SOSİAL

Hit : 88

Azərbaycanın idxaldan ən asılı olduğu sahə... – Ekspert rəsmi statistikaya inanmır: “Şişirdilib”

Azərbaycanın idxaldan ən asılı olduğu sahə... – Ekspert rəsmi statistikaya inanmır: “Şişirdilib”

12:44, 24.08.2019

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 145,789 milyon ABŞ dolları dəyərində 653,228 min ton buğda idxal edib. Gömrük Komitəsinin məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 39,743 milyon ton yaxud 54,803 ton çoxdur.

 

Azərbaycana buğda idxalının artması nə ilə bağlıdır?

 

İslaminSesi bildirir ki, Modern.az- a açıqlama verən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyir ki, ölkədə taxıl istehsalı 7 faiz artsa da özünü təmin etmə baxımından ən axsayan sahədələrdən biri buğda istehsalı ilə bağlıdır.

 

“Bu il taxıl istehsalı ötən illə müqayisədə  7 faiz artıb. İlin əlamətdar hadisəsi odur ki, yerli dərmanlarımız və emal  müəssisələrimiz yerli taxılın tədarükünü böyük miqyasda  artırıb. Bu da ona əsas verir ki, ərzaq təyinatlı yerli buğdanın  yerli istehsal hesabına istifadəsi göstəricisi daha da yüksələcək. Ümumilikdə, burada  trendlərdə artımın olduğunu da qeyd edim. Məsələn, 2016-cı ildə buğda ilə özünü təminat göstəricisi 53 faiz idisə, 2018-ci ildə bu göstərici 65 faizə çatıb. Cari il ərzində bu göstəricinin daha yüksək olacağını gözləyirik.  Buğda idxaldan ən çox asılı olduğumuz sahədir. 2016-cı ildə 1,5 milyon ton, 2017-ci ildə  1,2 milyon 2018-ci ildə 1 milyon ton buğda idxal etmişik. Bu trenddən belə görünür ki, idxal rəqəmləri ildən-ilə aşağı düşüb.  Buğdanın məhsuldarlığı və keyfiyyət göstəricilərinin yüksəlməsi buna əsas səbəbdir.

 

Firdovsi Fikrətzadə bildirir ki, hazırkı göstəricilərə görə buğda idxalında artım gözlənilmir.

 

“Biz buğda ilə özünü təmin etmə baxımından 150 ölkəni təhlil etmişik.  Azərbaycan da dünya ölkələri üzrə orta göstəricidə yer alır. Yəni dünyanın yarıdan çox ölkəsində buğda ilə özünü təminat səviyyəsi 30, 40 faiz təşkil edir. Dünyada buğda ilə özünü tam təmin edən ölkələr Rusiya, Qazaxıstan,  Ukrayna, Avstraliya Argentina, Kanada, Fransa  və Ruminiya kimi ölkələrdir ki, bu ölkələrin də ərazisi taxıl nöqteyi nəzərindən əlverişlidir. Lakin Portuqaliya Hollandiya kimi ölkələrin buğda ilə özünü təmin etmə səviyyəsi az, cəmi 8-9 faizdir”.

 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə ölkəmizin özünün buğdaya olan tələbatının 20 faizini kənar ölkələr hesabına ödədiyini deyir.. Ekspertin fikrincə, rəsmi statistikadan fərqli olaraq, reallıqda buğda istehsalı azalıb.

 

“Buğda istehsalı ilə bağlı çox təəssüf olsun ki, rəqəmlər şişirdilib. Keçən il  belə bir açıqlama verildi ki, 1 il əvvələ nisbətdə daha çox, 360 min ton çox taxıl istehsal olunub. Belə artım olması bu ilki idxalın qarşısını almalı yəni onu əvəzləməli idi. Eyni zamanda taxıl istehsalı artsaydı süd, kərə yağının da istehsalı artardı. Lakin göründüyü kimi bu il buğda idxalı daha da artıb. Artıq 20 ildən çoxdur ki, eyni yerdə taxıl əkini ilə məğul olurlar. Növbəli əkin sistemi yaratmadan eyni yerdə taxıl əkilərsə, hər il həmin yerlərdən götürülən məhsulun səviyyəsi daha da aşağı düşür. Məhsulun aşağı düşməsi də birbaşa olaraq istehsal aşağı düşməsi ilə nəticələnir. İstehsalın  azalacağı təqdirdə isə idxal artması qaçınılmazdır. Baxın, dünya bazarında buğda istehsalı artıb. Əgər istehsal artıbsa, niyə də daxildə olan buğdadan istifadə olunmasın.  Eyni zamanda  istehsal artıbsa, niyə keçən il 22 qəpiyə təklif olunan buğda bu il  44 qəpiyə qədər yüksəlib? Bu səbəblərdən aydın olur ki, istehsalda artım yoxdur, əksinə azalma var”.

DİGƏR SOSİAL XƏBƏRLƏRİ

bütün xəbərlər