SOSİAL

Hit : 213

“Azərbaycan elmi bostana oxşayır…” – “İki peraşki, bir vafliyə elmi rəy yazanlar var”

“Azərbaycan elmi bostana oxşayır…” – “İki peraşki, bir vafliyə elmi rəy yazanlar var”

15:04, 01.08.2019

Bir zamanlar siyasət meydanının məşhur isimlərindən biri olmuş, uzun illər Mərkəzi Seçki Komissiyasının üzvü olan, MSK-nın seçkilərlə bağlı yekun protokolunu imzalamayan və 2006-cı ildən sonra ictimai-siyasi proseslərdən çəkilən Ənvər Əliyevlə müsahibəni İslaminsesi-nin oxucularına təqdim edirik:

- Ənvər müəllim, 2006-cı ildə Mərkəzi Seçki Komissiyası üzvlüyündən azad edildikdən sonra bir ara fəal mövqe nümayiş etdirsəniz də, hazırda siyasi mühitdə adınıza rast gəlinmir. Niyə siyasi meydandan getmək qərarını verməli oldunuz?
– Əslində mən siyasi partiya üzvü deyildim. MSK-da olduğum üçün partiyadan çıxmışdım. İkincisi, sizə səmimi deyim ki, istintaq zamanı mənə çox şeylər aydın oldu. İstintaq dövründə gördüm ki, bayırda deyilən fikirlərlə istintaqda deyilənlər heç bir halda üst-üstə düşmür. Çöldə bağıranlar içəriyə girən kimi istintaqa dedi ki, eyforiyaya qapılmışam. İmperiya deyənlər istintaqda müstəntiqlərin qarşısında başqa görkəm aldılar, hamısı dedi ki, bütün işləri Ənvər edib, bizim heç nədən xəbərimiz yoxdur. Ancaq bayıra çıxanda gördüm ki, bu adamlar tərsinə danışır və deyirlər ki, hər şeyi biz etmişik. Belə riyakar bir mühitdə mən nəfəs ala bilmirəm.
Əslində heç bilmədim ki, məni niyə MSK-dan çıxardılar, hansı günahım vardı və s. Bilirsən, mühit bəzi insanların əxlaqı kimidir. Xoşu gəlməyən, iyrənc, çirkin şeyləri görəndən sonra adamda ikrah hissi yaranır ki, bunların niyyəti tam başqadır. 90 faizi vəzifə ovçularıdır. MSK-da olanda da gördüm ki, bəzi siyasətçilər elə ancaq “Mən” düşüncəsindədir. Yeri gələndə “partiya yoldaşlarım da cəhənnəmə, gör mənə nə edirsən” fikirləşənlər oldu. Odur ki, bu mühit mənə görə deyil. Əslində mən indi MSK-da fəaliyyət göstərdiyim və partiya üzvü olduğum dövrdən də artıq mübarizə aparıram. Azərbaycan elmini eybəcərləşdirən, zibilliyə atanlara qarşı mübarizə aparıram. Torpaqsız yaşamaq olar, amma elmsiz millət yaşaya bilməz.

 

- Deyirsiniz ki, istintaqda bir cür danışıb, meydanlarda başqa cür danışanları gördünüz. Söhbət hansı istintaqdan gedir?
– Əslində onda siyasətçilər yox idi. Mən 1988-1989-cu illərdən danışıram. Biz – bir qrup 1986-cı ildə akademiyanın yataqxanasında ev almaq üçün vuruşmuşuq. Bunu SSRİ-dən çıxmaq naminə istəmişik, gecə-gündüz yazmışıq. İki ildən sonra isə atamızın pulu ilə ev almışıq. 1988-ci ildə proseslər başlayanda ona qoşulmuşuq. Sonra istintaq oldu, məndə boynuma aldım ki, bütün işləri mən etmişəm. İçəri girəndə də hamısı dedi ki, bu işləri Ənvər edib. Bayıra çıxdıqda isə dedilər ki, bu işləri biz etmişik, Ənvər Əliyev isə hökumətin adamı olub. Təsəvvür edin ki, 13 dəfə Vəzirovla görüşdüyünü deyənlər oldu xalqın adamı, gecə-gündüz hökumətlə vuruşan biz isə olduq hökumətin adamı. O zaman mənim heç Bakıya qeydiyyatım yox idi, 37 yaşım vardı, evim yox idi. Pribaltikadan olan müstəntiq deyirdi ki, bu qədər problemlərlə belə işlə məşğul olursunuzsa möhkəm xalqsınız. Yüzdən çox insan əleyhimə ifadə vermişdi və indi əksəriyyəti dövlət adamıdır. Hələ orada müstəntiqlər mənə deyirdi ki, sən heç vaxt bu ölkədə yaxşı gün görməyəcəksən, rahat olmayacaqsan. Çünki istintaqa kömək etmirsən. Sonda da istədilər məni narkoman etsinlər, amma gördülər ki, nə siqaret çəkirəm, nə də araq içirəm. Odur ki, aparıb saldılar dəlixanaya. Ağabəy Sultanov da dedi ki, sənə elə sənəd verərəm ki, ömür boyu bir işlə məşğul ola bilmərsən.

 

- Uzun illərdir ki, aktiv siyasətdə yoxsunuz. Kənardan Azərbaycan siyasəti, onun müxalifət və iqtidar tərəfləri necə görünür?
– Bəli, aktiv siyasətlə məşğul deyiləm, amma siyasətin detalları və konturları mənə bəllidir. Azərbaycanda siyasi atmosfer elədir ki, hamının kartı açılıb. Müxalifətin, iqtidarın, “mənəm-mənəm” deyənlərin. “Mənəm-mənəm” deyənlər sən demə hamısı yalan imiş, vəzifə yolçuları imiş. Bilirsinizmi, dünyanın nizam tərəzisində Azərbaycan heç molekul da deyil. Siyasi səhnədə ağırlıqlar var, amma Azərbaycan nə edə bilər? Dünya böyük dövlətlərin diktəsi ilə fırlanır.

 

- İndi konkret olaraq harada işləyirsiniz?
– Mənim indiyə qədər cəmi bir iş yerim olub: AMEA-nın Coğrafiya İnstitutu. Mən Coğrafiya İnstitutunda Ekoloji-coğrafiya şöbəsinin müdiriyəm. Burada özünəməxsus qayəm, mövqeyim var. MSK-da hansı mövqedə idimsə, burada da eyni mövqedəyəm. İmkan vermək olmaz ki, elm korlansın, təsadüfi adamlar elmə gəlsin. Amma təəssüflər olsun ki, AMEA-da mənə deyirlər ki, hamı düzəldi, amma siz əvvəlki ampluanızda qalırsınız. Guya mən köhnə düşüncədə qalmışam. Bunun da adı nədir, bilmirəm. Əvvəlki mövqeyimdən iynənin ucu qədər də olsun dönməmişəm. Əvvəl siyasi mübarizə idi, indi elmi mübarizədir. Fərqi yoxdur. Əgər insanın mənliyi, əqidəsi, hüceyrəsinə qədər dürüstdürsə, özünü harada olmasından asılı olmayaraq göstərəcək.

 

- MSK-da seçki saxtakarlığına qarşı mübarizə aparırdınız, elmdə konkret nəyə qarşı mübarizə aparırsınız?
– MSK-nın atasına rəhmət. Elmi saxtakarlar bu saat çoxdur. İki peraşki, bir vafliyə rəy yazanlar var. Müqavimət göstərib deyəndə ki, belə olmaz, məlum olur ki, səhvsən. Burada artıq millətin gələcəyindən danışmaq olmaz. Hər bir millətin gələcəyi təhsil və elmdən asılıdır. Vətəni və torpağı olmayan millətlər var və bu zilləti yüz illər yaşayıb. Amma təhsil və elmləri ilə elə vətən qurublar var ki, indi dünyanı idarə edirlər. Torpaq hissi, vətən hissi olmalıdır, amma bu hissin arxasınca sənin düşüncən, qüdrətli elmin, bunun qədrini bilən vətəndaşın olmalıdır ki, qüdrətli düşüncə ilə tarixə getsin, bu torpaqları böyütsün. İndi dünyanın nizam tərəzisi dəyişib.

 

- Belə fikirlər var ki, siz akademik Həsən Əliyevin aspirantı olmusunuz və buna görə də MSK-dakı sərt mövqeyinizə rəğmən sizə elmdə yaşıl işıq yandırılıb…
– Qardaş, mənim yaşıl işığım andıra qalsın, nə yaşıl işıq? Mən zülmün içindəyəm. İclaslardan sonradan iş yoldaşlarım, çox mədəni xanımlar ağlayırlar ki, Ənvər müəllim, sizin ürəyiniz partlayacaq. Mənim hansı yaşıl işığım var? Həsən Əliyev yazıq nə gün gördü ? Otağı dağıldı, Fəxri Xiyabana güclə düşdü. Həsən müəllimin o dövrdə hansı günü vardı ki, mənə də gün ağlaya? Amma Həsən Əliyev çox böyük alimdir və bunu birmənalı hər kəs qəbul edir. Bilirsinizmi, mən 6 ay SSRİ-nin ən yırtıcı təşkilatı olan KQB-nin izolyasiyasında olmuşam. Axırda da məni dəlixanaya atıblar. İndi o günlərdən də ağır vəziyyət yaşayıram. Bunu da sizə tam səmimi deyirəm. Ətrafımdakı insanların mənə yazığı gəlir, deyirlər ki, ürəyin partlayacaq. Cavan vaxtı etmədiyim işlərə görə, indi 70 yaşımda böhtan atırlar. Kişi və qadın olmasından asılı olmayaraq, mənim üzümə durmağa hazır olanlar belə var. Hələ demirəm ki, danışdığımı ora-bura çatdıranların içərisində ənam alanların sayı-hesabı yoxdur.

 

- Onlarla məmur, deputatları göstərmək olar ki, alimlik dərəcəsi alıb. Düzdür, onlar daha çox siyasi elmlər üzrə elmi dərəcələr alırlar və sizin sahənizə maraq göstərmilər. Hər halda, bu reallığa münasibətiniz necədir?
– Narahat olmayın, bütün sahələrdə var belələri. Özləri olmasa da, qohumları, qonşuları var. Bu dəqiqə Azərbaycan elmi bostana oxşayır. Kənardakı şəxslərin hamısı müdafiə edir, alim, akademik olur. Amma akademiyada 40-50 il can qoyan, gecə-gündüz təhqiqatla məşğul olanlar yaxşı ki, rusun dövründə namizədlik diplomu alıblar. Və bu gün həmin diplomun hesabına yaşayırlar.

 

- Son 10 ildən çoxdur ki, mütəmadi şəkildə elmlə məşğulsunuz. Arzuladğınız elmi dərəcəyə çata bilmisinizmi?
– Azərbaycanda məqalə çap etdirə bilmirəm. Məqalə yazıram, sonra məlum olur ki, monoqrafiyada çıxmayıb. Bəzən məqaləm yolda maşından “düşüb” qalır və s. Əslində qanunla məqaləmə rəy verilməlidir ki, yararsızdır. Amma rəy yoxdur. Sonradan aparıb verirlər rəy almağa və görürlər ki, məqaləmə ciddi rəy yazılıb. Açığı, məqalələrimi od qiymətinə orada-burada çap etdirirəm. Onların da çoxu fırıldaqçı olur. Bir sözlə, mənim üçün çətindir. İnsan hamının eybəcərliklə düşündüyü cəmiyyətdə həqiqətdən danışırsa onun adı ən yaxşı halda dəli ola bilər.

 

- Gələcəklə bağlı hansı planlarınız var?
– Mən elmlə məşğul oluram. Bu saat dünyanın palitrası elə eybəcər hal alıb ki, milyonlar heç nə edə bilmir. Bizim gördüyümüz dünyadan əsər-əlamət qalmadı. Demokratiya deyən ölkələrin, demokratiyanın beşiyi olan Amerikanın dişindən müsəlman qanı axır. Biz nə edək? Dünya dəyişilib. Bundan sonra elmlə məşğul olmaq, keçmişdə baş verənləri yazmaq niyyətim var. Bəzən mənə deyirlər ki, sizin səviyyənizdə olan adamlar elmlər doktoru, professor, akademikdir. Sən nə gözləyirsən? Nə bilim, biri doğruları deyirsə, onun vəziyyəti yaxşı olmur. Mən bundan sonra heç kimin təhriki, tapşırığı ilə nə rəy yazanam, nə də elmə xəyanət edənəm. Odur ki, çətinlik içərisində yaşaya-yaşaya görək son necə olacaq.

/AzPolitika.info/

DİGƏR SOSİAL XƏBƏRLƏRİ

bütün xəbərlər