MƏDƏNİYYƏT

Hit : 966

Balamirzə və böhtançı Qarakişi (ibrətamiz hekayə) – Nəriman Mahmud

Balamirzə və böhtançı Qarakişi (ibrətamiz hekayə) – Nəriman Mahmud

09:30, 15.04.2019

Yazıçı-publisist Nəriman MAHMUD

 

Kənddə hamı Səməndər kişini sakit adam kimi tanıyırdı. Ağlı kəsəndən bir dəfə də olsun əlindən pislik gəlməmişdi. Necə deyərlər, kimsənin toyuğuna “kiş” deməmiş, bostanına daş atmamışdı. Yaxın-uzaq qonşularına da pisliyi dəyməmişdi. Paxıl adam da deyildi Səməndər. Özü kasıb olsa da dost-tanışın, qohum-əqrəbanın, qonşuların uğurlarına həmişə sevinərdi. Amma təkəbbürlü, eqoist, ikiüzlü, yalançı, hamıya yuxarıdan aşağı baxan adamlardan xoşu gəlməz, haqqı nahaqqa verməzdi. Kənddə cəmi üç-dörd nəfərin xoşuna gəlməyən bir xasiyyəti də varıydı ki, hər kəsin nöqsanını, səhvini lap qırmızıca üzünə deyərdi. Kənd camaatının “müəllim” deyə çağırdığı Balamirzə də həmin o üç-dörd adamın içərisində idi.

 

Ərazi üzrə icra nümayəndəsi işləyən Balamirzə müəllim tərifdən xoşlanar, ona yaltaqlanan, yeri gəldi-gəlmədi, tərifləyən adamları qiymətləndirərdi. Səməndər kişi isə insanlığı alçaldan, dəyərdən salan belə hərəkətləri qəbul eləmir, heç kəsə boyun əymək istəmirdi. Ona görə adı Balamirzənin “qara dəftər”inə düşmüş, icra nümayəndəsi onu gözümçıxdıya salmışdı. Ha axtarırdı ki, kişini “ilişdirmək” üçün bir əlyeri tapsın, amma tapa bilmirdi. Daha doğrusu, Səməndər onun əlinə bəhanə vermirdi. Bu da Balamirzə müəllimi hirsləndirər, özündən çıxarardı. Və başlayardı öz qulbeçələrindən, yaxınlarından, yaltaq-yultaq adamlardan yararlanmağa. Həmin şərəfsizlər də 5-10 manata vicdanlarını sataraq, Səməndərə söz atar, söyüş söyər, bir sözlə, sataşardı ki, kişi dözməyib əlindən xata çıxartsın. Və bəlkə bu yolla onu tutdurub damlatdırsın. Amma Səməndər kişi çox səbirli və həm də ayıq adamıydı, əlindən xata-zad çıxarana oxşamırdı.

 

Hər dəfə Balamirzə müəllimin məkrli planları, “əməliyyatı” boşa çıxanda badımcana bənzəyən burnunun ucuna qədər xoruz pipiyi kimi qızarar, hirs-hikkəsindən at kimi fınxırardı. Nə illah eləyirdisə, Səməndəri oyuna sala bilmirdi. Tək bircə yolu qalmışdı ki, onu da “yaman günlük” üçün saxlayırdı. İndi həmin “yaman gün” gəlib çıxmış, burnunun ucuna dirənmişdi. Yalandan nədəsə suçlayaraq, böhtan atacaqdı Səməndər kişiyə...

 

Bir dəfə qonşu kəndə hay düşdü ki, bəs, Səfqulu kişinin üç-dörd həftəyə doğacağı inəyi yoxa çıxıb. Səfqulu da ta axtarmadığı yer, soraq eləmədiyi adam qalmamışdı. Axırda hər yerdən əlini üzüb gəlib oturmuşdu evdə. Elə hey fikirləşirdi. Şübhələndiyi bir kimsə də yoxuydu ki, ucundan tutub izinə düşsün, aparıb versin polisə. Odur ki, alnına yazılanlarla barışıb, ta inəyin adın da tutmadı. Amma nə qədər çalışırdı ki, hər şeyi yadından çıxarsın, bacarmırdı. Axşamçağı qonşuların mal-heyvanı örüşdən qayıdanda və öz inəyini də naxırın içərisində görməyəndə ürəyinin başına od düşürdü.

Bu minvalla inəyin itməyinin üstündən bir həftə keçdi. Həftənin tamamında kəndə yenidən xəbər yayıldı ki, bəs, Səfqulunun itən inəyini görən olub. O da xəbərin izinə düşüb gəldi Səməndər kişinin yaşadığı kəndə. Ərazi icra nümayəndəsinin qəbulunda oldu. Balamirzə müəllimlə nə danışdısa, bir həftənin qırışığı açılmış halda qayıdıb öz kəndinə getdi. İşin gerisini gözlədi. Üstündən iki gün də ötmüşdü ki, Səməndəri polisə çağırdılar. Və iş böyüdü, barəsində həbs qətimkan tədbiri seçildi. Səməndər kişi and-aman elədi ki, xəbərim də yoxdur. Axırda Qarakişi adında bir “şahid” də çağırdılar. O da gəlib aləmi qarışdırdı. Mal kimi Səməndərin üzünə durdu ki, bəs, dağdakı biçənəyimdə ot biçərkən bu kişinin, həmin qaşqa inəyi naxırdan ayırdığın, qabağına qatıb öz kəndlərinə tərəf apardığın gözlərimlə görmüşəm.

 

Düzdü, Səməndər kişi tam əmin idi ki, bu oyunu Balamirzə qurub. Qarakişi də beş-on manatın ipini salıb boğazına, onun çaldığı havaya dingildəyir. Amma sübutu-filanı yoxuydu deyə, səsini çıxarmadı. Balamirzəni də, Qarakişini də Allaha tapşırdı. – Allah özü sizin cəzanızı versin, - dedi. Bir neçə gündən sonra Səfqulunun yaşadığı kəndə təzədən xəbər yayıldı ki, bəs, onun inəyini qonşu kəndin ərazi icra nümayəndəsinin qapısından çıxan görüblər. Balamirzənin həyət qapısı açıq qalıb, ya necə olubsa, artıq hər iki kənddə nam-nişanı bəlli olan inək də eləməyib tənbəllik, həyətdən bayıra çıxıb. Elə bu vaxtı təsadüfən Balamirzənin qapısı ağzından keçən bir nəfər də inəyi görüb, dərhal Səfqulunun yaşadığı kəndə xəbər çatdırıb. Səfqulu da qaranəfəs özünü yetirib Səməndərin kəndinə. Və kəndin kənarında qərib-qərib otlayan inəyini də qabağına qataraq evə yollanıb. Səhərisi gün iş gedib çıxıb polisə, ordan da rayon prokurorluğuna.

 

Beləliklə, Balamirzənin fırıldağının üstü açılmış, onunla birgə böhtançı Qarakişi də istintaqa cəlb olunmuşdu. Amma Balamirzədən fərqli olaraq, Qarakişi polisə öz “xod”una gəlib çıxmamışdı, qolundan tutub gətirmişdilər. Onun tərtəmiz Səməndər kişini Səfqulunun inəyi ilə bir yerdə “görən” gözlərinin ikisi də tutulmuş, gün işığına birdəfəlik həsrət qalmışdı.       

     

DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

bütün xəbərlər