SİYASƏT

Hit : 185

“Biz Rusiyanı yalnız müdafiə olunan, zəif tərəf kimi göstərə bilmərik” - Nəzakət Məmmədova

“Biz Rusiyanı yalnız müdafiə olunan, zəif tərəf kimi göstərə bilmərik” - Nəzakət Məmmədova

11:19, 06.11.2019

“Artıq NATO-Rusiya mübarizəsi Cənubi Qafqaz, Norveç, eləcə də Rusiyanın sərhədlərinə yaxın olan digər ərazilərdə gedir”

Məlum olduğu kimi, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Şimali Atlantika Alyansına üzv olacağına dair söz verib.

“Ukraynann NATO-ya üzvlüyü ilə bağlı bütün müttəfiqlər razılığa gəlib”, - deyə o bildirib.

Baş katibin sözlərinə görə, Çernoqoriya, Şimali Makedoniya, Polşa və Baltika ölkələri NATO-ya üzv olmalarını təsəvvürlərinə belə gətirmirdilər, ona görə də bu, Ukrayna üçün də mümkünsüz deyil.

Stoltenberq bildirib ki, alyans Kiyevə islahatların gücləndirilməsində və ölkənin modernləşdirilməsində köməklik göstərəcək.

 

Bəs yaxşı, Rusiya üçün mühüm əhəmiyyət kəsb edən Ukraynanın NATO-ya üzvlüyü bu qədər asanmı başa gələcək? Bunun baş verməsi Qərb-Rusiya münasibətlərində ciddi gərginlik yaratmayacaq ki? Ümumiyyətlə, Rusiya buna imkan verəcəkmi?

 

Mövzu ilə bağlı İslaminSesi-nə danışan politoloq Nəzakət Məmmədova dedi ki, Ukraynanın NATO-ya üzvlüyü şübhəsiz, Rusiya tərəfindən birmənalı şəkildə pis qarşılanacaq. Ona görə ki, Rusiya Ukraynanın Avropa Birliyi ilə assosiativ saziş imzalamasını neçə illərdir ki, həzm edə bilmir. Və bu səbəbdən ölkə ərazisində Rusiyanın səyləri nəticəsində iki separatçı bölgə meydana gəldi, ölkə iqtisadiyyatı darmadağın vəziyyətə salındı, iki slavyan ölkəsi arasında hərbi təhdid savaşın uçurumuna gəldi və s. Çünki NATO Rusiyaya qarşı dünyada mövcud olan ən böyük siyasi-hərbi təşkilatdır:

 

"Ümumiyyətlə, biz NATO-nun son onillərdəki fəaliyyətini, genişlənmə planlarını müşahidə edirik. Hal-hazırda əsas problemlərdən biri raketdənmüdafiə sistemləri ilə bağlıdır. Görünür ki, iki ölkə arasında bu barədə razılıq əldə olunmayıb. Putin də bəyan edib ki, ABŞ-ın bu müqavilədən çıxması, Avropa ölkələrini təhdid altında qoyacaq. Bu isə o deməkdir ki, ABŞ müqavilə ilə “soyuq müharibə” dövründə həm də Avropa ölkələri üçün təhlükəsizlik çətiri yaratmışdı. Doğrudur, indi Varşava Paktı yoxdur, ancaq Rusiya bunun yerinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradıb. Bu, əlbəttə ki, NATO-ya qarşı dayanma gücündə olan təşkilat deyil. Yəni bu gün Rusiyanın hərbi-siyasi baxımdan NATO-ya qarşı dayanmaq gücü yoxdur".

 

ABŞ və NATO-nun yaxın gələcəkdə Ukrayna ilə birlikdə Gürcüstanı da bu hərbi alyansa üzv etmək barədə düşündüklərini deyən politoloqun sözlərinə görə, ümumiyyətlə, Qara dəniz hövzəsi NATO-nun nüfuz dairəsinə daxil edilə bilər: "Biz həyati əhəmiyyətli zonaların hamısında Rusiya ilə ABŞ-ın qarşıdurmasını müşahidə edirik. Artıq NATO-Rusiya mübarizəsi Cənubi Qafqaz, Norveç, eləcə də Rusiyanın sərhədlərinə yaxın olan digər ərazilərdə  gedir".

 

Nəzakət xanım “soyuq müharibə” dövründə NATO-nun birbaşa olaraq Rusiyanın sərhədində dayanmadığını, Qərbi və Şərqi Avropa ölkələrinin onların arasında boş zona olduğunu xatırlatdı: "Bu gün isə həmin ölkələr Avropa Birliyinin tərkibinə keçdiyi üçün, artıq Rusiya özünün bilavasitə sərhədlərini qorumaq məcburiyyətində qalıb. NATO onun yeni “qonşusu”dur. Proses davam edib, gərginləşməyə doğru gedəcək. Bununla da NATO üzvü olan ölkələr Rusiyanı hərtərəfli əhatəyə aldıqları barədə iddia ortaya qoyurlar".

 

Bununla belə, politoloq onu da vurğuladı ki, biz Rusiyanı yalnız müdafiə olunan, zəif tərəf kimi göstərə bilmərik: "Rusiyanın da iddiası var və bu, iki gücün bir-birinə qarşı mübarizəsidir. Yaxın gələcəkdə Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyə qəbul olunması Rusiyaya böyük zərbə olacaq. Moskva hazırda bunun qarşısını almaq istəyir".

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər