MÖVQE

Hit : 37

AİP sədr əvəzi Hacı İlham Əliyev niyə həbs olundu? - Akif Heydərli yazır

AİP sədr əvəzi Hacı İlham Əliyev niyə həbs olundu? - Akif Heydərli yazır

12:04, 13.05.2020

Dəyərli insanların, İslam əqidəsinə bağlı din alimlərinin cəmiyyətin saflaşması, mənəvi dəyərlərimizin qorunması, Vətənimizin və xalqımızın aydın gələcəyi üçün görə biləcəkləri işlərə məhdudiyyətlərin deyil, əslində yaşıl işıq yandırmağın zamanıdır.

Bəs AİP sədr əvəzi Hacı İlham Əliyev niyə həbs olundu? Bu sual mənə demək olar ki, hər gün müxtəlif insanlar tərəfindən ünvanlanır, məndən inandırıcı cavab almaq istənilir. Əslində, hər kəs analitik düşüncə yürüdərək Azərbaycanın beynəlxalq aləmdə ictimai-siyasi mövqeyini, iqtisadi bağlılığını, hakimiyyətin və eləcə də real müxalif qüvvələrin götürdüyü ideoloji xətti xarakterizə edə bilsə özü üçün bu suala optimal cavab tapa bilər. Mən isə ötən tarixə kiçicik ekskursiya etmək istərdim. 

 

Postsovet məkanına daxil olan Azərbaycan müstəqilliyinin ilk addımlarında qərbə inteqrasiya məqsədilə söz olaraq demokratik inkişaf xəttini qəbul etdi. Elçibəy hakimiyyəti ölkənin yerüstü, yeraltı sərvətlərinin transfer istiqamətini Rusiyadan və digər qonşu dövlətlərdən uzaqlaşdırmaq üçün Qərbə, Amerikaya üz tutdu. Təəssüf ki, hakimiyyət növbəsində dayananlar sələflərinin aqibətini görüb dayanıqlığı möhkəmləndirməkdən ötrü ölkəyə təcili valyuta axınına nail olmaq baxımından bu xəttdən yan keçə bilmədilər. Bu isə respublikanın iqtisadi inkişafına müsbət dinamik təsir göstərsə də ölkə olaraq həmin qütblər qarşısında özü ilə müəyyən öhdəliklər daşımağa başladı. Yaxın qonşu dövlətlərlə münasibətdə, daxili və xarici siyasətdə bəzən zərərli amillər xeyirli tərəfləri üstələdi.


Qarabağ probleminin yaranma və uzanması, milli strategiyanın konkret hədəfsizliyi, milli-mənəvi, dini dəyərlərin gələcək nəsillər üçün böyük fəsadlar verəcək məcraya salınması sözsüz ki, xalqımız üçün arzuolunmazdır. Baxmayaraq ki, ən son dövrlərdə sadaladığım ciddi elementlərə bəzi müsbət korrektələr edilməkdədir. Çünki regionda nüfüz itirmək, etimadsızlıq xalqımız üçün daha ağır və sürətli tənəzzül aspektləri vəd edir. Amma təəssüflər olsun ki, bu gün hakimiyyət-cəmiyyət arasında yenə dərin, narahatedici ziddiyyətli faktorlar qalmaqdadır. Yenə kimlərsə, mən deyərdim, daha çox cəmiyyətimizin qiymətli mənəvi daşıyıcıları Qərbin, imperialist dairələrin istəklərinin qurbanına çevrilir. Həm də bu qurbanlar yuxarıda qeyd etdiyim kimi, Qərb, Amerika qarşısında hakimiyyətlə müxalifətin nüfuz yarışında baş verir.


Məlum olduğu kimi, 8 oktyabr 2019-cu il tarixdə Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piketi keçirildi. Piketi, mən deyərdim təsadüfən islamçılardan olan bir hörmətli siyasətçi idarə etdi. Və ardınca vaxt ötürmədən hakimiyyətyönlü media bu nüansı manşetə çıxararaq həmin qüvvələri dəstəkləyən qütblərə “baxın, görün” işarəsini verdi. Bu zaman nə baş verdi? Amerikada səfərdə olan (indi artıq məskən salan) Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan mətbuatı tərəfindən Qərbə işarələnmiş İslamçılıq yaddaşını silmək üçün məcbur olub qeyri-real və qeyri-obyektiv, yersiz arqumentlər işlətməklə Amerikadan “Azərbaycan saatı” adı altında “YouTube” sosial şəbəkəsində yayımlanan çıxışında Azərbaycan İslam Partiyasını hakimiyyət orqanları ilə bağlamağa cəhd göstərdi. Məlumdur ki, top indi hakimiyyət tərəfdə idi. Cəmin Həsənlinin çıxışından sonra bir qədər ara verilməli və cavab tədbirini gündəmə gətirməli idi. Bizə o da məlumdur ki, hakimiyyətin təkzib faktı üçün imkanları daha genişdir. Günahsız insanların təhdid və təqib edilməsi, həbsi sıradan olan adi hallardir. Amma həm də inandırıcı olsun deyə hədəfə sıradan birisi deyil, sözsüz ki, effektli nəticə üçün lider, hərəkat rəhbəri, partiya sədri seçilməlidir. Məhz İslam alimi, AİP sədr əvəzi, regionda tanınan Hacı İlham Əliyevin saxlanması və həbsi hakimiyyətin İslamçılarla yaxın olmadığını sübut edən ən optimal variant olaraq seçildi.


Bu gün yaşadığımız dünyanı idarə olunmayan və nəzarətdən kənar qorxulu kabuslar təhdid edir. Bunun ədalətsizliyin, haqsızlığın, insan talelərinə biganə, rəhmsiz münasbətlərin nəticəsi olmadığını heç kəs deyə bilməz. Düşünürəm ki, dəyərli insanların, İslam əqidəsinə bağlı din alimlərinin cəmiyyətin saflaşması, mənəvi dəyərlərimizin qorunması, Vətənimizin və xalqımızın aydın gələcəyi üçün görə biləcəkləri işlərə məhdudiyyətlər deyil, əslində yaşıl işıq yandırmağın zamanıdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan İslam Partiyası İslam əqidəsinə, məfkurəsinə və çox qiymətli dəyərlərinə bağlı siyasi qurum olaraq gündəlik fəaliyyətində ölkəmizin ictimai-siyasi proseslərinə, hakimiyyətin yürütdüyü daxili və xarici siyasətə həmişə konstruktiv mövqedən yanaşır, nöqsanları sağlam düşüncə ilə dilə gətirir. Və eyni zamanda partiyaya rəhbərlik edən Hacı İlham Əliyev də fəaliyyətində heç zaman radikallığın, qanunsuzluğun tərəfdarı olmamış, Vətəni, torpağı sevməyi insanların əqidə borcu hesab edərək bunu təlqin etmişdir. Ümid edirəm ki, bütün bunlar nəzərə alınaraq ruhani alımlərin təqib və həbsləri yad qüvvələrin siyasi-strateji maraqlarından asılı olmayaraq təkrarlanmayacaq, o cümlədən AİP sədr əvəzi Hacı İlham Əliyev tezliklə azadlığa qovuşacaq.

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər