinə düşən vəzifəni həyata keçirməyi bacarmalıdır. Onun isə buna nə qədər hazır olub-olmadığını söyləmək çətindir. Çünki Tibbi Sığorta Agentliyi və Səhiyyə Nazirliyi arasında vəziyyət sona qədər cilalanmayıb”.

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər