SİYASƏT

Hit : 1188

Avropa İttifaqı Vaşinqtona qarşı - Ağ Evin “qara” siyasəti onu müttəfiqləri ilə üz-üzə qoyub

Avropa İttifaqı Vaşinqtona qarşı - Ağ Evin “qara” siyasəti onu müttəfiqləri ilə üz-üzə qoyub

10:57, 07.05.2019

Məhəmməd Əsədullazadə: “Birləşmiş Ştatların İrana qarşı sanksiyalarını genişləndirməsi, xüsusilə neft satışına tətbiq etdiyi sanksiyalar regionda gərginliyi artırmaqla yanaşı, ABŞ-Avropa ziddiyyətlərini də gücləndirir”

 

Rəsmi Vaşinqtonun İrana qarşı sanksiyaları bərpa etməsinin ağır nəticələri dünya müstəvisində özünü getdikcə daha çox büruzə verməkdədir. Bir sıra böyük dövlətlər, o cümlədən Avropa İttifaqı ölkələri çətin vəziyyətlə üz-üzə qalıblar. Belə ki, ABŞ-ın avqustun 6-da İranın nüvə proqramına dair beynəlxalq sazişdən – Hərtərəfli Birgə Fəaliyyət Planından (HBFP) çıxması ilə əlaqədar Tehrana qarşı sanksiyaları bərpa etməsi beynəlxalq birlik üçün ciddi çətinliklər ortaya  çıxarıb. Bu addım demək olar ki, bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməkdədir. İlk növbədə Avropa İttifaqı, Yaxın Şərq, Rusiya və Çinin iqtisadiyyatı üçün yeni və mürəkkəb şərait meydana gəlib.

 

Hazırda dünya iqtisadi sistemi bu səbəbdən yeni böhranlara sürüklənməkdədir. Burada prezident Trampın başlıca məqsədinin İranın neft gəlirlərini sıfıra endirməkdən ibarət olduğunu yaxşı başa düşən ölkələr artıq ABŞ-a qarşı etiraz səslərini ucaltmağa başlayıblar. Artıq Avropa öz mövqeyini ortaya qoyub. Belə ki, Avropa İttifaqı, Fransa, Almaniya və İngiltərə ABŞ-ın İrana neft ixracı ilə bağlı tətbiq etdiyi sanksiyalara qarşı çıxaraq, İrandan güzəştli şərtlərlə neft alan ölkələrə imkan tanınmaması və İranın mülki nüvə fəaliyyətinə qarşı yönəlmiş sanksiyalarla bağlı ortaq qərarlarını da açıqlayıblar. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqherini, Fransanın Xarici işlər naziri Yean-Yves Le Drian, Almaniyanın Xarici işlər naziri Heyko Maas və İngiltərənin Xarici işlər naziri Ceremi Hantın də imzaladığı  sənəddə ABŞ-ın sanksiyalarının təşviş və narahatlıq  yaratdığı ifadə edilib. Açıqlamada həmçinin, nüvə sahəsindəki sanksiyaların ləğv edilməsinin İranla razılaşmada əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Bu razılaşmanın Yaxın Şərqdə sabitliyi və təhülkəsizliyi artırdığı da qeyd edilib. Ortaq açıqlamada vurğulanıb ki, nüvə razılaşması tərəfdarı olan ölkələr İranla maliyyə və ticarət münasibətlərini davam etdirmək istəyir.

 

Bəs Avropa ölkələrinin, xüsusilə bu məkanın Fransa, Almaniya və İngiltərə kimi aparıcı dövlətlərinin İrana tətbiq olunan sanksiyalara görə Vaşinqtona qarşı çıxması ABŞ üçün nə deməkdir? Narazılıqlar genişlənə və ciddiləşərsə Ağ Ev xarici siyasətini dəyişə bilərmi?

 

"İslamınSəsi" saytının suallarını cavablandıran politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ-ın İrana qarşı sanksiyalarını genişləndirməsi, xüsusilə neft satışına tətbiq etdiyi sanksiyalar regionda gərginliyi artırmaqla yanaşı, ABŞ-Avropa ziddiyyətlərini də gücləndirir: "Avropa İttifaqı ölkələri İranla nüvə sazişinə sadiq qalacaqlarını və iqtisadi əlaqələrini davam etdirəcəklərini qeyd ediblər. İqtisadi-maliyyə əməliyyatlarını həyata keşirmək üçün maliyyə mexanizmi yaradıblar. Bu o deməkdir ki, İranla əməkdaşlıq davam edəcək. ABŞ Avropa İttifaqının bu siyasətinə qarşı gömrük rüsumlarını artıra bilər. Həmçinin, söz yox ki, ayrı-ayrılıqda Avropa ölkələri ilə də danışıqlar aparacaq”.

Politoloq hesab etdiyini bildirdi ki, İran sərt tədbirlərə əl atarsa və nüvə sazişindən çıxarsa Avropa ABŞ-a dəstək verə bilər: “Hazırda Avropa İranla əməkdaşlıq etsə də bu iqtisadi inkişaf üçün yetərli deyil. Belə ki, İttifaq dövlətlərinin İranla əməkdaşlıq edən şirkətlərinə ABŞ tərəfindən sanksiyalar tətbiq edilir. Zənnimcə, ABŞ İranla bağlı siysətinə dəyişiklik etməyəcək və Avropaya da müxtəlif yollarla təzyiqini artıracaq. Bu isə öz növbəsində mövcud ziddiyyətləri daha da dərinləşdirəcək".

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər