ARAŞDIRMA

Hit : 184

Baş katiblə və DTK şefi ilə intriqada olan marşalın müəmmalı ölümü – sağlam Qreçko nədən ölüb?

Baş katiblə və DTK şefi ilə intriqada olan marşalın müəmmalı ölümü – sağlam Qreçko nədən ölüb?

16:54, 21.01.2020

O, öz dövrünün ən sərt, Siyasi Büronun iclaslarında müzakirə olunan məsələlərə birincinin mövqeyindən asılı olmayaraq öz şəxsi fikrini bildirən, açıq və kəskin tənqid etməkdən çəkinməyən ən nüfuzlu hərbi və siyasi xadimlərindən biri olub.

Müasirlərinin qənaətinə görə, Andrey Qreçko həmişə özünü haqlı sayıb, hətta bəzən səsinin tonunu qaldırmaqla qarşısındakının səsini “eşidilməz” edib. Yüksək vəzifəli dövlət məmurları, hərbi vəzifəlilər ondan çəkiniblər, imkan daxilində marşalla münasibətdən uzaq olmağa çalışıblar...

 

Milliyətcə ukraynalı olan Andrey Qreçko 1903-cü ildə Rostov vilayətinin Kuybışev rayonunda anadan olub. Frunze adına Hərbi Akademiyada və Baş qərargah yanında Hərbi Akademiyada təhsil alıb. Vətəndaş müharibəsinin iştirakçısı olub.


Sovet-alman müharibəsi başlananda Qreçko podpolkovnik rütbəsində Baş qərargahda xidmət edib. 1942-ci ildə xidmətini cəbhədə davam etdirmək üçün Baş qərargah rəhbərliyinə rəsmi müracət ünvanlayıb. Həmin ilin aprel ayından Cənub cəbhəsinə ezam olunub. 1943-cü ildə 56-cı orduya komandir təyin edilib. Rəhbərlik etdiyi hərbi əməliyyatların uğurlu keçməsi ilə Andrey Qreçko Dövlət Müdafiə Komitəsində peşəkar və bacarıqlı zabit kimi tanınıb.

 

 

Müharibədən sonra 1953-cü ilə qədər Qreçko Kiyev hərbi dairəsinin komandanı vəzifəsində xidmət edib. 1955-ci ildə Nikita Xruşovun təşəbbüsü ilə Sovet İttifaqı Marşalı rütbəsinə layiq görülüb və müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

 

Andrey Qreçkonun hərbi karyerasında Xruşovun böyük dəstəyi olsa da, marşal öz yüksəlişini öz əməyinin nəticəsi kimi qiymətləndirib və Xruşovla münasibətdə də sərt xarakterini büruzə verib, rəsmi tədbirlərdə baş katibi tənqid etməkdən çəkinməyib. Sözsüz ki, çılğınlığı ilə fərqlənən Xruşov da Qreçkonun ərköyünlüyünü cavabsız qoymayıb:

 

- Andrey Antonoviç, siz özünüzü Napoleon kimi aparmayın, axı siz Qreçkosunuz, bizim əlimizdən marşal rütbəsi alan Qreçko...

 

Andrey Qreçko daha çox Leonid İliç Brejnevlə yaxınlıq edib. Elə 1964-cü ildə Xruşovun devrilməsində Qreçko Brejnevə ilk dayaq olanlardan biri olub.

 

 

1967-ci ildə Rodion Malinovskinin vəfatından sonra heç bir müzakirə və namizəd axtarışı olmadan Andrey Qreçko müdafiə naziri təyin edilib. Qreçko Georgi Jukovdan sonra ikinci müdafiə naziri olub ki, Siyasi Büroya üzv seçilib.

 

Qreçkonun müdafiə naziri təyin edilməsi Kremldə çoxlarının ürəyincə olmayıb. Xüsusilə də onunla eyni ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilən Yuri Andropov üçün bu təyinat arzuolunmaz sayılıb. Qreçkonun təyinatı bir ukraynalı kimi Kremldə Ukrayna klanının çəkisini artırıb, ikinci tərəfdən isə Brejnevin ona verdiyi səlahiyyətlər Qreçkonu daha da amansız və sərt edib.

 

Andropov Qreçkonun nüfuzunu aşağı salmaq üçün orduda neqativ halların olmasını gündəmə gətirməyə cəhd edib, Silahlı Qüvvələrin şəxsi heyətinin ərzaq və əşya təminatında yeyinti faktları olması ilə bağlı fikirlər səsləndirib. Amma Qreçko Siyasi Büronun iclasında Andropova verdiyi bir cümləlik cavabla DTK “şef”ini birfəlik susdurub:

 

- Yoldaş Andropov, bir gün də olsun belə əsgər çəkməsi geyinməyən, bir gün də olsun belə hərbi xidmət görməyən şəxsin əsgər yeməyindən və əsgər geyimindən danışması absurd və gülüncdür.

 

 

Qreçkonun Müdafiə Nazirliyinə rəhbərliyi dövrü Andropovun dediklərindən fərqli olaraq orduda təminat və təchizatın yaxşılaşması ilə yadda qalıb. Bu rəhbərlik dövrü həm də marşalın imzaladığı bir əmrlə də tarixə düşüb. Qreçkonun müvafiq əmri ilə əvvəllər məhkumluğu olan çağırışçıları da hərbi xidmətə cəlb ediblər. Məhz bu əmrdən sonra orduda “dedovşina” ənənəsi başlanıb.

 

Qreçko ağır müharibə illərini keçsə də, çox sağlam adam olub. Hər gün iki saat idmanla məşğul olan, qidalanmasına xüsusi diqqət yetirən marşal heç vaxt səhhətindən şikayətlənməyib. Elə bəlkə də buna görədir ki, marşalın qəfil ölümü çox qalmaqallı söz-söhbətlərə, səsli-küylü şayiələrə səbəb olub.

 

 

1976-cı ilin aprelin 26-da Qreçkonun sürücüsü və mühafizəçisi həmişə olduğu kimi səhər saat 8-də marşalın bağ evində onu gözləyiblər. 45 dəqiqə keçməsinə baxmayaraq Qreçko yataq otağından çıxmayıb. Daha 30 dəqiqə keçib. Mühafizəçi evdə olanlardan xahiş edib ki, naziri yuxudan oyatsınlar. SSRİ DTK-sının 9-cu idarəsinin müdafiə nazirinə təhkim olunmuş zabiti Rodionov bu haqda öz xatirələrində yazıb:

 

“Həmin gün biz səhər 8.30-da evdən çıxmalıydıq. Nazir iclasa getməli idi. Mən onu giriş qapısında gözləyirdim. Marşal dəqiqliyi sevən adam idi. Yarım saat keçdikdən sonra narahat oldum. Evdə olanlardan nazirin nə vaxt çıxacağını soruşdum. Cavab isə belə oldu ki, o, hələ öz otağından çıxmayıb. Sonra nəvəsini onun otağına göndərdik. Qreçko hərəkətsiz vəziyyətdə öz kreslosunda qalmışdı…”

 

 

Qreçkonun qəfil ölümü Kreml dəhlizilərində pıçıltılı müzakirələrə səbəb olub. Versiyalar, şayiələr ildırım sürəti ilə yayılıb. Nazirin aradan götürülüməsində Andropovun adı da hallanıb, DTK əməkdaşları tərəfindən marşalın zəhərlənməsi ilə bağlı fikirlər səsləndirilib.

 

Bəziləri Qreçkonun ölümündə Brejnevin əlinin olduğunu düşünüblər. Onların yaxın dost olmasına baxmayaraq, son vaxtlar aralarında ciddi narazılıq yarandığını deyiblər. Belə ki, 1976-cı ildə Brejnevə 70 illik yubileyi münasibətilə marşal rütbəsinin verilməsi müzakirə olunanda Qreçko buna kəskin etirazını bildirib və bu azmış kimi o, baş katibi bu rütbə ehtirasına görə dostyana danlayıb, vicdanlı olmasını “xahiş” edib.

 

Bütün bu şayiələrin arasında Qreçkonun ailəsi onun ölüm səbəbini dəqiq müəyyənləşdirmək üçün xüsusi tibbi ekspertizanın yaradılmasını tələb edib. Ekspertlər marşalın ölümü ilə bağlı rəsmi rəy hazırlayıblar və həmin rəydə Qreçkonun ölümü heç kənar müdaxilə olmadan təbii ölüm kimi qiymətlətdirilib.

 

Beləliklə də 72 yaşlı Andrey Qreçkonun SSRİ Müdafiə Nazirliyindəki 9 illik rəhbərlik erası sona çatıb.

 

 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Andrey Qreçkonun yandırılmış nəşinin külü Kreml divrlarına yerləşdirilərək üzərinə xatirə lövhəsi vurulub./Musavat.com/

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər