ÖLKƏ

Hit : 795

Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov xalqımızı təbrik etdi

11:59, 07.05.2019

Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov xalqımızı Mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik edib.

Doktor Mövsüm Səmədovun İslaminSesi redaksiyasına daxil olan təbrik müraciətində deyilir:

 

“Əziz müsəlman Azərbaycan xalqı, mehriban qardaş və bacılar! Sizləri fəzilət dolu mübarək Ramazan ayının başlanması və Allahın ziyafət və rəhmət dolu süfrəsinə yenidən yetişməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Günahların bağışlanma ayı Ramazan növbəti gəlişi ilə xalqımıza birlik, Allahın rəhmət dolu məqamlarını gətirəcək. Hər kəsə bu məqamlardan səmərəli faydalanmasını, gözəl əməlləri, nəfsinə qarşı mübarizə səyləri ilə evinə, elinə, ailəsinə bərəkət qapısının açılmasına qadir olmağını diləyirəm.

 

Ramazan ayı həqiqətən ayların ən seçilmişi və üstünüdür. Uca Allah bu ayın məxsusi mahiyyəti haqqında belə deyir:

 

”Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz”.(əl-Bəqərə, 183).

 

Ramazan ayının daha mühüm üstünlüyü haqqında isə belə buyurur:

 

”İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar”. (əl-Bəqərə, 185).

 

Hazırkı bəşəriyyət ciddi narahatlıq dövrünü yaşayır. Xüsusən İslam dünyasına, həqiqi islamsevərlərə, dinimizin bel sütunu olan Əhli-Beyt(ə.s)-a, onu sevənlərə haqsızlıqlar edilir, torpaqlarına təcavüzlər həyata keçirilir. Alimlərimizə və ruhanilərə təzyiq, təhdid siyasəti aparılır. Həmçinin, Azərbaycanın müqəddəs müsəlmçan torpaqları erməni təcavüzü altında on illərdir ki, inləyir, istismar olunur. Daxildə düşmən ovuna çıxan bəzi səlahiyyət sahibləri düşünülməmiş əməlləri ilə düşmən dəyirmanına su tökürlər, onu sevindirirlər.

 

Məhz mübarək Ramazan ayının ən böyük təsir gücü də hər kəsə iman dərəcəsini artırmağı, haqqı batildən ayırd etməyi təlqin edir, xalqı bir yumruq altında birləşməyə, bununla da ümumi düşmənə qalib gəlməyə səsləyir. Arzu edirəm ki, bu əziz günlərdə Allah hər kəsə günah əməllərdən çəkinmək iradəsi bəxş etsin, Allahın bu ziyafət süfrəsinə sığınanların günahlarını bağışlasın, haqqı pozulanların haqqını özünə qaytarsın.”

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər