ÖLKƏ

Hit : 155

Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...

Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...

11:37, 20.08.2019

Ali məkəblərdə yenicə tələbə adı qazanmış gənclərin qeydiyyat prossesi davam etməkdədir. Hazırda qeydiyyatdan keçən tələbələrin əsas qayğılarından biri, hətta birincisi harda qalacağı ilə bağlıdır. Kirayə mənzillərin baha olması bir çoxlarına çətinliklər yaşadır. Buna görə onlar qəbul olunduqları universitetlərin yataqxanasında qalmaq üçün yollar axtarırlar. Təbii ki, əgər belə yataqxanalar da varsa....

 

İslaminSesi Modern.az saytına istinadən  paytaxt və Sumqayıtda yerləşən əsas ali təhsil müəssisələrinin yataqxanalarının olub-olmaması ilə bağlı universitetlər arasında sorğu keçirib.

 

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, bu ali təhsil ocağının yataqxanası hal-hazırda qəzalı vəziyyətdədir.

 

“Tələbələrin yeni yataqxanaya köçürülməsi istiqamətində iş aparılır, mövcud texniki şərtlər nəzərdən keçirilir”.

 

Neft və Sənaye Universitetinin mətbuat xidmətindən verilən məlumata əsasən, universitetin 320 nəfərlik tələbə yataqxanası var.

 

“Burada əsasən əcnəbi tələbələr qalır. Yerli tələbələr də müraciət edəndə, onlar da burada yerləşdirilirlər. Maddi cəhətdən aztəminatlı tələbələr ödənişsiz olaraq yataqxana ilə təmin olunurlar. Həmin tələbələr Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək, heç bir problem olmadan yataqxanada yerləşdirilirlər. Ümumi ödəniş isə tələbə başına 30-50 AZN arasında dəyişir. Hazırda tələbələrin qaldığı yataqxana köhnədi, amma yenisi tikilir”.

 

Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı bildirib ki, ali məktəbin 2 yataqxanası var.

 

“Həmin 2 yataqxanın biri oğlanlar üçün, digəri isə qızlar üçün nəzərdə tutulub. Oğlanlar üçün nəzərdə tutulan yataqxanada hazırda məcburi köçkün ailələri məskunlaşıb. Tələbələrimiz orda qalmır. Qızlar üçün nəzərdə tutulan yataqxananın 2 blokunda tələbələr, digərlərində yenə məcburi köçkün ailələri yaşayır. Hazırda 150-yə yaxn tələbə yataqxanamızda məskunlaşa bilib, onların da hamısı qızlardı. 2 il öncə universitetin yataqxanası təmir olundu, ümumi otaqlar hamısı yenidən quruldu. Yataqxananın oxu zalında tələbələr üçün müəyyən şərait yaratdıq. Daha sonra yataqxanaya wi-fi çəkildi, kitablar alındı. Aylıq ödənişi 20 manatdı. Əvvəlki dövrlərə baxdıqda tələbələr yataqxanadan indi daha çox razıdılar”.

 

Azərbaycan Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov qeyd edib ki, hazırda Dərnəgül qəsəbəsində  universitetin 4 yataqxanası var.

 

“Həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşıblar. Ona görə də biz tələbələrimizi ora yerləşdirmək imkanından hələ ki məhrumuq. “Gənclik” metrostansiyasının yaxınlığında 2 saylı tədris binamız mövcuddur. Orda yataqxanamız var və 200 nəfərə yaxın tələbə yerləşdirə bilirik. Onlar da daha çox aztəminatlı ailələrin övladları olur. Aylıq ödənişi 70 manatdır”.

 

Odlar Yurdu Universitetinin mətbuat xidmətindən verilən məlumata görə,  universitetin yataqxanası yoxdur.

 

Sumqayıt Dövlət Universitetinin mətbuat katibi Nazxanım Cəlilli bildirib ki, universitetin 2 yataqxanası var.

 

“Yataqxanalarda məcburi köçkünlər yaşayırdı. Hazırda 8-9 nəfər qalıb. Qalan köçkünlər başqa yerlərə köçürülüb. Həmin 8-9 nəfər də başqa yerlərdə yerləşdiriləndən sonra yataqxanalarda təmir işləri gedəcək və artıq tələbələrin qalması üçün şərait yaradılacaq”.

 

Bakı Slavyan Universitetinin mətbuat katibi İbrahim Quliyev bildirib ki, universitetin 4 yataqxanası var.

 

“Yataqxananın 2-sində məcburi köçkünlər yaşayır. Bir yataqxanamızın 2-ci  mərtəbəsində tələbələr, qalan mərtəbələrində məcburi köçkünlər yaşayır. Digər yataqxanamız da həmçinin məcburi köçkünlərlə bölüşdürülüb. Yataqxanamızda daha çox əcnəbi tələbələr qalır və orada hər cür şərait yaradılıb. Aylıq ödənişi 50 manatdır”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə  Mirzəyeva qeyd edib ki, universitetin 5 tələbə yataqxanası var.

 

“Yataqxanaların 4-də məcburi köçkünlər yerləşdirilib. Bir yataqxana bizdədi, 250 tələbə yerləşdirmək mümkündür. Yataqxana köhnədir, amma universitet öz hesabına təmir edib. Xidmət isə yaxşı səviyyədədir”.

 

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki, universitetin 6 yataqxanası var.

 

“Bir yataqxanada məcburi köçkünlər yerləşdirilib, digər 5 yataqxana isə fəaliyyətdədir. 1256 tələbə yerləşdirmək mümkündür. Ödəniş aylıq 50-60 manatdır, ödəniş otağa görə dəyişir. Yataqxanada xidmət yüksək səviyyədədir, wi-fi var, oxu zalımız, itirahət otaqlarımız var. Hər mərtəbədə həmçinin çamaşırxana mövcuddur. Yataqxana  daim isti və soyuq olmaqla su ilə təmin olunub. Oğlan və qız yataqxanalarımız ayrıdır. Əcnəbi tələbələrimizə də həmin yataqxanalarda mərtəbə ayrılıb, amma onlar da qız və oğlan qruplarına bölünür. Hazırda 3 saylı qız yataqxanamız təmirdədir”.

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər